İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözü açılan idmançı

“Öləcəyimiz bizə doğulandan məlumdur. Bu baxımdan, müəyyən mənada hamımızın ölü doğulduğunu hesab etmək olar”

(Joze Saramaqo, “Korluq” romanı)

Qazaxıstanda görmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə dünya çempionatında 2 azərbaycanlı idmançının iştirakı qadağan edildi. Sən demə, bunların gözü görürmüş. Artıq ömürlük diskvalifikasiya edilmişlər. Ən maraqlısı isə həmin idmançılardan biri 2021-ci il Parolimpiya oyunlarında qızıl medal alıbmış. Həmin medal da ləğv olunacaqmı?

Lakin düşünürəm ki, burada bizə qarşı xarici qara qüvvələrin təxribatı rol oynaya bilər. Nəyə görə? Çünki idmançımızın gözü 2021-də zəif görə, sonra isə açıla da bilərdi! Bunun üçün, maşallah, respublikamızda nə qədər münbit şərait yaradılıbdır. Özümüz müşahidə edirik, Azərbaycanın uğurlarını görməyən, görmək istəməyən yüzlərlə, minlərlə müxaifətçi son illərdə görməyə başlamışdır.

Yeri gəlmişkən, yenə bugünlərdə futbol üzrə çempionlar liqasının yarımfinal oyunları keçirildi, bütün dünya zəhmətkeşləri “PSJ” klubunun oyunçusu, gürcüstanlı Kviça Kvaratsxeliyanın necə qan elədiyinə şahid oldu. Paxıllığımız tutsa da, adamın fantastik oyunçu olduğunu qeyd etməliyik. Məhz onun kimi oyunçular hesabına “PSJ” artıq finalda oynayır. İstənilən müqayisə qüsurludur deyəcəksiniz, ancaq bizim də Avropada oyunçularımız var. Bunlardan Mahir müəllim Almaniyanın 2-ci liqa klubunda özünü günə verirdi, təzəlikcə müqaviləsini uzatmaqdan imtina elədilər. Dilxor oldumu? Yox. Srağagün əyləncəli istirahət fotolarını yaymışdılar. Sözgəlişi, adamın futbol ayaması “Qəlyan”dır. Bu adı qazanmaq üçün çox əziyət çəkmişdir.

Hər sahədə uğurlarımız gözümüzü işıqlandırır. Dünən saytlarda opera manısımızın xəbəri verilmişdi. Gedib Almaniyaya, orada “Lamborgini” sürüb, saatda 300-lə. Halal olsun. İnşallah, gələn il bunu Bakıdakı Formula yarışına daxil etməliyik. Yoxsa adamın pisinə gəlir, neçə ildir Bakıda o cür yarış düzəlt, lakin milli idmançımız olmasın... Maşına qaz verəndə, karbüratordan tüstü buraxanda opera oxumaq da maraqlı konsepsiya olardı. Haçana qədər uçan palazda muğam oxumaqla tanınacağıq? Yeniliklər vacibdir.

Mənim özümdə, etiraf edim, bu cızmaqaranı elədikcə aydınlanma prosesi getdiyini aşkar duyuram. Gözlərim açılır. Böyük ehtimal yazını bitirəndə eynəyi atacağam. Nüsrət Kəsəmənlinin bir şeiri yadıma düşdü. Orada kor kişi diş həkiminə gedirdi, həkim bunun dişini çəkəndə gözü açılırdı. Şeir belə bitirdi ki, səhərisi bütün korlar diş həkiminə axışdılar. Təxminən yadımda qalanı budur.

Gözaçıqlıq idarəçilikdə də özünü kəskin şəkildə büruzə verməkdədir. Keçmişdə bizdə nazir vəzifəsinə qoyulanlar kresloda o qədər qalırdılar ki, az qala kök atırdılar. Bəzən təzə nazir təyin edəndə köhnəni ekskavatorla çıxarmaq lazım gəlirdi. Qahım-əqrəba, katibə, məşuqə və sairə - köklü-köməcli işçilər olurdu. İndi isə fantastik hadisələrin şahidiyik. Bugünlərdə xəbər gəldi ki, Naxçıvanda bir yoldaşı iqtisadiyyat naziri təyin ediblər, lakin səhərisi gün işdən çıxarıblar. Adamın nazirliyi cəmi 1 sutka olmuşdur. Bəlkə 24 saatdan az. Kəpənək ömrü. Şair demişkən, qara-qara qarışqalar, kəpənəyi neylədiniz... Bu arada fürsətdən istifadə edərək sayın şairimizi fərdi təqaüdü münasibətiylə gec də olsa təbrik edirəm. Xeyirli işlərə xərcləsin. Göy üzü daşı, dövlət də təqaüdü saxlamaz.

Biz necə öyrəşmişdik? Nazir 15-20 il vəzifədə qalmalıdır. İndi isə 1 sutkaya sığışdırırlar. Sürətləndirmə, elmi-texniki tərəqqi ta necə olur? Bu siyasətin sayəsində artıq biz nazirlərin adlarını unuduruq. Avropadakı kimi. Bu saat məndən soruş, 3 nazirin adını güclə çəkərəm. Halbuki 10-15 il qabaq gecə saat 3-də yuxudan qəfil oyatsalar 15 naziri birnəfəsə sayardım.

Əslində bunun özü də yaxşı haldır ki, indi bizi gecə saat 3-də durğuzmağa son qoyulmuşdur. Millət vaxtında yatır, vaxtında durur, gözümüz də vaxtında açılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR