Onlayn ictimai-siyasi qəzet
Orta Doğu üzrə barış konfransı başımızı elə qatdı ki, Milli Məclisdə gedən tektonik-geopolitik prosesləri diqqətdə saxlaya bilmədik. İlk növbədə Ədalət, Haqq, Hüquq, İnsaf, Vicdan, Mərifət Partiyasının parlament fraksiyasındakı parçalanmanı nəzərə almalıyıq. Yəqin bu hadisə gələcək koalisyon hökumətlərimizə sarsıdıcı təsir göstərəcəkdir. Bir az ətraflı yazım, vacibdir. Nə qədər Baboş, Tolik kimi bekar mövzularla maraqlanacaqsınız? Müdriklər yaxşı deyibdir: sən siyasətlə maraqlanmasan, siyasət səninlə maraqlanar. Əbu Turxanın da bu temada yaxşı afyorizmi vardır: “Əgər yarpaqlar saralıbsa, deməli, oktyabr ayıdır”. Qayıdaq mövzuya, yoxsa o da belə getsə xəzanın altında qalıb məhv olacaqdır. Şair necə deyib? “Müəzzin naləsin alma qulağə, düşmə təşvişə, Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma”.
Bəli. Ərz etdiyim kimi, bugünlərdə Milli Məclisdəki Ədalət, Hüquq, Demokratiya Partiyasının (qısaltması son hadisəyə qədər ƏHD alınırdı, indi naməlumdur) 2 üzvündən birini - Elçin Mirzəbəylini partiyadan xaric etmişlər.
Parlament müxalifətimiz üçün ciddi itkidir. İndən belə ƏHD hansısa qanun layihəsinə səs verəndə yetərsay alınmayacaq. Bu, parlamentarizm tariximiz üçün ciddi təhlükə doğurur. Bəs burada əhdə sədaqət hanı? Niyə belə eliyirsiniz, hıy, şərurlu İsfəndiyar demişkən?
Sözgəlişi, sevindirici haldır ki, belə fraksiya böhranı REAL partiyamızı gözləmir, çünki onu MM-də yalnız 1 deputat təmsil edir: Erkin Qədirli. Əgər Erkin müəllim, Allah eləməsin, meyoz üsulla, ya da amöblər kimi yarıya bölünsə, bəlkə o zaman fraksiya parçalanacaqdır.
Digər tərəfdən, parlamentin iqtidar üzvlərindən ağsaqqal YAP-çı Səyyad müəllimin davranışları xalqımızda və seçicilərdə təşviş doğurur. Məsələn, bir gün spikerə deyir ki, mənə söz ver, danışım. Dəhşətdir. Özünü deputat kimi aparır. Başqa vaxt intervüsündə bildirir ki, bəzi nazirlər mənim 8 dəfə zəngimə cavab vermir, kəndə körpü çəkdirməliydim, yarımçıq qalıb, seçicilərinə isə “başınıza dönüm, qadanızı alım” deyə müraciət edirmiş.
Bax, bizə belə deputatlar lazımdırmı? Ola bilər. Ancaq millət də belə danışan deputatları hoydu-hoyduya götürürmüş, Səyyad müəllim deyir ta danışmaq istəmirəm. Bəs onda naziri niyə qınayırsan? O da deputatla danışanda xərcə düşür da bə.
Yəni, hardan baxırsan bax, istəyirsən “turbinadan”, istəyirsən qara camaatın arasından - paradoksla üz-üzəyik. Bunu da şair vaxtilə yaxşı təsvir eləmişdir: “Eşqin meyin bu nazlının əlindən, İçsəm öldürərlər, içməsəm ölləm. Səlvi sənubər tək incə belindən Qucsam öldürərlər, qucmasam ölləm”.
Hər bir halda, xalq danışan deputatları yadda saxlayır, onların yeri görünür. Məsələn, biz Binəqədi sakinləri rəhmətlik deputatımız Hacı Madərin alovlu çıxışlarından ötrü qəribsəmişik. İnsan hər gün Milli Məclisdə danışardı. Səmimi etiraf etmək istəyirəm, mən indi də hərdən MM-dən canlı yayımlara, qanun müzakirələrinə, kəskin diskussiyalara, diskurslara və ekskursiyalara baxanda, dinləyəndə mənə elə gəlir Madər müəllimin doğma səsini eşidirəm.
Deputat Ramil müəllim isə mandatından imtina edibdir, çünki onu Türk Dünyası Parlament Assambleyasında (ya da buna oxşar nəsə adı var, inşallah, az qalıb, Turanı qururuq, ondan sonra qalır Ərgənəkon) baş katib işləməyə göndəriblər. Əlbəttə, bu da vacib vəzifədi, ancaq bəs onun seçicilərinin taleyi necə olacaq? Ramil müəllimin dairəsində körpüyə ehtiyac yoxdurmu?
İnşallah, tezliklə həmin dairədə yeni seçki olar. Bizdə adətən mandatsız, deputatsız qalmış dairələrə dərhal yeni seçkilər keçirilir. Bəzən bu hadisə elə sürətlə baş verir ki, hansısa dairədən 3-4 deputatımız olur.
Son anda aldığım ilginc xəbərə görə, Səyyad müəllim həmin məmura 9-cu dəfə zəng eləmişdir, hələlik nəticələr haqqında ətraflı məlumatımız yoxdur, Zaporojye yaxınlığında qızğın döyüşlər gedir.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ