İnsanlara hürriyət, millətlərə istiqlal!

Muzdlu döyüşçülər – onlar qarətə və zorlamaya meylli olur, çoxu aldığı muzdu xərcləmədən ölür

Çox uzaq tarixdə deyil, cəmi 5 il öncə əzəli torpağımız Qarabağı geri almaq üçün apardığımız müharibədə birbaşa və dolayısı ilə Ermənistanın tərəfini tutan ölkələrdən dövlətimizin ünvanına bir ittiham səslənirdi, iddia edirdilər ki, Azərbaycan muzdlu döyüşçülərdən istifadə edir.

Heç bir tərəf ortaya dəlil-sübut qoya bilmirdi, ortada eləcə fərziyyələr, azmış-təzmiş gümanlar dolaşırdı. Hətta “biz təhəmmül edə bilmərik ki, sərhədlərimizin yaxınlığında xarici muzdlu döyüşçülər vuruşsinlar” deyənlər vardı. Sanki həmin “muzdlu döyüşçülər” bir gün sərhədi pozub o ölkələrə hücum edəcəkdilər. Açıq-aşkar demaqogiya idi.

Bu ittiham Rusiya və Qərb (xüsusilə Fransa) mətbuatında yer alırdı.

Bu gün isə saytlarda oxuyur, sosial şəbəkədə yayılan videolarda görürük: Rusiya ordusunun tərəfində sayı-hesabı bilinməz şəkildə muzdlular döyüşür.

nay-2.jpg (103 KB)

Onların arasında Avropa, Afrika, Amerika, Asiya qitələrindən, 10-dan çox ölkədən səfərbər olunmuş döyüşçülər var. Bu yaxınlarda yayılan videokadrlarda Ukrayna ordusuna əsir düşmüş muzdluların sıra ilə adlarını və vətəndaşı olduqları ölkənin adını çəkdikləri görünürdü. Əsir düşmüş muzdluların arasında bütün irqlərdən döyüşçülər vardı.

İndi məlum olur ki, Ukrayna da Rusiyaya qarşı apardığı vətən müharibəsində təkcə vətən övladlarının xidmətindən yararlanmır. Bir sıra Avropa ölkələri öz vətəndaşlarını döyüşçü olaraq Ukrayna ordusuna qoşulmasını təmin edirlər. Təkcə dünən fransız muzdlularla bağlı mediada yer alan xəbərlər göstərir ki, Rusiya kimi, Ukrayna da “legioner döyüşçülər” cəlb edib.

Beləliklə, Rusiya və Qərb 5 il öncə bizə ünvanladıqları ittihamlarla üz-üzədir. Ölkəmizi bu xüsusda haqsız çıxarmağa çalışanların cavabını əlahəzrət zaman artıqlaması ilə verdi.

nay-4.jpg (197 KB)


Muzdlu döyüşçülər qanlarını qaşığa qoymuş, bu gündən sabaha sağ qalacağı böyük risk altında olan adamlardır. Onlarınkı sırf bir miqdar pul qazanmaq üçün Əzrayılla çiling-ağac oynamaqdır. Bu adamların əlindən başqa şey gəlmir, ona görə də onlar daha çox pul verənlərin tərəfində döyüşür, ən azı yarısı qazandığı pulu xərcləməyə macal tapmadan həlak olur.

Son 40 ildə muzdlu döyüşçülər dünyada bir çox müharibələrdə və silahlı münaqişələrdə iştirak ediblər. Ən diqqətəlayiq nümunələrdən bəziləri bunlardır:

1975-ci ildə Portuqaliyadan müstəqillik qazandıqdan sonra Anqolada müxtəlif ölkələrdən, o cümlədən Cənubi Afrikadan, Kubadan və başqa ölkələrdən toplanmış muzdlular fəal döyüşüb. Bu vətəndaş müharibəsinə uzun sürüb.

NAY-5.jpg (92 KB)

1979-89-cu illər arasında Əfqanıstan mücahidlərinin SSRİ hərbi kontingentinə qarşı apardığı müharibədə Yaxın Şərq ölkələrindən yığılmış muzdlu döyüşçülər iştirak ediblər. Sonradan “dünyanın 1 nömrəli terrorçusu” adını qazanmış Üsamə bin Laden də onların arasında olub.

1990-1991-ci illərdə İraqı Küveytin işğalına son qoymağa məcbur etmək üçün ABŞ-nin formalaşdırdığı koalisiya qüvvələrinin tərkibində bir sıra özəl hərbi şirkətlərin döyüşçüləri də iştirak ediblər, ancaq əsas işi ABŞ hərbçiləri görüb.

1990-cı illərdə Yuqoslaviyada gedən vətəndaş müharibəsində müxtəlif ölkələrdən səfərbər olunmuş muzdlular döyüşən tərəflərin sırasında hərbi əməliyyatlara qatılıblar.

2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından sonra müsəlman ölkələrindən “cihada dəvət edilmiş” muzdlular 2013-cü ilə qədər Pentaqon əsəgərlərinə qarşı vuruşublar. Eyni zamanda Qərb ölkələri üçün işləyən özəl hərbi şirkətlərin döyüşçüləri də müxtəlif tapşırıqların yerinə yetirilməsində rol oynayıblar.
Eyni durum Suriyada gedən vətəndaş müharibəsində də yaranıb. Bu müharibədə muzdlular hər iki tərəfdə - həm müxtəlif qrupların tərkibində, həm də müxtəlif ölkələrin maraqlarını təmsil edən özəl hərbi şirkətlərin döyüşçüləri kimi iştirak ediblər.

nay-3.jpg (86 KB)

Rusiya dövlətinin rüsxəti və lisenziyası əsasında fəaliyyət göstərən "Vaqner" özəl hərbi şirkəti Suriya, Afrika və digər bölgələrdəki münaqişələrdə iştirak edəndən sonra Ukraynadakı müharibəyə qatılmış, uğursuzluğa düçar olunca, qəzəbini RF Müdafiə Nazirliyinə yönəltmiş, qiyam qaldırmışdı. Nəticədə şirkətin sahibi Yevgeni Priqojin və komandan Dmitri Utkin müəmmalı aviqəzada öldülər, “Vaqner”in özü qanunsuz hərbi birləşmə elan edildi.

NAY-6.jpg (238 KB)

Bu özəl şirkət aparıcı Qərb ölkələrində “terrorçu təşkilat” kimi qeydə alınıb. Şirkətin Ukrayna müharibəsindən 30 min muzdlu döyüşçü itirdiyi bildirilir. Həmin muzdlular postsovet ölkələrin vətəndaşlarından ibarət idi və çoxu Rusiyadakı həbsxanalardan toplanmışdı.

Muzdluların işə götürülməsi və istifadəsi ilə bağlı qanunlar ölkədən-ölkəyə dəyişir və çox vaxt özəl hərbi şirkətlərə və muzdlulara müxtəlif münaqişələrdə fəaliyyət göstərməyə imkan verən hüquqi boşluqlar mövcuddur.

Bu məsələdə ən mühüm detal odur ki, muzdlu döyüşçülər hərbi cinayətlər törətməyə daha meyllidirlər. Onlar əllərini qaldırıb əsir düşmək istəyənlərə rəhm etmir, girəvələrinə keçən qadınları ucdantutma zorlayır, yağmalama və qarətə həvəslə girişirlər. Çünki onları maraqlandıran əsas məsələ müharibədən pul qazanmaqdır, onlar üçün döyüşən tərəflərin hansının haqlı, hansıının haqsız olduğu, sonda kimin qalib gələcəyi heç bir əhəmiyyət kəsb etmir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR