İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaya bəla olan dəmdəməki lider – Onun bir gün sonra nə edəcəyi bəlli deyil

Donald Trampın dəmdəməki, tez-tez fikir dəyişdirən, ipinin üstünə odun yığılması mümkün olmayan, bir gün elə, bir gün belə adam olduğu haqqında hələ keçən il bu vaxtlardan yazırdıq.

Bu, göydə görünən günəş qədər bəlliydi. Adamın açıqlamalarını, hərəkətlərini izləyəndə belə bir nəticəyə asanca gəlmək olurdu.

Ona da əmin idik (və bu, bizim yanlışımız oldu) ki, ABŞ xalqı belə bir qeyri-stabil adamı özünə rəhbər seçməz.

Ancaq elə olmadı, ABŞ seçiciləri hakmiyyət eşqi ilə yanan respublikaçıların ciddi-cəhdlə dəstəklədikləri Trampı ölkə prezidenti seçdi.

Burada respublikaçıların da böyük məsuliyyəti var. Bu partiyada başda Florida qubernatoru Ronald DeSantis olmaqla azı 5 namizəd var ki, onlar Trampdan daha stabil, tədbirli, təmkinli, dövlət ərkanı bilən, üstəlik, daha gənc və ağıllı şəxslərdirlər.

Tramp öz hay-küyçülüyü, ekstravaqantlığı, milyardları və milyarder dostlarının dəstəyi ilə onların hamısına, eləcə də ABŞ demokratlarına qalib gəldi.

Prezidentin birbaşa seçilmədiyi, seçilmiş superseçici təmsilçilərin iradəsi ilə dövlət rəhbərinin müəyyənləşdirildiyi, bununla da guya ki, təsadüfi adamın ABŞ prezidenti postuna əyləşməsinin qarşısının alındığı ölkədə məhz iki əsr boyunca qorxulan durum yarandı. Seçilmiş təmsilçilər hakimiyyətə Tramp kimi təsadüfi siyasətçinin gəlməsinə mane olmadılar.

Budur, 4 ay 10 gündür ABŞ xalqı, eləcə də dünya birliyi bu adamın hər gün çıxardığı hoqqalara, verdiyi “konsert”lərə tamaşa edir – heyrətlə, əndişə ilə, qorxa-qorxa.

Bu ilin 20 yanvarından bu günə qədər Trampın verdiyi saçma-sapan qərarların, bəyanatların, etdiyi hərəkətlərin hamısnı bir-bir sadalasaq, 10 belə yazıya sığışmaz. Zatən, gündəlik mətbuatı izləyənlər bunların hamısnı olmasa da, ən mühümlərini bilirlər.

Ən önəmlisi odur ki, Trampın o cür qərar və sərəncamlarının bəziləri nəinki dünyada, hətta öz ölkəsində də ciddi müqavimətlə üzləşir. Çünki ağlasığmaz şeylərdir.

Məsələn, Trampın Harvard universitetinə təzyiqi ABŞ tarixinin ən rüsvayçı olaylarından biridir və Trampın tarixdəki rolu təkcə bu hərəkəti ilə mənfi planda səciyyələndiriləcək.

Bir yandan büdcə xərclərini azaltmaq üçün dövlət proqramlarını ləğv edən, məmurların kütləvi ixtisar edilməsi barədə göstəriş verən Tramp o biri yandan büdcə xərclərini artıran layihələr hazırladır; sülhdən danışır, hərbi büdcəni heç vaxt olmadığı qədər artırır; Pentaqonun israfçılığa yol verdiyini bəyan edir, Pentaqona xərcləməsi üçün trilyon dollardan artıq büdcə ayırır; ölkələrin daxili işlərinə qarışmağı yolverilməz elan edir, ayrı-ayrı ölkələrdən böyük güzəştlər istəyir, verməyəcəkləri təqdirdə hərbi-siyasi-iqtisadi təzyiqlə hədələyir və s.

Onun Rusiya ilə bağlı yeritdiyi siyasətin tam bir fiasko olduğunu bir neçə dəfə yazmışıq. Adam bu istiiqamətdə üst-başını batıra-batıra gedir: indi də Rusiyaya qarşı sərt davranmaqdan danışır.

Bəs onun dünənə qədər tənqid etdiyi Bayden administrasiyası nə edirdi? Bayden heç olmasa, nala-mıxa vurmadan Kremlə qarşı prinsipial mövqedəydi, ona ümid vermir, Ukraynaya təzyiq etmir, ruhdan düşməkdə olan Putin rejimini dirçəltmirdi. Tramp isə öz nəticəsi hesablanmamış hərəkətləri, bəyanatları ilə Rusiyanı müharibəni davam etdirməyin daha optimal yol olduğu qənaətinə gətirdi. İndi Ukrayna tərəfi özünü arbitrdən qırmızı kart almış futbol komandası kimi hiss edir, Rusiya isə rəqibin azlıqda qalmasını düşünərək təşəbbüsü ələ almaq, psixoloji üstünlükdən yararlanmaq istəyir. Bu psixoloji savaş triumfunu ruslara Tramp bəxş etdi.

Onun demokratiya-diktatura xüsusunda açıqlamaları bir çox ölkələrdə bəlli səbəbdən məmnunluqla qarşılanır. Çünki Tramp onlara ABŞ Dövlət Departamentinin hazırladığı illik hesabatlarla (azadlıq əmsalı, insan haqlarına riayət, azad seçkilər və s.) təzyiq etməyəcək, hətta onları tənqid edən media qurumlarını da bağlayır. Ancaq yenə də bu adamın tez-tez fikir dəyişdirdiyi xüsusiyyətini gözardı etmək olmaz.

Tramp öz ölkəsindəki demokratik institutları dağıtsa və ya tam şəkildə özünə tabe etsə, o zaman onun əlinin üstündə əl olmayacaq və o, istənilən ölkənin daxili işlərinə qarışacaq, o yana da keçəcək. Tramp elə bir adamdır ki, hansısa ölkənin dikatoruna və ya avtoritar rejim sahibinə “səndən xoşum gəlmir, istefa ver, ölkəni mənim dostum olan diktator idarə etsin” deyə bilər. Yəni, o, bir ölkədə demokratiya davası etməyə bilər, amma hakim klanın hansı olmasını müəyyənləşdirər.

Budur, dünənə qədər Türkiyədə Trampdan məmnun idilər, bu gün məlum olur ki, Rusiyaya tətbiq edilməsi gözlənilən yeni sanksiyaların ikinci ağır zərbəsi məhz Türkiyəyə dəyəcək. Bu dövlət karbohidrogen ehtiyatlarını baha qiymətə almalı olacaq və hər gün qiymətlərin artdığı, lirənin ucuzlaşdığı ölkədə iqtisadi xaos başlayacaq.

Bir sözlə, bu adam dünya üçün bəladır və ona münasibətdə “mənə dəyməyən qurd min yaşasın” mövqeyi tutmaq düzgün deyil. Tramp elə bir qurddur ki, əvvəl-axır hamını dalayacaq.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR