İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ABŞ siyasi elitasında parçalanma yaratdı: "Cəhənnəmin açarları" indi Trampın əlindədir

İsrail böyük səbirsizliklə ABŞ-ın savaşa qatılması üçün saatları sayır, əsas NATO ölkələri isə bunu yolverilməz variant hesab edirlər... Bu barədə təkbaşına qərar vermək niyyətində olan prezident Donald Tramp hazırda "cəhənnəmin qapısında keşikçi" durumuna düşüb...

Yaxın Şərqdə olduqca qəliz situasiya yaranıb. Üstəlik, bu, son deyil və mövcud vəziyyətin daha qorxunc istiqamətlər ala biləcəyi qətiyyən istisna təşkil etmir. Əksinə, hərbi-siyasi proseslərin istiqamətləri hazırda gərginləşməni maksimum həddə çatdırmaqdadır. Xüsusilə də, İsrailin İrana qarşı açdığı savaşın müddəti və hədəfləri indi olduqca ciddi müzakirə, hətta mübahisə mövzusudur. Və bu, yalnız Yaxın Şərq deyil, ümumiyyətlə, bütün dünya üçün real təhlükə vəd edir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, İsrailin İranla bağlı hərbi-siyasi hesablamalarının reallıqda özünü doğrultmamış kimi görünür. Belə ki, rəsmi Təl-Əviv savaşın ilk günündə İrana qarşı zərbələrin iki həftə davam edəcəyini vurğulamışdı. Bu, o anlama gəlir ki, İsrail İranla müharibəyə davam etmək üçün maksimum iki həftəyə yetəcək hərbi potensiala malikdir. Və əgər, bu müddət ərzində hərbi potensialın tükənməsinə qədər İsrail İranla başlatdığı savaşda əsas hədəflərinə çatmazsa, davamında rəsmi Təl-Əvivi ciddi problemlər gözləyə bilər.

tr-pr-map-Снимок.JPG (73 KB)

Məsələ ondadır ki, İran İsrailin hərbi-siyasi hesablamalarını hazırda böyük ölçüdə pozmağa nail olub. Hər halda, rəsmi Tehran İranın müqavimət immunitetinin qarşı tərəfin ehtimallarından daha güclü olduğunu sübuta yetirməyi bacarıb. Və bu baxımdan, mövcud situasiyada İranın hərbi məğlubiyyəti barədə danışmaq tamamilə yersizdir.

Ancaq tezliklə rəsmi Tehranın da olduqca ciddi hərbi-siyasi problemlər ilə üzləşə biləcəyi qətiyyən istisna deyil. Belə ki, İranın da hərbi potensialı tükənməz xarakter daşımır. Əksinə, böyük ehtimalla həm İsrail, həm də İran yaxın vaxtlarda hərbi potensial defisiti ilə üzləşməyə başlayacaq. Və məhz həmin andan etibarən hər iki dövlətin gələcək taleyi müəyyən mənada, yalnız daxili deyil, həm də xarici faktorlardan asılı vəziyyətə düşməyə başlaya bilər.

Maraqlıdır ki, indi əsas suallar İsrail-İran savaşına kənar müdaxilənin olub-olmayacağı ilə birbaşa bağlıdır. Belə ki, rəsmi Təl-Əviv İrana qarşı müharibədə ABŞ-ın İsrailin yanında yer alacağına hələ də ümidini tam itirməyib. Halbuki, Ağ Ev onsuz da İsrailə bütün istiqamətlər üzrə dəstək verdiyini qətiyyən gizlətmir. Ancaq İsrail bunu yetərli hesab etmir və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara qoşulmasına cəhd göstərir. Və bu baxımdan, Tramp adminstrasiyası hazırda olduqca taleyüklü seçim qarşısındadır.

tr-pr-images.jpg (11 KB)

Halbuki, Ağ Evin verəcəyi qərar elə əvvəlcədən Tramp adminstrasiyası daxilində kəskin ziddiyyətlər yaradıb. Belə ki, ABŞ-ın İranla savaşa qatılmasının tərəfdarları və əleyhdarları arasında amansız qarşıdurmanın olduğu bildirilir. Ona görə də, prezident Donald Trampın bu məsələyə ehtiyatlı yanaşdığı, hətta tərəddüd etdiyi vurğulanır. Və bu, İsrail üçün o qədər də pozitiv situasiya hesab olunmur.

Bəzi iddialara görə, rəsmi Təl-Əviv hazırda ABŞ-ın İranla savaşa qoşulması üçün bütün istiqamətlər üzrə Ağ Evə təzyiq göstərməyə çalışır. Son məlumatlara görə, prezident Donald Tramp bu məsələ ilə bağlı yekun qərarı təkbaşına vermək niyyətində olduğunu gizlətmir. Ağ Ev sahibi hətta yaxın iki həftə ərzində ABŞ-ın İrana hərbi zərbə endirmək qərarını elan edəcəyini bildirib. Və bu, o deməkdir ki, Ağ Ev sahibi hazırda mümkün qədər zaman qazanmağa çalışır.

İsrail mətbuatı isə prezident Donald Trampın artıq yekun qərar verdiyini iddia edib. Həmin iddiaya görə, ABŞ və İsrail yaxın 24-48 saat ərzində İrana qarşı ortaq aviazərbələr endirə bilərlər. Ona görə də, yaxın 72 saatın Yaxın Şərq regionu üçün taleyüklü zaman intervalı olduğu qətiyyən şübhə doğurmur. Və bu zaman intervalı yalnız ABŞ-ın savaşa qatılması deyil, həm də İranın verəcəyi cavab reaksiyası ilə də bağlıdır.

871b5e395a80271fd2856301494416f0.jpg (66 KB)

Böyük Britaniya və Almaniya İsraili dəstəklədiklərini gizlətməsələr də, ABŞ-ın İrana qarşı savaşa qatılmasını təhlükəli variant hesab edirlər. Türkiyə və Fransa isə ümumiyyətlə, savaşın dayandırılmasında israrlı mövqe tuturlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Almaniya kansleri Fridrix Mertzə İsrail-İran savaşı dərhal dayandırılmayacağı təqdirdə, Avropa məkanını gözləyən böyük təhlükə barədə sərt xəbərdarlıq edib. Və Fransa prezidenti Emmanuel Makron İrana qarşı hərbi zərbələrin yolverilməz olduğunu bildirib.

Nəhayət, Ukraynada işğalçı müharibə aparan Rusiya da Ağ Evi İranla savaşa müdaxilədən çəkinməyə çağırıb. Rusiyadan verilən açıqlamada vurğulanır ki, ABŞ-ın münaqişəyə müdaxiləsi “Pandora qutusunu açacaq”. Kremldə hesab edirlər ki, ABŞ-ın İsrail-İran münaqişəsinə hərbi müdaxiləsi ekstremist qrupları gücləndirəcək və bölgədə təhlükəli proseslərin qarşısını almaq mümkünsüz olacaq. Və bu halda, dünya yeni terror dalğası ilə üzbəüz qalacaq.

Göründüyü kimi, İsrail böyük səbirsizliklə ABŞ-ın savaşa qatılması üçün saatları sayır. Əsas NATO ölkələri bunu yolverilməz variant hesab edirlər. Üstəlik, rəsmi Təl-Əvivin Ağ Evdən gözləntisi Tramp adminstrasiyası daxilində parçalanma yaradıb. Prezident Donald Tramp isə bu taleyüklü qərarın qəbulu ilə bağlı siyasi məsuliyyəti təkbaşına öz üzərinə götürüb. Bu, o deməkdir ki, prezident Donald Tramp hazırda "cəhənnəmin qapısında keşikçi" durumuna düşüb. Və ona görə də, "qapının açarları" da indi Ağ Ev sahibinin əlindədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR