İnsanlara hürriyət, millətlərə istiqlal!

Uyğun sosiska

Rusiyada “Papa mojet” adlı sosiskada uyğunsuzluq aşkar edilmişdir. Həmin sosiskalar Azərbaycanda da satılır. Yeri gəlmişkən, çox zaman ucuz qiymətə satılır və əslində bu endirimlərlə alıcıları aldadırlar, çünki həmin malın tərkibində normal mal-heyvan əti demək olar yoxdur, toyuq dərisi, sür-sümük və bu tip artıq-urtuqdan, üyüdülmə üsuluyla düzəldilir. Bunu onun qablaması üzərindəki yazıdan da oxumaq olar, lakin biz daha oxumağın başını buraxmışıq, tik-tok camaatı olmuşuq.

Əlbəttə, bu cür mexaniki ətləri yemək orta statistik ömrümüzün uzunluğuna təsir edə bilməz. Hazırda dünyada ən uzunömürlü insanlar Azərbaycanda yaşayır, o səbəbdən hökumət pensiya yaşını ilbəil qaldırır.

Maraqlıdır ki, dükan-bazardan aldığımız bir çox ərzaqların mənşəyi, tərkibi naməlumdur, ancaq ərzaq təhlükəsizliyinə baxan idarəmiz var. Məsələn, camış əti marketlərdəki ət məhsullarının az qala yarısını əhatə edir, di gəl bu qədər camış hansı göldə palçığa yatır, xəbərimiz yoxdur. Bəlkə Hindistandan gəlir, o üzdən uca millətimiz yoqa kimi sakitliyə varid olmaqdadır? Həmçinin, yağış zamanı küçələri sel-su basanda biz suda-quruda yaşamağa öyrəncəli oluruq, camış ətindən bu xüsusiyyəti əxz etməkdəyik. Buna görə hökumətə dərin minnətdarlığımızı bildiririk. Allah bizim pensiyanın  yerdə qalan hissəsini də kəsib onlara versin, amin.

Sözgəlişi, qız uşaqlarını UZİ-də qırğına verməyimizə də camış yeməyimizin müsbət təsiri qaçılmazdır, çünki dədə-babadan məlumdur, camış qatığı yeyən arvadların oğlan doğmaq ehtimalı artırmış. Bu haqda AMEA-da araşdırmalar aparılır, nəticəsini mütləq sizə bildirəcəyəm.

Dükanda ən çox satılan çay markamız var, baxırsan qutunun üstünə yekə-yekə yazıblar: Bakıxanovda istehsal edilib. Əlbəttə. Qaraçuxurla Əhmədlinin arasında böyük çay plantasiyaları var axı. Bu andıra qalmışı hardan aldığınızı, Bakıda yalnız karton qutuya basdığınızı üstündə qeyd eləsəniz, üzüyün qaşı düşər? Əks halda insanda şübhələr də baş qaldırır: bəlkə heç bu çay deyil, söyüd yarpağıdır?

Qanuna görə məhsulun mənşəyi qabında yazılmalıdır, lakin qida işləri idarəsi nədənsə bu qəribə vəziyyəti görmür. Əvəzində cahanşümul fəaliyyətlər vardır. Məsələn, İtaliyada qurğuşunlu makaronlar tapılıb, idarə isə bizə təskinlik verdi, dedilər qəti qorxusu yoxdur, bizim ölkə olaraq aldığımız makaron partiyasında hər hansı zərərli elementə rast gəlinmir. (Makaron Partiyası – yaxşı səslənir. Müxalifət partiyası qurmaq olar bu adda). Girişdə adını çəkdiyim sosislərin də bizə uyğun olduğunu açıqladılar. Biz həm istənilən sosiskaya, həm bu hökumətə ən uyğun camaatıq.

Lap qurğuşun olsa da nə ziyanı? Qurğuşun kimi möhkəm insanlarıq. Makaronunu da yeyəndən sonra olarıq əsl robot. Onsuz millətin göz-başı civə kimi qaynayır. Yoldaşlıq görüşündə belə dava düşür. Metal yeməkdən əfəl millətlər qorxsun. Bizdə adam vardı, metal zavodunu yemişdi, tutub basdılar, deyirlər indi də içəridə qazamatın divarlarını yeyir. Bir də gördün deşik açıb azadlığa çıxdı.

Yalnız arada dönərdən-zaddan yüngülvari zəhərlənmə, qusma halları olur (sonuncu belə hadisəyə Naxçıvanda rast gəlinmişdir, 17 nəfər zəhərlənib), fikrimcə, bunun səbəbləri həmin məhsullara həqiqi qoyun, toyuq ətləri vurulması ola bilər. Hər canlının öz qida rasionu var, biz zəhərli mallara öyrəşmişik, bəzi yaramaz sahibkarlar isə dönərə həqiqi ət qatır, bədənimiz istər-istəməz götürmür. Xahiş edirik Nazirlər Kabineti bu istiqamətdə tədbir görsün, dönərdə ət olmasın. 

Həmçinin, süddə süd, kərə yağında kərə yağı olmasını da istəmirik. Ətri vursa bəsimizdir.

Hələ bu nədir, Bakıda və Abşeron yarımadasında xalqa verilən içməli suyun tərkibində dihidrogen monooksid məhlulu olduğunu bilirdinizmi? Dəhşətdir. İndi yazanda tüklərim biz-biz oldu. İçməyin bu zəhrimarı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

05 Noyabr 2025

04 Noyabr 2025

02 Noyabr 2025

01 Noyabr 2025

31 Oktyabr 2025

30 Oktyabr 2025

29 Oktyabr 2025

28 Oktyabr 2025

26 Oktyabr 2025

24 Oktyabr 2025

23 Oktyabr 2025

22 Oktyabr 2025

21 Oktyabr 2025

19 Oktyabr 2025

18 Oktyabr 2025

17 Oktyabr 2025

16 Oktyabr 2025

15 Oktyabr 2025

14 Oktyabr 2025

12 Oktyabr 2025

11 Oktyabr 2025

10 Oktyabr 2025

09 Oktyabr 2025

08 Oktyabr 2025

07 Oktyabr 2025

05 Oktyabr 2025

03 Oktyabr 2025

02 Oktyabr 2025

01 Oktyabr 2025

30 Sentyabr 2025