Onlayn ictimai-siyasi qəzet
Ukraynanın energetika naziri Svetlana Qrinçuk Rusiyanın Odessadakı qaz kompressor stansiyasına endirdiyi son raket zərbəsinin təkcə enerji infrastrukturunu deyil, eyni zamanda Azərbaycan, ABŞ və Avropa İttifaqı ilə münasibətləri hədəfə aldığını bəyan edib.
Musavat.com-un xəbərinə görə, Ukrayna Energetika Nazirliyi bildirib ki, vurulan kompressor stansiyası vasitəsilə artıq Amerika mənşəli mayeləşdirilmiş təbii qaz (LNG) və Azərbaycanın test məqsədli qaz tədarükü həyata keçirilirdi. Rəsmi Kiyev bu hücumu məqsədli və siyasi mesaj xarakterli sayır.
Ukrayna rəsmiləri bəyan edirlər ki, Moskva bu zərbə ilə təkcə enerji təhlükəsizliyinə deyil, həm də Kiyevin Azərbaycan və Qərb ölkələri ilə qurduğu əməkdaşlıq əlaqələrinə zərbə endirmək istəyir.
Rus mediası isə açıq şəkildə yazır ki, bu hücum Bakıya ünvanlanmış “xəbərdarlıqdır” – Azərbaycanın Ukraynaya qaz verərək Rusiyanın əleyhinə getməsinə cavab kimi qiymətləndirilir.
Musavat.com bildirir ki, Rusiya öz qonşuları və keçmiş müttəfiqləri ilə münasibətlərini sülh və əməkdaşlıq əsasında deyil, güc, qorxu və intiqam mexanizmi ilə tənzimləyir. Onun davranış modeli regionda nifrəti, təcridi və qarşıdurmanı daha da dərinləşdirir. Bizə görə, Rusiya bu kimi addımlarla təkcə Avropanı deyil, Qafqazdakı enerji və geosiyasi balansı da pozmağa çalışır.
Bu hadisə Azərbaycanın beynəlxalq enerji bazarındakı nüfuzunun artdığı və Avropaya alternativ enerji mənbəyi kimi önə çıxdığı bir dövrdə baş verir. Rusiya isə bu artan rolu təhdid kimi görərək, hərbi-siyasi vasitələrlə təzyiq siyasətini genişləndirir.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ