Onlayn ictimai-siyasi qəzet
Bakı küçələrində avtoxuliqanlıq edən sürücülər, xüsusilə motosikletçilər son vaxtlar cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Fidan Cəfər qızı Bağırlı saxlanılıb. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Fidan Bağırlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, avtoxuliqanlıq edən hər kəsə qanunun sərt üzü göstərilməlidir:
“Burada 2 mühüm məsələ var. Birincisi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi - yol hərəkəti qaydalarının qəsdən pozulması, yəni avtoxuliqanlıq və 333-cü maddəsi polis işçisinin qanuni tələblərinə tabe olmama belə hallarda tətbiq edilə bilər. Məhkəmə qərarından görünür ki, sürücü davranışına görə ən sərt inzibati tədbirlərdən biri seçilib.
İkincisi, motosiklet sürücülərinin yaratdığı təhlükənin spesifik xüsusiyyətləri var - yüksək sürət, kəskin manevrlər, səs-küy, piyadaların və digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratma. Bu, təkcə hüquq pozuntusu deyil, həm də ictimai təhlükə yaradan bir davranışdır. Qanunvericilik belə hallarda inzibati həbsin tətbiqinə imkan verir, amma təcrübə göstərir ki, cəzanın çəkindirici təsiri üçün təkrar pozuntulara görə artıq cinayət məsuliyyətinin nəzərdə tutulması vacibdir.
Avtoxuliqanlıq, xüsusilə də ictimai yerlərdə təhlükəli nümayiş xarakteri daşıyırsa, bu, artıq “ictimai asayişin kobud şəkildə pozulması” kateqoriyasına daxil edilə bilər”.
N.Ələsgərov bildirib ki, Bakı Şəhər DYP İdarəsinin belə hallara qarşı apardığı əməliyyatlar hüquqi və ictimai baxımdan zəruridir:
“Amma burada təkcə cərimə və həbs yetərli deyil, motosiklet sürücülərinin qeydiyyat sistemi, texniki baxış, səs və sürət limitlərinin ciddi nəzarətdə saxlanılması da vacibdir”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ