Onlayn ictimai-siyasi qəzet
Vətənimiz şimal-cənub, şərq-qərb, Asiya-Avropa, müsəlman-xristian, oliqarxiya-demokratiya, məmur-xalq və sairə qütblərin, təzadların çarpışma, kəsişmə nöqtəsində yerləşir, buna qədimdə, marksizm modda olan vaxtlarda “dialektik materializmin əksliklərin vəhdəti və ziddiyəti” deyirdilər. Şəxsən mən uzaq 1989-cu ildə ali məktəbə girəndə bu dialektikadan qəbul imtahanı vermişəm, sonra da bir neçə il unudulmaz fəlsəfə müəllimimiz Vəli Paşayevdən mühazirələri dəftərimə köçürmüşəm. Bu nəzəriyyənin qısa mənası odur ki, dünyamız ziddiyyətlərin toqquşması nəticəsində inkişaf edir. Nə varsa, onun mütləq tərsi də var. Varlı varsa, kasıb da olacaq. Deputat varsa, hardasa seçici vardır. Manısları dinləyən olmasa, onlar efirdə ulaşmazlar. Və sairə və ilaxır – bunu bezrazmer kimi istədiyiniz qədər uzada bilərik.
Təbii ki, əksliklərin vəhdəti bölgəsində yaşamaq azərbaycanlıların təfəkkür tərzinə, dünyagörüşünə, necə deyərlər, həyat və yaradıcılığına istər-istəməz təsirini göstərir. Məsələn, bizdə Rusiya aşiqləri ilə İransevərlər, liberallar və vəhhabilər, namuslu insanlar və saxtakarlar, nazirlər və dilənçilər dinc və yanaşı yaşayırlar. Azərbaycan həm də buna görə bizim sevimli məmləkətimizdir! Ziddiyyətlər var, lakin onlar dialektikdir, inkişaf doğurur! Korrupsiya dünyanın hər yerində var, lakin bizdə o, inkişafa səbəb olur. Verən olmasa, alan da olmaz. Verdin adındır, qaldı yadındır...
Təsadüfi deyil ki, qeyri-səlis məntiq nəzəriyyəsini də bir həmyerlimiz – Lütfi Zadə kəşf eləmişdir. Həmin elmə görə dünya ağ və qara rənglərdən ibarət deyildir. Boz da var. Elmi izah etsəm, dünyada “qatıq qaradır, yoxsa ağ” sualına biz “qatıq bozdur” cavabı ilə nöqtə qoymuşuq. Yaxud, “toyuq əvvəldir, ya yumurta” sualının ən mükəmməl cavabı da məhz AMEA Zoologiya Universitetində tapılıb: “Əvvəldə xoruz olub”.
Bu yaxında qəzetdə bir məqalə oxudum. Müəllif yazırdı ki, iqlim dəyişir, son illər Azərbaycan ərazisində günəşli günlərin sayı azalır, bu isə iqtisadiyyatımıza ziyan vuracaqdır. Məsələn, deyir Günəş enerjisi stansiyalarımız lazımi gücündə işləyə bilməyəcək. Halbuki, buludlu-yağışlı havalar da bizə başqa imkanlar açır! Bunu görmək lazımdır. Yadınıza gəlirsə bir azərbaycanlı uşaq yağış suyundan elektrik enerjisi almaq üçün qurğu kəşf etmişdi. Həmin vaxt bu bir qədər fantaziya kimi görünürdü, çünki gərək nə boyda əraziyə vedrə düzəydik. O cümlədən, yağış da az yağır, tez kəsirdi. Şair demişkən, “Gözümüzün yaşını da, Rəisin maşınını da, Aldığımız maaşı da, Yağış yuyur, gün qurudur”. İndi isə yağışlı günlər çoxalacaq. Uşaq da yəqin böyümüş olar, tapmaq lazımdır, qoy kəşfini reallaşdırsın nəhayət.
Başqa bir möhtəşəm dialektika örnəyini Aşura günü münasibətiylə məscid imamlarının birinin dilindən eşitdim. O sahədə də, məlumatınız var, hər il mənasız münaqişə, təfriqə salınır, Qafqaz Müsəlmanları İdarəsinin dini tədbirlər planı başqa ölkələrin dini müctəhid və idarələrinin kalendarları ilə toqquşdurulur. Misal üçün, QMİ Şamaxı Ruhani rəsədxanasının məlumatına söykənərək bu ilki məhərrəmlikdə Aşura gününün 5 iyula düşdüyünü bəyan etmişdi. Zəhmətkeşlərimizin çoxu da məhz həmin gün məscid, pir və ocaqlara axışaraq hərə məqbul saydığı formada – biri sinə döyərək, başqası zəncir vuraraq, qan verərək, alın çaparaq – mərasimi qeyd etdi. Amma İrandan gələn fətva ilə 6 iyulu Aşura sayanlar da var. Kim haqlıdır, Ay əslində haçan çıxır (buluda qalsa heç çıxmır), bununla mənim işim yoxdur. Mənə xoş gələn milli mollamızın (təəssüf ki, Vatsapda rastıma çıxan o gözəl insanın adını bilmirəm, yoxsa yazardım) göstərdiyi yol idi. Dedi ki, məmuriyyətin tapşırığı ilə Aşuranı 5 iyulda, qəlbimizin hökmü ilə də 6 iyulda qeyd edək, bunlar bir-birinə mane olmur.
Ancaq hələ durun, bununla mövzu bitmir ki? Adam təklifinin izahatını da mükəmməl şəkildə verdi: “Hədisə görə (savadlı olduğunu göstərmək üçün həmin yerini ərəbcə söylədi – Z.H.) hər gün Aşura, hər yer Kərbəla-dır. Ona görə Aşuranı həm 5, həm 6 iyulda keçirmək olar”.
Bizə zaval yoxdur, biləsiniz. Biz istənilən zamanın və təqvimin sınağından uğurla çıxırıq.
26 Iyul 2025
25 Iyul 2025
24 Iyul 2025
23 Iyul 2025
20 Iyul 2025
18 Iyul 2025
17 Iyul 2025
16 Iyul 2025
15 Iyul 2025
13 Iyul 2025
12 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
09 Iyul 2025
08 Iyul 2025
06 Iyul 2025
05 Iyul 2025
04 Iyul 2025
03 Iyul 2025
02 Iyul 2025
01 Iyul 2025
29 Iyun 2025
28 Iyun 2025
27 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ