İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycanla bağlı siyasətində yeni sima – Müctəba Dəmirçilu kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Musavat.com Cənubi Qafqazla bağlı diplomatik qərarların mərkəzində dayanan iranlı fiqur haqda maraqlı detalları təqdim edir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyində Avrasiya üzrə baş direktor vəzifəsində çalışan Müctəba Dəmirçilu son dövrlər Azərbaycanla münasibətlərdə ön plana çıxan diplomat kimi diqqət çəkir.

Dəmirçilu rəsmi Tehran tərəfindən regionla bağlı aparılan siyasətdə mühüm koordinasiya rolunu oynayır. Onun əsas vəzifələrindən biri də Rusiya, Qafqaz və Orta Asiya ilə əlaqələrin diplomatik nəzarətini həyata keçirməkdir.

İran mediasında 2023-cü ildə yayılan məlumatlarda Müctəba Dəmirçilunun Azərbaycanın yeni səfiri kimi təyin ediləcəyi bildirilmişdi. Rəsmi təsdiq gəlməsə də, onun Bakıya və regiona yönəlik mövqeyi diqqətdən yayınmır. 2025-ci ildə Azərbaycandakı səfir Əli Əlizadə ilə birgə keçirdiyi görüşlərdə regional əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan-İran münasibətləri son illər bir sıra siyasi və təhlükəsizlik məsələləri fonunda mürəkkəb mərhələdən keçir. Məhz belə bir şəraitdə Dəmirçilunun ritorikasında sərt ifadələrdən yer verməməyə çalışması, qarşılıqlı hörmət və əməkdaşlığa çağırması onun daha konstruktiv fiqur kimi qəbul olunmasına səbəb olub.

O, daha əvvəl İranın Gürcüstandakı və Qazaxıstandakı səfiri olub. Diplomatik fəaliyyətində regionun etnik, dini və geosiyasi xüsusiyyətlərini nəzərə alan yanaşması ilə seçilir.

Ekspertlər qeyd edirlər ki, Müctəba Dəmirçilu İranın Cənubi Qafqaz siyasətində balanslı və realist mövqeyi təmsil edir. Onun Azərbaycanla bağlı verdiyi mesajlar, Bakı-Tehran əlaqələrinin gələcək taleyinə təsir göstərə biləcək faktorlardan biri kimi qiymətləndirilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR