Onlayn ictimai-siyasi qəzet
3 ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi bütün dünyanın gündəmindən düşmür. Amma bu müharibənin pərdəarxasında gizlədilən çoxlu dramatik hekayələr var. Onlardan biri də Rusiya ordusuna cəlb edilən azərbaycanlıların taleyidir. Rusiya səfirliyinin verdiyi siyahıdan bəlli olub ki, 772 azərbaycanlı Rusiya-Ukrayna müharibəsində yoxa çıxıb. Bu günə qədər onların taleyi naməlum qalır.
Bu sarsıdıcı faktı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavatda yayımlanan “Canlı debat” verilişində açıqlayıb.
R. Arifoğlu bildirib ki, siyahıda qeyd olunan azərbaycanlılar Rusiyanın təklifi ilə könüllü şəkildə döyüşə yollanıblar və buna görə hər ay onlara 4000 manata ekvivalent maaş vəd olunub:
“İki-üç ay təlim dövründə həmin pulu alıb, ailələrinə göndərirlər. Amma əksəriyyəti ilk döyüşlərdə həlak olur. Rusiyaya işləməyə gedən çox sayda azərbaycanlıya “müharibə işi” təklif olunur. Onlara dərhal vətəndaşlıq verilir, hətta rus dilini bilməyənlər belə, cəbhəyə aparılır.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən olan bir gənc də bu yolla orduya yazılıb. O, rus dilində bir kəlmə belə bilmirmiş, 3 aya yaxın maaşını alıb və may ayının 11-də onları döyüşə aparıblar. Onu orduda aşpaz kimi işləyəcəyinə inandırıblar. Lakin üç aydan sonra əlinə silah verib, ön cəbhəyə göndəriblər. May ayının 19-da döyüşdə həlak olub. Cənazəsi isə yalnız ailəsinin aylarla apardığı axtarışlardan sonra bu günlərdə Azərbaycana gətirilib.
Valideynləri ölkəmizdəki Rusiya səfirliyinə getdi. Onların uşaqlarının axtarışı zamanı bəlli oldu ki, 772 azərbaycanlı itkindir. Valideynə deyilib ki, “Ana, orada meşələr çox sıxdır, əsgərlər 2-3 ay meşəlikdə qalırlar və uyğun şəraitdə üzə çıxırlar. Oğlunuz sağ qala bilər”. Onun cənazəsi çox çətinliklə tapılıb ölkəmizə gətirildi. Doğrudur, xərcləri Rusiya Müdafiə Nazirliyi çəkdi. Hər şeyi müsəlman qaydasında etmişdilər. Ailəsinə demişdilər ki, 10 gün də keçsəydi, kimsəsizlər qəbiristanlığında basdıracaqdılar”.
Onun sözlərinə görə, təkcə bu kənddən deyil, Azərbaycanın müxtəlif bölgələrindən yüzlərlə ailə övladlarının taleyindən xəbərsizdir. Rusiya Müdafiə Nazirliyi azərbaycanlıların itkin düşməsi faktlarını gizlədir, yalnız ailələrin sorğularından sonra məlumat ortaya çıxır. Hazırda 700-dən çox müqaviləli azərbaycanlının aqibəti məlum deyil:
“Məsələ yalnız azərbaycanlılarla məhdudlaşmır. Rusiya ordusu üçün ucuz “can”a çevrilənlər arasında Orta Asiya ölkələrinin imkansız insanları, hətta koreyalılar da var. Rusiya Müdafiə Nazirliyi valyuta, qızıl satacaq. Bunun hamısı orduya xərclənir. Hindistanlını, koreyalını orduya pulla cəlb edir. İki min koreyalı ölüb. 700-dən çox müqaviləli orduya yazılan azərbaycanlının taleyi isə naməlumdur. Bu siyahını Rusiya səfirliyi verib.
Vladimir Putin müharibənin faciəsini bizə də yaşadır. Biz ermənilərlə savaş apararkən gün ərzində 31 şəhid verəndə necə sarsılırdıq! İndi isə 700-dən çox azərbaycanlı qərib ölkədə cəbhədə yoxa çıxıb.
Mən əminəm ki, bu kimi siyahılarda Qazaxıstanın, Özbəkistanın imkansız insanları da var. Onların qarşısına şərt qoyublar ki, Rusiyada yaşamaq istəyirsənsə, get, döyüş. Rusiya bu rəqəmləri qeyri-rus olduğu üçün gizlədir. Ailəsi axtarmayınca üzə çıxmır. Bir neçə ay keçəndən sonra kütləvi şəkildə dəfn edirlər. Onlar arasında Rusiya küçələrində, bazarlarında tutulub aparılanlar da var. Axtarılmayan, qohumu olmayanlar da var. Üstəlik, heç də hamı müqavilə ilə getməyib müharibəyə. Çoxları zorla aparılıblar. Artıq 100-dən çox azərbaycanlının dəfn edildiyi bilinir.
Bu məsələ ilə maraqlanmaq və məşğul olmaq lazımdır! Millətin oğulları boşuna qırılır. Kimsə gedib rus ordusuna yazılmasın, uşaqlarını yetim, analarını gözüyaşlı qoymasın”.
Rauf Arifoğlunun sözlərinə əsasən, bu insanlar müharibəyə ideoloji səbəbdən deyil, sadəcə maddi ehtiyacdan gedirlər:
“Onların döyüşmək üçün ideologiyası yoxdur. Sadəcə 4000 manata ekvivalent maaş üçün həyatlarını riskə atırlar. Doğrudur, Ukrayna uğrunda döyüşən azərbaycanlılar da var. Biz onlara şəhid deyirik. Onlar könüllü və ideologiyaya söykənib döyüşürlər. Ukraynada döyüşən azərbaycanlı həm də Azərbaycan uğrunda döyüşür. Kremlin təbliğat maşınının aparıcı fiqurlarından biri, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri və Rusiya Təhlükəsizlik Şurasının üzvü Kirill Kabanov deyib ki, “Ukrayna ilə işi bitirən kimi Azərbaycanı işğal edəcəyik”. O işin qurtarmaması, Ukraynanın təslim olmaması üçün bizimkilər Ukrayna ordusunda döyüşür. Ukraynada döyüşən azərbaycanlılar pul almır, əksinə, canlarını xərcləyirlər.
ABŞ prezidenti Donald Tramp isə deyib ki, hər həftə Rusiya tərəfdən 7 min insan ölür. Bu isə bir ayda 30 min, ildə 300 min nəfər deməkdir. Bu, Putinin bəşəriyyətə, slavyan xalqına verdiyi “töhfədir””.
Şahanə Rəhimli
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ