Onlayn ictimai-siyasi qəzet
Bakıda təşkil olunan “Dildə, fikirdə, İşdə Birlik: Türk dünyasının gələcəyi” adlı paneldə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun video-müraciəti yayımlanıb.
Musavat.com xəbər verir ki, F.Altun video-müraciətində Türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilən paneli son dərəcə mənalı hesab etdiyini və xeyirli olacağına ümid etdiyini bildirib.
Müraciətin mətnini təqdim edirik:
“Türk Dövlətləri Təşkilatı Türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizin ən güclü əməkdaşlıq strukturlarından birinə çevrilib.
Türkiyə bu strukturu daha da gücləndirmək və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirmək üçün ilk gündən böyük səylər göstərir.
Cənab Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 8-ci Zirvə Toplantısındakı çıxışında vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı sadəcə olaraq iqtisadi və ya siyasi maraqların ortaqlığı olmaqdan çox, böyük könül birliyi deməkdir.
Möhtərəm Prezidentimizin “Eyni mənəvi sərvətdən qidalanan, ortaq keçmişi, mədəniyyəti, əcdadı olan qardaşları bir-birindən ayıracaq sərhəd yoxdur” sözləri ölkəmizin Türk Dünyası birliyinə olan inamının və dəstəyinin konkret göstəricisidir.
Hörmətli qonaqlar,
Mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, Fikirdə, İşdə Birlik” şüarı keçmişdən bu günə Türk dünyasının şüarı olub.
“Dildə birlik” ünsiyyət və anlaşmamızı gücləndirmək və ümumi dilin nəsillər boyu yaşatdığı dəyərləri saxlamaq deməkdir;
“Fikir birliyi”qobal sınaqlar və çağırışlar qarşısında ortaq strateji düşüncə ilə Türk Dünyasının ortaq baxışını formalaşdırmaq deməkdir;
“İşdə birlik” isə iqtisadi inkişafdan təhsil islahatlarına, rəqəmsal transformasiyadan gənclərin bilik və bacarıqlarının inkişafına qədər hər sahədə konkret layihələrlə irəliləməkdir.
Rəhmətlik Qaspıralının bu üç sütun üzərində qurduğu ideal dünən olduğu kimi bu gün də bizim üçün kompasdır.
Türk Dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıyırıq.
Bu məsuliyyəti dərk edərək ümid edirəm ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edəcək ilham mənbəyi olacaq.
Türk dünyasının qədim mərkəzlərindən biri olan Bakıda keçirdiyimiz bu toplantıda əməyi olan dəyərli natiqlərə və tədbirin təşkilində əməyi keçən dəyərli həmkarlarıma təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, bu görüş Türk Millətinin və Türk Dünyasının gələcəyi və müstəqilliyi üçün faydalı olacaq.
Sizi Allaha tapşırıram. Sağlam qalın!”
Nigar HƏSƏNLİ
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ