İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu fürsəti qaçırsa... - sərt xəbərdarlıq

Ermənistanın silahlanma səyləri artıq sadəcə hərbi strateji məsələ deyil.

Bu, regionda sabitliyi təhlükə altına atan, açıq siyasi mesaj daşıyan bir prosesə çevrilib.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, İrəvan son aylarda müxtəlif ölkələrlə, xüsusilə də Avropa İttifaqına üzv dövlətlərlə intensiv hərbi-texniki əlaqələr qurur: “Bu sırada Fransanın təşəbbüsləri ilə paralel olaraq Yunanıstanın da açıq şəkildə Ermənistanı silahlandırmağa başlaması heç də təsadüfi deyil. Papikyanın Afinaya son səfəri, orada keçirilən görüşlər və 2023-cü ilin dekabrında imzalanmış hərbi əməkdaşlıq sazişinin detalları bu gedişatın planlı və koordinasiyalı olduğunu göstərir. Yayılan məlumata görə, Yunanıstan Ermənistanın istifadəsinə bir sıra Rusiya istehsalı olan zenit-raket kompleksləri, həmçinin digər hava hücumundan müdafiə sistemləri verib. Əlavə olaraq, yunan hərbi məktəblərində təhsil alan erməni kursantların və xüsusi təyinatlıların sayında müşahidə olunan artım bu əməkdaşlığın sadəcə texniki deyil, ideoloji yönü olduğunu da təsdiqləyir”.

T.İsmayılov əmindir ki, bu addımların arxasında təkcə Afina dayanmır: “Görünən odur ki, Fransa hökuməti Ermənistanı silahlandırmaqla, onu Cənubi Qafqazda yenidən mövqe tutmağa sövq edir. Bu isə sülh prosesinə ciddi zərbədir. Belə olan halda, sual yaranır: Ermənistanın bu cür silahlanması nə üçün və kimə qarşı yönəlib? Cavab aydındır – regionun əsas gücü olan Türkiyəyə və onun təbii strateji tərəfdaşı Azərbaycana qarşı balans yaratmaq cəhdi. Burada xüsusi vurğulamaq lazımdır ki, Yunanıstan bir tərəfdən Azərbaycan qazının əsas alıcılarından biri olmaqla enerji təhlükəsizliyi baxımından Bakıya bağlıdır, digər tərəfdən isə Bakının düşməni olan bir rejimi silahlandırır. Bu, klassik ikiüzlü diplomatiyadır və gec-tez Afinanın özü üçün fəsad doğura bilər. Azərbaycanın Cənubi Qafqazda sabitliyin və enerji təhlükəsizliyinin əsas təminatçısı olduğu bir dönəmdə, belə təxribatçı yanaşmalar region üçün ciddi təhdiddir”. 

Screenshot_1.png (911 KB)

Bütün bunlarla yanaşı, ekspert əmindir ki, Ermənistanın bu silahlanma prosesi onun özünü aldatmasıdır: “Amma görünən odur ki, Paşinyan hakimiyyəti sülhə deyil, revanşa oynayır. Bu da təkcə Azərbaycanın deyil, bütün regionun maraqlarına ziddir. Əslində Ermənistanı silahlandıranlar onu yeni bir məğlubiyyətə sürükləyirlər. Silahlandırma sadəcə “dəmir parçası” verməklə bitmir. Bu, psixoloji, ideoloji və diplomatik şəkildə onu münaqişə mühitinə qaytarmaq, qızışdırmaq cəhdidir. Belə davranan qüvvələr sülhü deyil, qarşıdurmanı körükləyir. Azərbaycan isə bu prosesləri yaxından izləyir və qarşı tərəfin atdığı istənilən addıma adekvat cavab verməyə tam qadirdir. Bu gün Cənubi Qafqazın gələcəyi silahların səsinə deyil, sülh razılaşmalarının imzasına bağlıdır. Ermənistan bu fürsəti qaçırsa, növbəti dəfə təkcə hərbi deyil, siyasi və iqtisadi baxımdan da daha ağır nəticələrlə qarşılaşacaq”.

 

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

06 May 2025

BÜTÜN XƏBƏRLƏR