İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə niyə yaxınıq?..

Yəhudilərə, hətta onların yaşı əsri adlamamış dövlətinə-İsrailə münasibət mürəkkəb olub - özü də yumşaq şəkildə desək...  Əsirlərin təqibi, nəinki siyasət və dövlət adamlarının, hətta teoloqların və filosofların ortaya atdığı “yəhudi məsələsi”, onun nasistlər tərəfindən son həddə çatdırılan “yekun həlli” - yəhudi xalqının sistemli və kütləvi şəkildə məhvinə başlanılması...

Çoxdan baxdığım filmdən detal düşür yadıma. Personajlardan biri digərinə deyir: "Heç olmasa, bir-iki saatlığa yəhudi olmağın nə olduğunu hiss et..."

Xoşbəxtlikdən bunlar artıq geridədir. Yəhudilər çətin sınaqları, çətinlikləri arxada qoyub. Ola bilər, haradasa onlara hələ də soyuq, ögey münasibət var, amma bunlar əvvəlki yüz iilliklərdən fərqli hansısa ciddi təhlükə yaratmaq gücündə deyil.

Başlıcası isə çətin məqamda yəhudi xalqının sığınması üçün İsrail dövləti var. Odur ki, nikbin notlara köklənək.

Birini qeyd edəcəyik. “Sion müdriklərinin protokolları” deyilən saxta “sənəd” olub. Sübut olunub ki, yəhudilərin intellektuallarının bu cızma-qaraya dəxli yoxdur, bu, əsrlər boyu yəhudilərə qarşı irəli sürülmüş ən saxta ittihamlardan biridir.

Sözüm bunda deyil. Bir zarafatı qeyd etmək istəyirəm. Hamı bu saxta “konsepsiya”ya görə yəhudiləri ittiham edəndə, deyilənə görə, yaponlar tamam fərqli münasibət göstərib. Guya deyiblər, maraqlı şeydir, öyrənib tətbiq etmək lazımdır!..

Başlıcası bilirsiniz, nədir? Əsrlərcə davam edən ögey, hətta düşmən münasibətə baxmayaraq, yəhudilər nikbinliklərini qoruyub. Onlar haqda çoxlu lətifə var və bunlardan sanki optimizm duyulur, yəhudilər iti ağılı, vəziyyətdən çıxış tapmaq bacarıqları ilə sezilirlər...

Gələk əsas məsələyə: bunlarla sizi niyə yoruruq? Bu həftə İsrailin baş nazirinin - Benyamin Netanyahunun Bakıya səfəri gözlənilirdi.

Amma Türkiyə hava məkanını, deyəsən, açmadı. Fikirləşdik, görək, nə olur? Səfər reallaşacaqmı? Həftə sonu İsrail liderinin dəftərxanasına istinadən məlumat yayıldı ki, səfər təxirə salınıbdır. İsrail Prezidenti də COP29-a bu səbəbdən gəlməmişdi. 

Amma mövzu yenə də aktuallığında qalır, çünki söhbət Azərbaycan-İsrail münasibətlərinin gələcəyindən gedir.  

Səmimi desək, siyasətçi kimi Netanyahu bizdə elə simpatiya yaratmır.

Birincisi, Qəzzadakı müharibəyədək ona qarşı böyük ittihamlar vardı və hətta korrupsiyada ittiham olunurdu.

İkincisi, müharibənin də onun üçün pozitiv nəticələri olmadı: Beynəlxalq Cinayət Məhkəməsi haqqında hökm verdi...

Bakıda Netanyahunu təhdid-təhlükə gözləmirdi, çünki ölkəmiz bu məhkəmənin yurisdiksiyasını tanımayıbdır. Səfər uzağı qonşu İranın ruhani elitasının qəzəbinə səbəb olacaqdı. Olsun! Bunun bizim üçün isti-soyuğu yoxdur, çünki siyasətimizi İranla razılaşdırmaq haqda kiminsə qarşısında öhdəliyimiz yoxdur və indiyədək də olmayıbdır.

Üstəgəl, ötən həftə İran Prezidenti doktor Pezeşkianı Bakıda qəbul etməklə Azərbaycan bir daha sübut etdi ki, heç kimə qarşı, ruslar demişkən, “zaqovor”, hansısa məkrli plan qurmur - İsrail kimi İran da bizim üçün vacib ölkədir, çünki qonşumuzdur, bu ölkədə qırx milyondan çox soydaşımız yaşayır...

Doktor Pezeşkianın səfərilə sinxron Azərbaycanda daha bir proses gedirdi. Bakı qardaş Türkiyə ilə İsrail arasındakı soyuqluğu aradan qaldırmaq üçün vasitəçilik edirdi.

Qardaş Türkiyə məlum məsələdir - bizə dünyada ən yaxın ölkədir. İsrail də dostumuz və yaxın müttəfiqlərimizdən, hərbi-texniki partnyorlarımızdan biridir.

Daim qeyd edirik ki, yəhudi millətindən çox şey öyrənə bilərik və bu məqam cari siyasətin “ziqzaq”larından daha önəmlidir: bəli, gündəlik siyasətdə çox şeylər olar, amma bunlar strateji münasibətləri pozmamalı, bizi çaşdırmamalıdır.

Təəssüf ki, tək İranla yox, Türkiyə ilə İsrail arasında da bəzi problemlər yaşanır, amma bunlar tamam fərqlidir.

Ankara ilə Təl-Əviv arasında antoqonist münasibətlər yoxdur. Bəli, regional güc olmaqla bağlı iki dövlət arasında rəqabət var, Fələstin məsələsinə fərqli münasibət mövcuddur, kürd problemi ilə bağlı tərəflərin tam sinxronluğu yoxdur, Suriyada maraqlar toqquşur və s. və i.

Amma bunlar heç də əlahiddə, qeyri-adi problemlər deyil. Məsələn, yəhudilərin özlərinin Fələstin məsələsinə bəlkə on yanaşması var və heç də hamı Netanyahunun və kabinetinin yürütdüyü siyasəti dəstəkləmir...

Bizə gəldikdə, dünya yəhudiləri bizim üçün həm də diplomatik resursdur, niyə imtina edək ondan?

Sovetin çöküşünün ilk illərindən İsrail bizim üçün başqa məqama görə də maraqlı idi: Yaxın Şərqin yeganə demokratik ölkəsiydi, özü də on illərlə davam edən ekstremal şəraitdə...

İsraili demokratik hesab etməyən, hətta teokratik dövlət sayanlar var. Olsun! Bütün demokratiyalarda milli-dini özəlliklər bu və ya digər dərəcədə nəzərə alınır. Əsas odur, bunlar spekulyativ olmasın, kiminsə siyasi maraqlarına xidmət etməsin.

Yəhudilər dünyanın ən qədim xalqlarındandır, bunların unikal dini-mədəni özəllikləri var və xalq bütün təzyiqlərə baxmayaraq, min illər ərzində ondan imtina etməyib, qoruyub saxlayıb. İndi niyə imtina etsin?                    

Sonda bir daha bir məqam haqda. Bilmirəm, vaxtilə böyük tarixçi-kulturoloq Arnold Toynbi sivilizasiyaları necə sistemləşdirib (deyəsən, 20-dən çox!), amma kimsə inkar etməz ki, Çin, Hindistan, Yaponiya və s. bütpərəst ölkələr xüsusi sivilizasiyadır. Müsəlman dünyası da böyük sivilizasiya sayılır. Daha bir nəhəng sivilizasiya da var ki, o, da yəhudi-xristan aləmidir. Dünyanın gözəlliyi  bunların vəhdətində deyilmi?..

Hərdən kulturoloji identifikasiya etmək istəyirəm özümü və soruşuram: sən kimsən? Cavabım birdir: Avropa təhsilli, düşüncəli müsəlman-türk! Sivilizasiyaların sintezinin ən bariz nümunəsi deyilmi bu?..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR