İnsanlara hürriyət, millətlərə istiqlal!

Ey hörmətli müəllim

Şübhəsiz, 5 oktyabra Beynəlxalq Müəllimlər Günü kimi başlayaraq əziz pedaqoqlarımızı təbrik etməliyik. Müəllim peşəsinin hörməti hər il daha da artmaqdadır. Ona görə də biz tanıdığımız-tanımadığımız hər bir şəxsə hörmət əlaməti olaraq “müəllim” deyə müraciət edirik. Bəlkə də həmin adam başkəsəndir. Bəlkə at oğrusudur. Ya da, nə bilim, adi dələduzdur. Dəxli yoxdur, bizdə ümumxalq müraciət forması olaraq “müəllim” sözündən istifadə edilir.

Mən bu barədə çox düşünmüşəm. Məsələn, ümumxalq müraciət üsulu kimi, istəsək adamlara “doxtur”, “rəis”, “şair” və sairə müraciətlər də edə bilərdik. Və bu zaman müraciətin gerçəkliklə üst-üstə düşmək ehtimalı azalmazdı, hələ bəlkə çoxalardı. Nahaq yerə bizə “şair xalq” ləqəbi yapışdırılmayıb ki? Qurdalasan hamı haçansa şeir yazmışdır. Xüsusilə cavanlıqda, aşiq-məşuq vaxtlarında.

Sözgəlişi, bugünlərdə hardasa gözümə informasiya dəydi, sən demə Azərbaycan Yazıçılar Birliyinin 3 min üzvü var imiş. Anar müəllimin üzüyola olmağından istifadə edərək hamı birliyə doluşmuşdur. Bəzi ağsaqqal yazıçılar isə buna etiraz edir, deyirlər artıq burda basabasdır, təzələr hara doluşur, bizim özümüzə yer qalmır və sair. Məncə paxıl yanaşmadır. O cümlədən, “niyə bu qədər çox şair var” yanaşması, neqativ rəyi insan hüquqlarına ziddir. Kimə nə dəxli var? Yoxsa şeir yazmaq da monopoliyaya alınır, hansısa holdinqə verilir? Şeir yazmaq üçün həyat yollarında xüsusi zolaqlar salınacaqdırmı?

Qayıdaq mövzuya. Mən müəllim peşəsinin ümumxalq müraciət formasına çevrilməsinin sirrini çözmüşəm, bu, uca millətimizin öyrənmək və öyrətmək eşqinin qabarıq olması ilə bağlıdır. (El arasında buna “eşqi dombalıb” deyirlər, çox sevimli ifadədir).

Azərbaycan xalqı başqa xalqlara nisbətən daha çox oxuyur, daha çox oxudur. Hara baxsan kitab dükanıdır. Biləcəridə laçınlı qəssablar var idi, Beyləqan quzusu satmağı dayandırıb son günlər Mücirəddin Beyləqanin şeirlər toplusunu satırlar. Şairin bu beyti, hazırda çox aktualdır: “Su təbimin odunu söndürüb qoysa minnət, Susuzluqdan ölərəm, suya baxmaram, əlbət”. Yəqin xəbəriniz var, hökumət suyun qiymətini qaldırmağa hazırlaşır.

Metroda camaat bir yana, maşinistlər də kitab oxuyur, dünən mən buna görə “Əcəmi” əvəzinə “Sahil”ə gedib çıxmışdım. Adamın başı romana qarışıb, qatarı səhv yoldan sürüb. Əlbəttə, bunu məndən başqa hiss edən olmadı, çünki bütün sərnişin heyəti də başını aşağı salıb kitab oxuyurdu.

Təhsil sferasında islahatlara gələndə, orada çoxlu böyük işlər görülür. Misal üçün, srağagün uşaq bağçasından şikayət dalıyca gedən müxbir müəlliməni qovalayıb tuta bilməmişdi. Müəllimə tualetə girib ordakı pəncərədən qaçmışdı. Sanki triller-nuar janrında bir Jan Pyer Melvill filmi izlədik. Əgər müəllimə canlı, sağlam olmasa pəncərədən qaça bilərdimi? Deməli xalq, hökumət təhsilə diqqətlə yanaşır.

Yaxud, ağır cinayət məhkəməsində Elm və Təhsil Nazirliyi əməkdaşının evindən 350 min manat oğurlanması işinə baxıldı. Əməkdaş deyir ki, hər dəfə maaş alanda müəyyən hissəni seyfə yığırmış. Bizdə nazirin, hətta baş nazirin də maaşı rəsmi olaraq 3 min manat ətrafında cövlan edir, lakin məhkəmədəki yoldaşın adına nəinki nazir, heç nazir müşavirləri sırasında rast gəlmədik. Deməli onun 350 min manatı maaşdan qırıb-qırtıb toplamağı qeyri-realdır. Amma kimə nə? Ona qalsa REAL partiyası da hazırda qeyri-realdır. Müsavat və AXCP isə lap Barselonadır. (Şit zarafat eləmək istədim, əziz bayram günündə dedim, kefiniz açılsın, müəllifin səviyyəsinə gülün).

Təhsil sferasında bir maraqlı hal da müşahidə etmişəm. Bizdə elə məktəblər var bir sinifdə 45 uşaq oxuyur, uşaqlar partaya növbə ilə minirlər, elə məktəb də var uşaq o qədər azdır, 1-ci siniflə 6-cı sinif bir otaqda, eyni vaxtda dərs keçir. Bu isə təhsilə diferensial yanaşmanı göstərir. Təbrik edirəm. Pedaqoqlarımız yenə su idarəsini qabaqlamışdır. 

Sonda bütün əziz müəllimlərə yaxşı, pullu kurs uşağı tutmağı arzulayır, hər birinə virtual olaraq “Nazpəri-Dubay” şokoladı hədiyyə edirəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

05 Noyabr 2025

04 Noyabr 2025

02 Noyabr 2025

01 Noyabr 2025

31 Oktyabr 2025

30 Oktyabr 2025

29 Oktyabr 2025

28 Oktyabr 2025

26 Oktyabr 2025

24 Oktyabr 2025

23 Oktyabr 2025

22 Oktyabr 2025

21 Oktyabr 2025

19 Oktyabr 2025

18 Oktyabr 2025

17 Oktyabr 2025

16 Oktyabr 2025

15 Oktyabr 2025

14 Oktyabr 2025

12 Oktyabr 2025

11 Oktyabr 2025

10 Oktyabr 2025

09 Oktyabr 2025

08 Oktyabr 2025

07 Oktyabr 2025

05 Oktyabr 2025

03 Oktyabr 2025

02 Oktyabr 2025

01 Oktyabr 2025

30 Sentyabr 2025