Onlayn ictimai-siyasi qəzet
Azərbaycan siyasətində boy göstərən siyasi partiyaların, ayrı-ayrı siyasətçilərin bir-birinin buraxdığı səhvləri qabartmaları, ondan “qara piar” kimi istifadə etmələri vaqiələri çox olub.
Ona görə də bəlkə bir çoxları ReAl partiyasının sədri Natiq Cəfərlinin sosial şəbəkədə Əli Kərimliyə qarşı dərc etdiyi qeydlərə və şəkillərə həmin prizmadan yanaşa bilər. Ancaq məsələnin təfərrüatına varanda mənzərə xeyli dəyişir. Bir iddialı siyasətçi gərək elə fəndlərdən istifadə etməsin ki, özü əks-fəndə düşməsin.
Başdan başlayaq. Bir neçə gün öncə Çexiyanın paytaxtı Praqada “Forum 2000” adlanan beynəlxalq tədbir keçirilib. Həmin tədbirə Azərbaycandan Natiq Cəfərli və AXCP sədri Əli Kərimli dəvət edilib. Lakin Əli Kərimlinin ümumvətəndaşlıq pasportu (xarici pasport) olmadığından o, Praqaya gedə bilməyib, Natiq Cəfərli isə gedib.
Tədbirə bir çox ölkələrdən nümayəndələr qatılıblar, sonra bir çox iştirakçılar müxtəlif panel iclaslarında, kiçik auditoriyalar qarşısında əyani və virtual çıxışlar ediblər. Həmin panel toplantılardan birində AXCP sədrinin də 5 dəqiqəlik çıxışı olub.
N.Cəfərli bu barədə belə yazır: “Forum-2000 tədbirində Əli Kərimlinin cəmi 5 dəqiqəlik video-çıxışı oldu, yəni, video öncədən göndərilmişdi, onun çıxışı "Gücsüzlərin gücü" adlı, 35-40 nəfərin iştirak etdiyi, aktivistlərin öz şəxsi faciə hekayələrini danışdıqları kiçik bir paneldə yayıldı.
İndi gördüm ki, hörmətli Əli bəy bu haqda foto-kollajla post yayıb. Fotolar vizual manipulyasiyadir. Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti yox idilər - onlar DÜNƏN, açılışda çıxış etdilər”.
Ola bilər, Əli Kərimli Natiq Cəfərlinin zalda olduğunu bilməyib, ona görə belə saxtakarlığa yol verib. Təbii ki, o, Çexiya prezidentinin və Salome Zurabişvilinin zalda olmasını göstərən şəkilləri özününküylə calaq-kollaj edərkən bunu öz personasına diqqətin təzahürü kimi qələmə verməyə çalışıb. Yəni, baxın, mən panel iclasının monitorunda danışıram, amma dövlət idarə etmiş və idarə edən mühüm şəxslər mənim çıxışıma necə diqqət kəsiliblər.
Bu görüntü real olsaydı da, ona görə elə bir əhəmiyyəti olmazdı ki, hər gün dünyanın müxtəlif ölkələrində yüzlərlə bu cür tədbirlər keçirilir, o cür forum və konfranslara minlərlə iştirakçı qatılır, yüzlərlə çıxışlar edilir. Bu, rutin bir prosesdir. İki gündən sonra hər şey unudulub gedir, fondlar, mərkəzlər başqa toplantılar təşkil edirlər. Ona görə də belə tədbirləri də, onlarda edilən çıxışları da xüsusi bir nailiyyət, üstünlük kimi qələmə vermək gülünc işdir.
Görünür, Əli Kərimlinin buna ehtiyacı var. Çünki o, uzun illərdir beynəlxalq tədbirlərdə iştirak edə bilmir.
Natiq Cəfərli və digər siyasətçilər isə ildə 2-3 dəfə belə forumlara qatılırlar. Ona görə də Ə.Kərimlinin paylaşımı onun diqqətinə və ironiyasına səbəb olub.
N.Cəfərli daha sonra yazıb: “Bu gün uyğur, afrikalı, koreyalı və ukraynalı aktivistlərin faciəvi ömür hekayələri səsləndi, sonda Əli bəyin 5 dəqiqəlik videosu yayıldı. İnsafən, pis danışmadı, ölkəmizdə bilinən problemlərdən, siyasi məhbuslardan, bir də sürücüsünün və qohumlarının təqib olunmasından söz açdı. Mən zalda idim, mənim fotomu paylaşmayıb, amma DÜNƏNKİ tədbirdən fotolar qoyaraq, insanları çaşdırır. İlk foto Kərimlinin yaydığı postdur, sonra mənim çəkdiyim, həmin tədbirdə çıxış edənlərin, səhnənin fotosudur, özünüz fikir verin ki, nə həddə manipulyasiya edilib”.
ReAL sədri dediklərini sübut etmək üçün postuna Ə.Kərimlinin paylaşdığı və özünün çəkdiyi şəkilləri də əlavə edib.
Şəkillərdən görünür ki, AXCP sədri 35-40 nəfərlik panel toplantısında virtual şəkildə çıxış edir. Ancaq öz şəklinə pərçim etdiyi şəkildə onun “auditoriya”sının geniş olduğu görünür. N.Cəfərli tədbirdə iştirak etməsəydi və bu barədə real informasiya yaymasaydı, bəlkə də AXCP üzvlərinin sosial şəbəkədəki səhifələrində “Əli Kərimli Praqanı fəth etdi”; “AXCP sədrinin personasına Avropada böyük diqqət”; “Azərbaycan müxalifətinin lideri Avropaya iqtidarın real alternativinin kim olduğunu göstərdi” və s. bu kimi qeydlər, başlıqlar görünəcəkdi.
İşi, piarı korlayan, qanı qaraldan detal isə sözügedən forumda “ReAL” partiyasının sədrinin iştirakı və həqiqəti ifadə edən status yazmasıdır. ReAL da özünü alternativ sayan partiyadır, fürsəti fövtə verməyib.
Siyasi təbliğat lazımlıdır, siyasətin qaçılmaz ünsürüdür, amma gərək real olsun, saxta olmasın.
Kərim Fərəcli,
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ