İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğınla oyanan bazardan ƏN SON GÖRÜNTÜLƏR - FOTOLAR

İyulun 14-nə keçən gecə 2 radələrində Bakının Nərimanov rayonunda yerləşən Dərnəgül taxta bazarında güclü yanğın baş verib.

Musavat.com-un əməkdaşı hadisədən sonra bazara baş çəkib və ərazidəki vəziyyətlə maraqlanıb, satıcılarla söhbətləşib.

Bazarın müxtəlif yerlərində yanmış taxtalar, qaralmış köşklər və su ilə islanmış döşəmələr hələ də yanğının izlərini göstərirdi. Əraziyə toplaşan satıcılar ziyanın miqdarından, mallarının külə dönməsindən danışır, səbəbin nə olduğunu öyrənməyə çalışırdılar.

Yanğının başladığı gecə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb edilib, alovun digər köşklərə keçməsinin qarşısını alıblar.

Rəsmi məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qısa müddətdə söndürülüb.

Satıcıların sözlərinə görə, yanğının səbəbi hələ də məlum deyil. Bəzi sahibkarlar ehtimal edirlər ki, yanğın ehtiyatsız davranışın nəticəsi ola bilər. Bazar rəhbərliyi isə zərərin hesablandığını, sığortası olan obyekt sahiblərinə dəstək göstəriləcəyini bildirib. Sığortası olmayanlar isə Allahın ümidinə buraxılır.

Dərnəgül taxta bazarı son illər bir neçə dəfə yanğın hadisələri ilə gündəmə gəlib. Bu bazarda alov qalxanda həm sahibkarlar, həm də əraziyə yaxın yaşayan sakinlər üçün kabus dolu gecələr başlayır. 2017, 2019, 2022 və 2023-cü illərdə də bu bazarda genişmiqyaslı yanğınlar olub. 2017-ci il iyunun 14-də Dərnəgül taxta bazarında baş verən yanğın nəticəsində bazarın böyük bir hissəsindəki taxta-şalban yanıb kül olmuşdu. Bazarın həmin hissəsi istifadəyə yararsız hala düşmüşdü. O vaxt bu hadisə uzun müddət ictimai müzakirələrə səbəb olmuş, bazarda təhlükəsizlik tədbirlərinin zəifliyi tənqid edilmişdi.

O dəhşətli yanğından 8 il ötüb. Buna baxmayaraq, bu gün də taxta bazarında yanğın təhlükəsizliyi olduqca aşağı səviyyədədir. Bazarda yüksək yanğın təhlükəsi səviyyəsinə uyğun təhlükəsizlik tədbirlərindən əsər-əlamət yoxdur. Ərazidə yanğın hidrantları gözə dəymir, obyektlərdə yanğınsöndürmə balonlarını da görmədik. Halbuki, yanğın təhlükəsizliyi balonları görünən yerdə olmalıdır ki, yanğın anında kimsə hansısa taxtanın altından, obyektindəki gizli saxlanc yerindən alovla mübarizə aparmaq üçün vasitə axtarmasın.

Bir sözlə, müşahidələrimizə uyğun gəlinən nəticə budur ki, Dərnəgüldəki taxta bazarında yanğın üçün əlverişli şərait hökm sürür. Bir söndürülməmiş siqaret kötüyünün hər tərəfə səpələnən taxta qırıntıları üzərinə düşməsi kifayətdir ki, bazar kibrit çöpü kimi alışıb yansın, külə dönsün.

Bazarda fəaliyyət göstərən satıcılardan biri Musavat.com əməkdaşına deyib ki, ticarət obyektində son illərdə tez-tez yanğın baş verir ki, bu da onların işini ciddi şəkildə çətinləşdirir:

"Gecə burada deyildik, səhər gəlib gördük ki, mallarımız yanıb. Çox pis vəziyyətdir. Bütün ailəmizin dolanışığı buradandır, nə edəcəyimizi bilmirik".

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR