Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulindən qalmaqallı açıqlama gəlib.
Rusiyalı deputat “Lenta.ru” saytına verdiyi müsahibəsində bildirib ki, Azərbaycan heç vaxt Rusiya üçün strateji tərəfdaş olmayıb. Zatulinin sözlərinə görə, Azərbaycanın nə Avrasiya İqtisadi İttifaqında, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı var və məhz bu qurumlara üzv ölkələrə qarşı “strateji tərəfdaş” anlayışı işlədilir.
“Eyni zamanda, belə təşkilatlarda iştirak belə, ölkələrin açıq şəkildə anti-Rusiya siyasəti yürütməsinin qarşısını almır”, – deyə Zatulin qeyd edib.
Deputat, həmçinin, 2023-cü ilin payızında Qarabağda erməni silahlı birləşmələrinin tərk-silah edilməsindən və bölgənin tam Azərbaycan nəzarətinə keçməsindən sonra rəsmi Bakının artıq Moskvadan çəkinməyə ehtiyac görmədiyini bildirib.
“Qarabağın erməni əhalisindən təmizlənməsindən sonra Azərbaycanın rəhbərliyi üçün Rusiyanın mümkün mənfi reaksiyası ilə hesablaşmaq ehtiyacı ortadan qalxdı. Rusiya ilə xüsusi münasibətləri qabartmaq artıq vacib deyil”, – deyə Zatulin vurğulayıb.
Buna baxmayaraq, Zatulin hesab edir ki, Qarabağ mövzusu olmasa belə, Azərbaycan və Rusiya ticarət və iqtisadi əməkdaşlıqdan faydalanmalıdır. Onun sözlərinə görə, hazırda Rusiyada çox sayda azərbaycanlı miqrant işləyir və Rusiya vətəndaşları arasında da azərbaycanlılar geniş təmsil olunur. Deputat əlavə edib ki, Azərbaycan heç zaman strateji tərəfdaş olmayıb və bu, Rusiyanın öz səhv yanaşmasının nəticəsidir:
“Azərbaycan heç vaxt strateji tərəfdaş olmayıb – bu, bizim yanlış təsəvvürümüz idi. Onu “Şimal-Cənub” nəqliyyat dəhlizinin elementi kimi istifadə etmək planlarımız da, məncə, çox problematik görünür. Bu istiqamətdə işlər aparılır, amma hələlik ciddi irəliləyiş yoxdur”.
Qeyd edək ki, Konstantin Zatulin Ermənistana dəstək verən mövqeyi və Azərbaycan əleyhinə sərt açıqlamaları ilə tanınır. O, daha əvvəl dəfələrlə Bakı ilə Moskva arasında münasibətləri şübhə altına alıb və Kremlin “Ermənistana daha çox borclu” olduğunu iddia edib.
Şahanə Rəhimli
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ