Onlayn ictimai-siyasi qəzet
1989-cu ildə, Meydan hərəkatının qızğın vaxtlarında mən Narxozun (indiki İqtisad Universiteti) 1-ci kursunda oxuyurdum, tələbə yataqxanasında qalırdım və təbii ki, bütün o “milli azadlıq hərəkatı” adlanan haqq-hesabın lap qaynar nöqtəsindəydim. Mitinqin, küçə yürüşünün, tətilin ardı-arası kəsilmirdi. Ancaq indiki günümüzdən baxanda sovet hökumətinin nə qədər aciz və axmaq rejim olduğunu bir daha dərk edirəm. Bu işdə mənə ABŞ-dakı olaylar dərin təsir göstərdi.
Hazırda orada qəribə münaqişə başlayıb. Prezidentlə universitetlər dalaşır. Tramp Harvard, Kolumbiya və sairə dünya şöhrətli ali məktəblərin büdcədən maliyyələşməsini dayandırıb, deyir, nə üçün sizin tələbələr İsrail əleyhinə mitinqlərə qatılmışdır. Kolumbiya Universiteti qorxaqlıq elədi, Trampın öz təbiriylə yazsam, “onun bir yerindən öpdü” - üzrxahlıq elədilər ki, büdcədən maliyyələşmə davam etsin. (Təsəvvür edin, dünya hansı vəziyyətə gəlib ki, mən bayaq ABŞ prezidentinin ifadəsini, hamının önündə səsləndirdiyi cümləni olduğu kimi yaza bilmədim, buna tərbiyəm imkan vermədi, həmçinin biz qəzetdə o cür sözləri ümumiyyətlə yazmırıq. Məcburən “bir yerindən” yazdım, halbuki Tramp bədən üzvünün adını necə varsa, elə də demişdi).
Harvard isə mübarizəni davam etdirir, Trampın önündə əyilmək istəmir. Deyirlər, biz ABŞ-ın özündən qədim universitetik (həqiqətən Harvard Universiteti 1600-cü illərdə yaradılıb, o vaxt Amerika adlı dövlət yox idi, ərazisi Britaniya, Fransa və sairənin müstəmləkəsi idi), büdcəmiz də 53 milyard dollardır, nə üçün universitetin müstəqilliyini bir diktatora qurban verməliyik və sairə. Necə hirsləniblərsə, hələ Trampın özünü məhkəməyə veriblər. Bu arada dövlət büdcəmizin Harvardın büdcəsinin yarısı qədər olmasını da düşünərək, salavat zikr edək.
Trampın universitetlərlə davası necə bitəcək? Kim birinci gözünü qırpacaq, mən bilmirəm. Baxmayaraq ki, yuxarıda adını çəkdiyim Narxozda elə planlaşdırma və proqnozlaşdırma üzrə ixtisas almışdım. Ola bilsin, bir çox başqa “islahat”larında olduğu kimi, Tramp burada da dala verəcək (ta keçib, adamın dilinə uyğun leksikona uymalıyıq). Çünki gömrük tarifləri, Rusiya-Ukrayna savaşı kimi temalarda fövqəldövlət liderinin fövqəladə şəkildə burcutmasına indiyədək çox şahid olmuşuq. Bu gün dediyini sabah danır. Hətta bəzən sabahı gözləmir, bir cümlənin içində həm təsdiq, həm inkar edə bilir. Milli folklorumuzda rast gəlinən “qarışqa mindik, çay keçdik, yabayla dovğa içdik” kimi təkərləmələr Trampın rəsmi leksikonudur. Mənim retrospektivimin mənası isə başqadır.
İndi yadıma düşür ki, biz neçə il tətil elədik, meydanlarda yatdıq, dekanın, rektorun, yalan olmasın, üzünə tüpürdük, Qorbaçova, Vəzirova, Mütəllibova itin sözünü dedik, lakin bir nəfərin ağlına gəlmədi ali məktəblərin pulunu kəssin, tələbəni yataqxanadan qovsun, təqaüddən məhrum eləsin və sairə. Bayaq yadımdan çıxmışdı, indi yazıram, ABŞ-da universitetlərə təzyiqlər tək büdcəni qapamaqla bitmir, əcnəbi tələbələri, müəllimləri ölkədən qovurlar, türməyə basırlar.
Doğrudur, bizim ali məktəblərin büdcəsi Harvardın tozuna çatmazdı, yataqxanada tarakanlar və siçovullar qaynaşırdı, təhsilin keyfiyyəti də bir zibil deyildi, o cümlədən, aldığımız təqaüdə uzağı 10-15 porsiya sosiska düşürdü. Ancaq hər halda, sovet hökuməti kimi əclaf rejimin belə ağlına gəlməmişdi ki, mitinqə gedən tələbələrə görə universitetlərin pulunu kəssin.
Vəziyyət bu dərəcədə acınacaqlıdır - mən SSRİ-ni nostalji ilə yada salmağa başlamışam.
03 May 2025
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
09 Aprel 2025
08 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
04 Aprel 2025
03 Aprel 2025
02 Aprel 2025
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ