İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Putin görüşü Qərb mediasının hədəfində

Azərbaycan heç kimin maraqlarının alətinə çevrilmir; müəyyən dövlətlər Azərbaycan nefti ilə rəqabət şəraitində mənfi rəy yaratmağa çalışırlar

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşə dünya mediası xüsusi həssaslıqla yanaşır. Lakin bu görüşün əhəmiyyətini vurğulayanlarla yanaşı, onun mahiyyətini başqa yerə yozanlar, qaralayanlar da var.

“Neft Putini Əliyevə boyun əyməyə məcbur etdi”. Bu iddia ilə siyasi elmlər namizədi, Mərkəzi və Şərqi Avropa üzrə ekspert, bir sıra media orqanlarında köşə yazarı olan İvan Preobrajenski Almaniyanın “Deutsche Welle” (DW) saytında çıxış edib.

Preobrajenski yazısında bildirir ki, “sonuncu dəfə Putin Azərbaycanda ötən il olub və Əliyevlə neft-qazın sanksiyalardan gizli ixracı barədə danışıqlar aparıb. "DW"nin bu məqaləsindən görünür ki, Qərb mediası Putinin bu dəfə də Əliyevə yaxınlaşmasını Rusiya neft və qazının sanksiyalardan kənar ixracı üzrə əməkdaşlıq istəyi ilə bağlayır. Bu adam elə qələmə verib ki, guya Azərbaycan Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. Halbuki bunun absurd olduğunu onun özü də bilir.

Bəhruz Quliyev: Azərbaycan xalqı öz Ali Baş Komandanına, Ordusuna güvənir -  AZƏRTAC

 Bəhruz Quliyev 

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Deutsche Welle” kimi Qərb mediasının bəzi dairələri uzun illərdir ki, Azərbaycan-Rusiya münasibətlərini dəyərləndirərkən reallığı bilərəkdən təhrif etməyə, faktları siyasi məqsədlərə uyğun şəkildə yozmağa vərdiş ediblər. O vurğuladı ki, İvan Preobrajenskinin “Neft Putini Əliyevə boyun əyməyə məcbur etdi” başlıqlı yazısı da bu tendensiyanın növbəti nümunəsidir: “Halbuki bu gün Putin Əliyevə boyun əymir. Sadəcə, ortada milli maraqlara əsaslanan, qarşılıqlı hörmət və real siyasət prinsiplərinə söykənən münasibətlər var. Prezident İlham Əliyev hər zaman Azərbaycanın xarici siyasətini bir xətt üzrə aparıb: milli maraqlar, balanslı münasibətlər və müstəqil qərarlar. Bu, Azərbaycanın həm Qərblə, həm də Şərqlə dialoq qura bilməsinin əsas səbəbidir. Bu siyasətin uğuru ondadır ki, Azərbaycan heç kimin maraqlarının alətinə çevrilmir, öz maraqlarını diqtə edə bilir. Azərbaycanın enerji siyasəti də şəffaf və beynəlxalq hüquqa əsaslanır. Bakı neft və qaz tədarükünü heç vaxt "sanksiyalardan yayınma" vasitəsinə çevirməyib. Əksinə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə real töhfə verən, etibarlı tərəfdaş rolunda çıxış edib. Qərb mediasının bu cür yazılarla məqsədi aydındır ki, Azərbaycanın müstəqil siyasət xəttini “şübhə altına almaq”, onu hansısa qlobal oyunların tərkib hissəsi kimi göstərmək. Amma illərin təcrübəsi göstərir ki, bu cəhdlər hər dəfə iflasa uğrayır, çünki faktlar, reallıq və nəticələr İlham Əliyevin diplomatiyasının uğurunu təsdiqləyir. Prezident Əliyevin siyasəti nə Moskvanın kölgəsində qalmaq, nə də Qərbin diktəsi ilə hərəkət etməkdir. Hesab edirəm ki, bu siyasət tam müstəqil, milli maraqlara söykənən bir xətdir. Bu, bugünkü beynəlxalq siyasətdə nadir nümunədir və məhz buna görə Azərbaycan regionda sülh, sabitlik, dialoq və əməkdaşlıq mərkəzinə çevrilib", - deyə ekspert bildirib.

B.Quliyev qeyd edib ki, nə Putin boyun dəyməyib, nə də Əliyev diktə etməyib, sadəcə, hər iki lider dövlət maraqlarının kəsişdiyi nöqtədə rasional dialoq qurub: “Bu, İlham Əliyevin diplomatiyasının mahiyyətidir - ucuz populizm, təzyiqlərə boyun əyməmək, sadəcə, milli maraqları üstün tutmaq”, - deyə o əlavə edib.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi | Modern.az

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərindən öz məqsədləri üçün istifadə etmək istəyən qüvvələr var. Onun sözlərinə görə, bəzi qüvvələr Azərbaycan-Rusiya münasibətlərinin normal olmasının tərəfdarı olsa da, müəyyən qüvvələr də var ki, gərginlikdən səmərə əldə etməyə çalışırlar: “Azərbaycanın daxilində də müəyyən qüvvələr var ki, iki ölkə arasındakı münasibətlərə qərəzli yanaşırlar. Azərbaycan istənilən dövlətlə münasibətlərini dövlət maraqlarına uyğun olaraq qurur. Rusiya Azərbaycanda təsir imkanlarını artırmağa çalışa bilər, amma Azərbaycan son bir il ərzində bütün təzyiqlərə, təhdidlərə tab gətirdi və müstəqil siyasət apardığını göstərdi. Bu müddət ərzində həm Azərbaycanla münasibət qurmağa çalışan, həm də ölkəmizə qarşı müəyyən təzyiq göstərmək istəyən bir çox dövlətlər özləri üçün nəticə çıxardı. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, bizə heç kim təzyiq edə bilməz, biz müstəqil siyasət aparırıq. Dövlətimizin siyasəti kifayət qədər şəffafdır. Müəyyən şəxslər son hadisələrlə bağlı təhqiqata cəlb olunub. Buna görə də heç kim Azərbaycanı ittiham edə bilməz. Hakimiyyət strukturlarında qeyri-qanuni əməl törətmiş şəxslərə qarşı hüquq müstəvisində tədbirlər görülür. Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsi də bu prosesin tərkib hissəsidir. Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan nefti dünyanın ən qiymətli neftidir. Ölkəmizin iqtisadi maraqları təmin olunur. Əsassız iddia ortaya atanlar Azərbaycanın nüfuzunu aşağı salmağa çalışırlar. Bəlkə də müəyyən dövlətlər Azərbaycan nefti ilə rəqabət şəraitində mənfi rəy yaratmağa çalışırlar. Azərbaycanın mövqeyi isə hər məsələdə aydındır. İstənilən məsələ ilə bağlı təhqiqat aparır və nəticələri dünyaya çatdırır. Hesab edirəm ki, mənfi rəy formalaşdırılmasına cəhdlər Azərbaycanın mövqeyinə ciddi təsir göstərməyəcək”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR