Onlayn ictimai-siyasi qəzet
Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü keçirilir. Toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları, nümayəndə heyətləri iştirak edəcəklər.
Gündəliyə bölgədə və beynəlxalq aləmdə aktual məsələlərin müzakirəsi, üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, birlik, sülh və rifahı irəli aparmaq məqsədilə mühüm sənədlərin qəbul edilməsi daxildir. Artıq qurumun Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.
“XXI əsrin siyasi coğrafiyası yeni güc mərkəzlərinin formalaşması, regional ittifaqların qlobal sistemdə artan çəkisi və beynəlxalq münasibətlərin çoxqütblü xarakter alması ilə səciyyələnir. Bu proseslər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə ortaq etnik və mədəni bağlarla birləşən dövlətlərin əməkdaşlıq platforması deyil, həm də suveren siyasətlərin sinxronlaşdırıldığı, iqtisadi sinerjinin yaradıldığı və təhlükəsizlik sahəsində strateji koordinasiyanın qurulduğu çoxölçülü bir sistem kimi ön plana çıxır. Artıq TDT yalnız mənəvi-mədəni həmrəyliyin ifadəsi deyil, həm də formalaşmaqda olan qlobal geosiyasi aktor kimi tanınır. Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü bu reallığın təsdiqi və yeni mərhələyə keçidin simvolu olacaq”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, “Regional sülh və təhlükəsizlik” mövzusunda baş tutacaq bu Zirvə təkcə diplomatik-protokol xarakterli toplantı deyil:
“Türk dünyasının gələcək strateji konturlarının müəyyən ediləcəyi, vahid təhlükəsizlik və inkişaf konsepsiyasının formalaşdırılacağı mühüm hadisə kimi tarixə düşəcək. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statuslu dövlətlərin liderləri son görüşdən bəri həyata keçirilmiş layihələri qiymətləndirəcək, qarşıdakı mərhələlər üçün prioritetləri müəyyən edəcəklər.
Görüşün yekununda qəbul olunacaq sənədlər, xüsusilə Zirvə Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun daha yetkin mərhələyə keçidini ifadə edəcək. Bu Zirvədə TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək ki, bu da ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi və siyasi təsdiqi olacaq. Azərbaycan artıq uzun müddətdir ki, Türk dünyasının həm ideoloji, həm də praktiki mənada lokomotivi kimi çıxış edir.
Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri bu strategiyanın mahiyyətini tam ifadə edir.
Azərbaycanın müstəqil xarici siyasəti, regional sabitliyin təminində rolu və iqtisadi potensialı TDT-nin möhkəmlənməsində əsas dayaqlardan birinə çevrilib. TDT-nin inkişaf dinamikası onun ənənəvi regional birliklərdən kəskin fərqləndiyini göstərir. Əgər ilk illərdə təşkilatın əsas məqsədi mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi idisə, bu gün gündəlikdə enerji təhlükəsizliyi, müdafiə sənayesi, kibertəhlükəsizlik, nəqliyyat-logistika, kosmik tədqiqatlar və strateji kommunikasiya kimi sahələr dayanır.
Xüsusilə Avrasiya enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Türk dövlətləri “Şərq-Qərb”, “Şimal-Cənub” və “Orta Dəhliz” kimi layihələr vasitəsilə qlobal ticarət sistemində mühüm rol oynamağa başlayıblar. Bu, TDT-nin tədricən müstəqil geosiyasi güc mərkəzinə çevrildiyini sübut edir”.
Deputat bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir çox layihə Türk birliyinin konkret reallığa çevrildiyini göstərir:
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə qardaş ölkələrin verdiyi töhfələr, burada inşa olunan məktəblər, mədəniyyət mərkəzləri və sosial obyektlər ümumtürk həmrəyliyinin praktik təzahürüdür. Prezident İlham Əliyev Bişkek Zirvəsində bu dəstəyə görə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstana təşəkkürünü bildirərək, bu əməkdaşlığın yalnız rəmzi deyil, real nəticələr doğurduğunu vurğulamışdı.
Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul olunmuş Qarabağ Bəyannaməsi də bu istiqamətdə dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır” bəyanatı həm ideoloji, həm strateji məna kəsb edir. Bu fikir Türk dövlətləri arasında ortaq siyasi iradənin formalaşmasına, vahid məqsəd istiqamətində koordinasiyanın güclənməsinə stimul verir.
Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni inteqrasiya mexanizmi deyil, həm də təhlükəsizlik və siyasi koordinasiya platformasıdır. “Regional sülh və təhlükəsizlik” mövzusunun Qəbələ Zirvəsinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi də təsadüfi deyil. Bu, Türk dövlətlərinin beynəlxalq münasibətlərdə özünəməxsus təhlükəsizlik gündəliyi formalaşdırmaq niyyətindən xəbər verir.
Gələcək mərhələdə TDT çərçivəsində birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kiber və informasiya təhlükəsizliyi sahəsində ortaq mexanizmlərin yaradılması gündəmdə olacaq”.
Müsahibimiz onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatı həm də tarixi irsin müasir dövrə inteqrasiyasının nümunəsidir:
“Türk sivilizasiyası tarix boyu bəşəriyyətə elm, hüquq, dövlətçilik, hərb və mədəniyyət sahələrində mühüm töhfələr verib. Bu irs əsasında formalaşan müasir Türk birliyi artıq siyasi təsisat şəklində fəaliyyət göstərir.
Azərbaycan bu baxımdan təkcə iqtisadi və hərbi deyil, həm də mədəni liderlik missiyasını daşıyır. Paytaxt Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və digər qurumlar bu istiqamətdə Azərbaycanın rolu və məsuliyyətini daha da gücləndirir.
Bu gün TDT strukturlaşmış, institusional və qlobal proseslərə adaptasiya olunmuş bir güc platforması kimi formalaşır. Məqsəd təkcə əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək deyil, həm də Türk dövlətlərinin beynəlxalq sistemdə vahid strateji mövqedən çıxış etməsini təmin etməkdir.
Türk dünyasında inteqrasiya, etimad və həmrəyliyin dərinləşməsi artıq bu təşkilatı regional sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevirib.
Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi onu təkcə türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionları üçün alternativ sabitlik mərkəzinə çevirəcək. Bu, XXI əsrin geosiyasi mənzərəsində Türk dünyasının kollektiv iradəsinin və güc potensialının yeni mərhələyə qədəm qoyması deməkdir. Qəbələ Zirvəsi bu prosesin başlanğıcı deyil, lakin onun tarixi təsdiqi olacaq. Azərbaycan isə bu yolun mərkəzində dayanaraq Türk dünyasının strateji gələcəyini formalaşdıran əsas qüvvə rolunu oynayacaq”.
Cavanşir ABBASLI
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ