Onlayn ictimai-siyasi qəzet
İLK YAYIM SAATI: 09:19
Ermənistanda 2026-cı il seçkiləri öncəsi savaş başlayıb; Elçin Mirzəbəyli: “Paşinyanın nüfuzu sürətlə aşağı düşsə də, alternativin olmaması onun lehinə işləyir”
Ermənistanın baş naziri Nikol Paşinyanla kilsə arasında artan gərginliyin səbəbi medianın diqqətindədir. Müxalifətə yaxın erməni ekspertlər bir ağızdan iddia edirlər ki, bu hücumun yenidən məhz indi başlaması Paşinyan hökumətinin məqsədli planıdır. Bildirilir ki, kilsə elektoratı çoxdan Paşinyanla yollarını ayırıb və bu savaşla hökumət prinsipcə heç nə itirmir. Çünki kilsə Paşinyanı əvvəldən istəmir, onu əvvəl istefaya çağırsa da, sonradan Tavuş keşişi vasitəsilə hökumətə problem yaratmağa çalışdı.
“Hraparak” qəzeti yazır ki, hakim “Mülki Müqavilə” Partiyası liderinin əsas məqsədi erməni Apostol kilsəsini öz siyasi maraqlarına tabe etdirməkdir: “Bu məqsədlə o, kilsəni nüfuzdan salır və onun bütün dünyada nüfuzunu azaldır, erməni kimliyinin sütunlarından birini məhv edir”.
İddialar var ki, baş nazirin aqressiyasını artıran həm də reytinqinin biabırçı şəkildə aşağı düşməsidir. “Cəmiyyətin digər təbəqələri də Nikola etibar etmir. Paşinyanın hesablamaları çox praqmatikdir: əgər ictimaiyyətin müəyyən hissəsinin dəstəyini almaq mümkün deyilsə, onu, sadəcə olaraq, neytrallaşdırmaq lazımdır. Amma cəhdlərə baxmayaraq, Nikol 2026-cı il seçkilərində bu yarıtmaz siyasətinin nəticəsini hiss edəcək”.
Erməni təhlilçilər ən müxtəlif tribunalardan bağırırlar ki, Paşinyan müxalifətə ciddi kömək edib, yəni qara kütləni aktivləşdirib. Müxalifət indi xalqı Paşinyana qarşı ayağa qaldırmalıdır və 2026-cı il seçkilərini gözləməməlidir. Bütün bu təhlillərdə erməni cəmiyyətini qorxudurlar ki, Paşinyan hakimiyyətdə qalsa Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalayacaq və qərbi azərbaycanlıların qayıtmasını şərait yaradacaq.
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bu mövzuda danışarkən bildirdi ki, Ermənistanda baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında son zamanlar kəskinləşən qarşıdurma sadəcə, iki fərqli institutun toqquşması deyil: “Bu, həm də Ermənistanın daxili siyasi sisteminin dərin təbəqələrində özünü getdikcə daha qabarıq büruzə verən ziddiyyətlərin və dəyişən kimlik axtarışlarının əlamətidir. Kilsə və hakimiyyət arasında gedən mübarizə yalnız hüquqi və ya dini müstəvidə deyil, həm də geopolitik, ideoloji və strateji kontekstlərdə baş verir. Qismən yumşaq keçid tərəfdarı olan azsaylı erməni siyasətçilərinin təbirincə, desək, bu, sadəcə, ideoloji çarpışma deyil, kimlik və oriyentasiya uğrunda mübarizədir”.
E.Mirzəbəyli vurğuladı ki, 1995-ci ildə qəbul edilən və 2015-ci ildə yenidən işlənən konstitusiyada kilsəyə verilən xüsusi status Paşinyanın siyasi hakimiyyətə tam sahiblənmək hədəfinə uyğun gəlmirdi: “Bunu Paşinyan müharibədən öncə, 2020-ci ildə belə dedikləri də təsdiqləyir: "Biz yeni Ermənistan qurmaq istəyiriksə, keçmişin kölgələrindən azad olmalıyıq. Kilsənin təsiri bu kölgələrin başında gəlir". Paşinyan yaxşı başa düşür ki, kilsə nəinki dini institutdur, o, həm də siyasi alətdir, ictimai rəyə təsir edən, eyni zamanda xarici mərkəzlərlə əlaqələri olan güc mərkəzidir. Məlumdur ki, erməni Qriqoryan kilsəsinin tarixi funksiyası təkcə dini ayinləri icra etmək olmayıb. O, erməni xalqının diasporla bağlarını qoruyan, xarici dövlətlərdə siyasi-lobbi gücünü təşkil edən bir platforma rolunu oynayıb. Erməni kilsəsi ilə bağlı araşdırmaları ilə tanınan, Moskva İctimai Elmlər Akademiyasının tədqiqatçısı Denis Dvornikovun sözlərinə görə, “Erməni kilsəsi Rusiya üçün yumşaq güc alətidir. Qafqazda geosiyasi balansın qorunmasında kilsə Moskvanın əlində olan "mədəni kart"dır".
Paşinyanın kilsəni sıxışdıraraq, ölkənin ictimai-siyasi həyatından kənara atması yalnız onun konstitusiya islahatlarının referendumla təsdiqlənməsindən asılıdır. Cəmiyyətin böyük hissəsinin kilsədən narazılığı olsa da, onun təsir gücü hələ də ciddi olaraq qalır. Kilsə ilə açıq müharibə Paşinyanı daxildə daha da təcrid edə bilər. Əgər Paşinyan bu mübarizəni udsa, Ermənistanın siyasi arxitekturası tamamilə dəyişəcək".
Bəs hazırda kilsənin təsir imkanları nə qədərdir? E.Mirzəbəyli bu sualla əlaqədar da maraqlı şərhini bölüşdü: “Kilsə xüsusilə yaşlı nəslin və bölgələrdə yaşayan əhalinin şüurunda hələ də ciddi nüfuza malikdir. Bundan əlavə, diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir. Məsələn, Parisdəki erməni sosioloq Şant Minasyanın qənaətinə görə, "diaspor üçün Eçmiədzin Ermənistanın ruhudur və bu ruhu dəyişmək asan deyil". Bu baxımdan, Eçmiədzin həm daxildə, həm də xaricdə mühüm təzyiq alətidir". Kilsə-revanşçı müxalifət ittifaqının Paşinyan üçün nə dərəcədə təhlükəli olduğuna gəldikdə isə, deputat qeyd etdi ki, bu ittifaq, xüsusən də 2026-cı il parlament seçkiləri ərəfəsində Paşinyan üçün sınaq ola bilər: “Kilsə revanşçı qüvvələri daha da radikallaşdıra və onların sosial bazanı müəyyən qədər genişləndirə bilər. Serj Sərkisyan, Robert Köçəryan və digər müharibə canilərinin daxil olduğu köhnə qvardiyanın yenidən dirçəlişi isə erməni cəmiyyətinin "keçmişə qayıtmaq" qorxusundan daha çox asılıdır. Paşinyanın nüfuzu sürətlə aşağı düşsə də, alternativin olmaması hələlik onun lehinə işləyir. Ermənistanın ictimai rəyini ifadə edən tanınmış publisist Ayk Gevorkyanın qənaətinə görə, “Paşinyan zəifləyir, amma rəqibləri cəmiyyət üçün artıq nostalji deyil, təhdid kimi görünür.” Ola bilsin ki, Paşinyan-kilsə qarşıdurmasının nəticəsi Ermənistanın gələcəyini formalaşdıracaq. Zənnimcə, bu qarşıdurma, sadəcə, şəxsi münaqişə deyil, Ermənistanın gələcək konturlarını müəyyən edən ideoloji və geosiyasi mübarizənin bir hissəsidir".
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə hesab edir ki, Paşinyan və komandasının kilsəyə hücumu məqsədli aparılır: “Hakimiyyət xalqın nifrət etdiyi Qarabağ klanını kilsə ilə eyniləşdirməklə "bir daşla iki quş" vurur. Gələcək seçkilərdə əhalinin bu iki qüvvəyə eyni gözlə baxılmasını təmin etmiş olur. Nüfuzdan düşmüş kilsə xadimləri faktoru Paşinyanın xeyrinə işləyəcək. Paşinyanın reytinqinin aşağı düşməsi faktı hələ heç nəyi həll etmir, çünki Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə dirəniş göstərəcək başqa qüvvə yoxdur. Gələcəkdə Paşinyanı devirmək üçün yenə kilsə- Qarabağ klanı ortaya çıxacaqsa, nəticə Baqrat Qalstanyanın hərəkatı kimi nəticəsiz olacaq..." Q.Çaxmaqlı hesab edir ki, Paşinyan sülh prosesinin onun xeyrinə işləyəcəyinə əmindir və bütün gücü ilə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına çalışacaq: “Bu olarsa, Paşinyanın müxalifətə keçməsinə ehtiyac qalmayacaq. Paşinyan parlamentdə yeni qüvvələr istəyir. Erməni cəmiyyətində seçki ərəfəsində belə qüvvələrlə Paşinyan arasında deyil, "köhnələr"lə yenilər - ortaya çıxarsa - arasında mübarizə gedəcək və ən yaxşı halda həmin qüvvələrlə Paşinyan tərəfdarları arasında anlaşmaya varıla bilər".
Yeri gəlmişkən, elə yazı çapa hazırlanarkən baş nazir Nikol Paşinyanın ermənilərin katolikosuna ünvanladığı növbəti Facebook “atəşi”nin sorağı yayıldı. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. “Mənim fikrimcə, bütün dövrlərin katolikosu danılmaz bir nüfuz, ədalətin sarsılmaz müdafiəçisi, mübahisəsiz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqətin boğucusu kimi çıxış edə biləcəyinə inana bilmirəm, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm”, Paşinyan yazıb. Baş nazir növbəti dəfə katolikosu ifşa edib: “Qoy II Qaregin özü aydınlaşdırsın: o, subaylıq andını pozub, övladı varmı? Onun sürüsünün ondan həqiqəti eşitməyə haqqı var”.
Paşinyanın 2026-cı il sınağından öncə bütün təhlükəli nöqtələri susdurmağa qərarlı olduğu görünür. Faktiki olaraq seçkiöncəsi savaş başlayıb. Amma Paşinyan hədəfinə çatacaqmı?..
E.PAŞASOY,
“Yeni Müsavat”
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ