Onlayn ictimai-siyasi qəzet
Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb. Musavat.com-un xəbərinə görə, “The Duran” adlı verilişdə çıxış edən Kabanov açıq şəkildə bildirib ki, Rusiya artıq Azərbaycanı “düşmən dövlət” kimi tanımalı, ölkədəki azərbaycanlı diasporlarını dağıtmalı, hətta Azərbaycana aid bütün abidələri sökməlidir.
O, sərsəm və nifrət dolu çıxışında iddia edib ki, guya Azərbaycan Ukraynaya qırıcı təyyarələr göndərir və orada rus əsgərlərini öldürür.
“Doğrudanmı, insanlar iqtisadiyyatdan daha az önəmlidir?” - deyə Kabanov etiraz edib.
Kabanov bununla da kifayətlənməyib, Rusiyadakı Azərbaycan diasporunu açıq şəkildə hədəfə alaraq “mədəniyyətlə məşğul olun, siyasətə qarışmayın, çünki onlar başqa dövlətlərin maraqlarını müdafiə edirlər” kimi ifadələrlə millətimizi aşağılayıb.
Bu açıqlama tək bir şəxsin emosional bəyanatı deyil, bu, Kreml ideoloqlarının planlı xəttidir. Kabanovun çıxışı, Rusiyanın daxilində getdikcə güclənən anti-Azərbaycan ritorikasının bir parçasıdır.
Əslində Kabanovun bu ritorikası Moskvanın təbliğat maşınının bir parçasıdır. Bu tip “vətənpərvər” görünüşlü ideoloqlar birbaşa Kremlin daxili siyasət və ideoloji müharibə kuratoru Sergey Kiriyenko tərəfindən yönləndirilir. Məqsəd aydındır - Azərbaycan dövlətinə qarşı informasiya təzyiqini artırmaq, ictimai rəyə təsir göstərmək və Moskvanın gələcək düşmənçilik addımlarına zəmin hazırlamaq.
Bu, artıq təkcə söz müharibəsi də deyil. Kabanov kimi şəxslərin ritorikası ilə eyni vaxtda Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı hüquqi və inzibati təqiblər güclənib. Bir çox tanınmış diaspor təmsilçiləri qanunsuz saxlanılır, biznesləri müsadirə olunur, bəziləri isə - Səfərov qardaşlarının timsalında - fiziki zorakılıq və qətlə qədər uzanan təzyiqlərə məruz qalır.
Bu hadisələr Moskvanın Azərbaycana qarşı yeni tipli ideoloji müharibəsinin tərkib hissəsidir. Məqsəd həm diaspora institutunu sarsıtmaq, həm də ölkə daxilində Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaqdır.
2024-cü ilin dekabrında Rusiyanın Müdafiə Nazirliyinə tabe qüvvələrin Qroznı üzərində Azərbaycan Mülki Aviasiyasına məxsus təyyarəni vurması iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. O hadisə Moskvanın münasibətindəki maskanı tam çıxardı: üzr istəmək, kompensasiya ödəmək, günahkarları cəzalandırmaq əvəzinə, Kreml, əksinə, anti-Azərbaycan ritorikasını sərtləşdirməyi seçdi.
Bu da o deməkdir ki, Rusiya artıq təkcə diplomatik münasibətləri pozmur, Azərbaycanı bütövlükdə hədəf kimi müəyyənləşdirib. Kabanovun çıxışları həmin xəttin ideoloji ifadəsidir - bu, Rusiyanın “yeni siyasəti”nin səsini daşıyır.
Kirill Kabanovun bəyanatı tək bir şəxsin dili ilə səslənmiş düşmənlik deyil - bu, Kremlin rəsmi ideoloji kursunun səsidir. Maskalar artıq düşüb. Rusiyanın “faşist hüquq müdafiəçisi” obrazı onun gerçək simasını gizlədə bilmir.
Bu sima 200 ildir eyni qalır - Azərbaycanı təzyiqlə, hədə ilə, ideoloji manipulyasiya ilə əyməyə çalışan bir imperiyanın siması. Amma bu dəfə o imperiya tənəzzül dövründədir.
Azərbaycan isə güclənir, müstəqildir və bu cür qara ritorikalara boyun əyməyəcək qədər təcrübəlidir.
Azərbaycanı “düşmən dövlət” kimi tanımaq çağırışları artıq nədən xəbər verir? Bu çağırışlar prosesin haraya qədər inkişaf edəcəyi ehtimalını yaradır?
Hikmət Babaoğlu
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Kabanovun bəyanatları Rusiya-Azərbaycan münasibətlərini şərh etməkdən daha çox azərbaycanlılara qarşı etnik nifrətə köklənmiş açıqlamalardır: “Görünür, bunun da müxtəlif səbəbləri ola bilər. Rusiyanın Azərbaycana qarşı hər hansı bir addımı adekvat addımlarla qarşılanacaq. Kabanov isə öz səviyyəsində açıqlamalar verib. Müxtəlif ölkələr arasında münasibətlər kəskinləşə də bilər, yaxşılaşa da bilər, amma bu o demək deyil ki, iki qonşu ölkə öz ərazisində bir-birinin abidələrini dağıtmalıdır, etnik təmizləmə aparmalıdır. Bu, radikalizmin dərin çuxurudur. Bu çuxura yuvarlananlar oradan çıxa bilmirlər. Ona görə də Kabanov hərdən real müstəvidə Rusiya-Azərbaycan münasibətlərinə də baxmalıdır. Bugünlərdə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək. Şimal-Cənub dəhlizi ilə bağlı müzakirələr aparılacaq. Elə bu gün Azərbaycanda böyük bir idman hadisəsi - MDB ölkələri idman yarışları həyata keçirilir. Burada rus komandası da iştirak edir. Görünür, azərbaycanlılara qarşı etnik nifrət, ya da rus şovinizmi Kabanovun gözlərini o qədər örtüb ki, bunları görə bilmir”.
Deputat vurğuladı ki, Kabanovun iddiaları tamamilə yalan və yersizdir: “Azərbaycan heç bir ölkəyə qırıcı təyyarə göndərmir. Ukraynaya yalnız humanitar yardım karvanları göndərilir ki, bu da antihumanistlər tərəfindən dərk edilən hadisə deyil. Ona görə də Kabanovun gözünə göndərdiyimiz humanitar yardımlar qırıcı təyyarələr kimi görünür. Düşünürəm ki, bu cür Rusiya-Azərbaycan münasibətlərinə erməni lobbisi eynəyindən, ya da rus şovinizmi eynəyindən baxanların cəzasını elə Rusiyadakı sağlam qüvvələr özləri kəsməlidirlər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ