İnsanlara hürriyət, millətlərə istiqlal!

İnci çaydanı - Zamin Hacı YAZIR...

Dəyərli həmkarlarımızdan biri bulvarda çay içib, hesabı görəndə isə ürəyi yanıb. İki çaydan çay və bir nəlbəki qarpız mürəbbəsinə görə ondan 26 manat 40 qəpik almışlar. Jurnalist soruşur bu nə deməkdir, aidiyyəti olan orqanlar hara baxır, soyğunçuluqdur və sairə.

İlk növbədə onu qeyd edim ki, həmkarımızın şikayətnaməsində “aidiyyəti qurumlar” ifadəsini görəndə çox sevindim. Sanki qızıl tapmışdım. Xoş uşaqlıq nostaljisi kimi bir zad. Çünki bizdə bu ifadəni sovet dövründəki qəzetlərdə yazırdılar. Müstəqillik dövründə sanki unudulmuşdu. Şəxsən mən bunun sinonimi olan “əlaqədar orqanlar” söz birləşməsini istifadə edirəm. İndi yazılarımın dilini zənginləşdirəcəyəm. Bəli. Mətbuat belə inkişaf edir. 150 illiyimiz bir daha mutlu olsun.

İkincisi, çayın qiyməti əslində çox baha deyil, çünki həmin kafedən elə 200 metr aralıda 6 butulka “Sirab”ı təzəlikcə turistlərə 99 manat 40 qəpiyə satmışdılar. (Həmişə qəpiklər göstərilməlidir, çünki bizim iaşə sektorunda saxtakarlıq olmur, yüksək dəqiqlik yaşanır. İndi ağlıma gəldi ki, biz bu “iaşə” sözünü də sovetdən sonra haqsız olaraq unutmaqdayıq. Halbuki, bu söz bir çox maraqlı sözlərlə qafiyə kimi səslənir, uşaq-muşaq oxumasa yazardım).

Üçüncüsü, Xəzərin sahilində qaynadılmış su və şəkərli qarpızın sintezindən ibarət o menyüyə - sən adını “çay və mürəbbə” qoyanda məzmun dəyişmir – həsrət qalan insanlar var. Məsələn, bu dəqiqə Bakıda elə yaşayış binaları var ki, camaat orda su kəmərinə Həzrət Abbas Əlqəmə nəhrinə baxan kimi baxır. Vallah, şişirtmə eləmirəm. İnsanlar su deyib ağlaşır. Hətta bir əski deputat bəyanat vermişdi, deyir nəvəmi çimizdirmək üçün vedrədə su daşıyıram. Yəqin seçicilər üçün vaxtında bir damcı göz yaşı axıtsaydı indi xalq özü ona kubmetrlə su daşıyardı. Təzə məsəl düzəltdim bu münasibətlə: “Dövlətdə dəvə, övladda nəvə, su gəlmir evə, gərək xalq səni sevə”.  

Prinsipcə, nəinki Xəzərin qırağında, dənizin özündə də su qəhətə çəkilməkdədir. Hər gün dəniz geri gedir. Uca millətimiz buna maraqlı izahat tapmışdır. Deyir çoxlu neft çıxarılır, dənizin suyu həmin çuxurlara dolur, nəticədə sahil dayazlaşır. Hələ bu harasıdır, başqa daha zırıltı izaha rast gəlmişəm, deyir Putin Azərbaycana nifrət etdiyi üçün Volqanın qabağını kəsib Xəzəri qurudur. Təbii, Xəzərin 700 kilometr sahilinin Rusiya ərazisinə düşməsi də Putinin qəti vecinə deyil. İnquşları vecinə almırsa, Xəzəri niyə alsın?

Sözümün canı odur ki, bulvarda çaya 26 manat 40 qəpik ödənilməsi məntiqlidir, ədalətlidir, müqəddəsdir, gözəldir, alqışa layiqdir. Hələ obyektin adına bax: Mirvari! Bir mirvarini sudan çıxarmaq bəyəm asandırmı? Şair gör nə deyib: “Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-niysandan gühər verməz”.  Yani ki, sədəfin içinə aprel ayında yağış yağmalıdır, yalnız bu zaman inci əmələ gəlir və dünyadan kam almaq üçün çoxlu ağlamaq lazımdır. Hərçənd, indi Yaponiyada mirvarini fermada yetişdirirlər, aprel ayını gözləməyə ehtiyac yoxdur. Yad cisim lazımdır ilbizin içinə düşsün, suyu sonra obyektin özü qaynadır. Lap bizim çayxanadakı proses kimi.

Buna şübhəniz varsa, bulvarın keçmiş müdirlərindən birinin hazırda davam edən məhkəməsini izləyin. Jurnalistlər onu, yalan olmasın, “Bakının əmlak kralı” elan ediblər. Tək Abşeron yarımadasında 10 milyon manatlıq daşınmaz əmlak – ev, villa, obyekt saymışdılar. Sizcə adam həmin mülkləri müftə alıb? Xeyr. Onun içində qarpız mürəbbəsinin də pulu var.

Əlbəttə, indi giryan olmaq və gövhərə yetişmək növbəti məhkəmə işçilərinindir. Ki, orada mahir qəvvasların olduğunu biz yaxşı bilirik.

İndi söz aidiyyəti idarələrindir. Yazın görüm bu gün çaynikdən neçə mirvari çıxarmısınız.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

05 Noyabr 2025

04 Noyabr 2025

02 Noyabr 2025

01 Noyabr 2025

31 Oktyabr 2025

30 Oktyabr 2025

29 Oktyabr 2025

28 Oktyabr 2025

26 Oktyabr 2025

24 Oktyabr 2025

23 Oktyabr 2025

22 Oktyabr 2025

21 Oktyabr 2025

19 Oktyabr 2025

18 Oktyabr 2025

17 Oktyabr 2025

16 Oktyabr 2025

15 Oktyabr 2025

14 Oktyabr 2025

12 Oktyabr 2025

11 Oktyabr 2025

10 Oktyabr 2025

09 Oktyabr 2025

08 Oktyabr 2025

07 Oktyabr 2025

05 Oktyabr 2025

03 Oktyabr 2025

02 Oktyabr 2025

01 Oktyabr 2025

30 Sentyabr 2025