Onlayn ictimai-siyasi qəzet
İranla İsrail arasında davam edən silahlı münaqişə artıq Azərbaycanın Naxçıvan Muxtar Respublikasına da təsir göstərib.
Musavat.com-un əldə etdiyi məlumata görə, İran ərazisindəki qaz nəqli infrastrukturunun bombalanması nəticəsində bu ölkə üzərindən Naxçıvana qaz nəqli dayanıb.
Naxçıvandakı hökumət mənbələrinin verdiyi məlumata əsasən, İran üzərindən qazın ötürülməsi mümkün olmadığından Azərbaycan dövləti dərhal alternativ marşruta keçib. Hazırda Naxçıvana qaz Türkiyə üzərindən nəql olunur.
Mənbələr bildirirlər ki, bu keçid ani və zəruri bir qərar olub. İndi Muxtar Respublikanın qazla təminatı Türkiyə istiqamətindən həyata keçirilir. Rəsmi orqanlar məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəklər.
Hazırda bölgədə qaz verilişində fasilə müşahidə olunmasa da, dəyişikliklər texniki və logistik baxımdan ciddi koordinasiya tələb edir. Həmçinin, İran ərazisindəki gərginliyin artması fonunda bu tip fövqəladə halların təkrar baş vermə ehtimalı istisna olunmur.
Xatırladaq ki, ötən günlərdə İranın enerji infrastrukturu İsrailin cavab zərbələri ilə bir neçə istiqamətdən hədəfə alınmışdı. Qərb mediasının məlumatına görə, bu zərbələr qaz kəmərlərinin bir neçə hissəsində partlayışa səbəb olub.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ