İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlərindən etiraf: “Afərin Əliyevə” – Paşinyana isə “İcevan tülküsü” dedilər

Ermənistanda revanşist qüvvələrin nəzarətində olan bəzi Telegram kanalları Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik bacarığını etiraf ediblər. “Xaç-Maç” və “Spitak Arch” adlı kanallarda yayılan paylaşımlarda qeyd olunur ki, Azərbaycan lideri həm Rusiya, həm də Fransa ilə münasibətləri məharətlə tənzimləməyi bacarıb.

Paylaşımda belə yazılıb:

“Afərin Əliyevə. Həm Rusiya, həm də Fransa ilə məsələləri çox məharətlə yoluna qoydu. Ağıllı xalq-qurucu və döyüşçü isə burnunun ucunda qaldı — nə Artsax var, nə də bir dənə olsun müttəfiqi…”

Bu paylaşımlar, illərlə Bakı əleyhinə təbliğat aparan erməni revanşist dairələrinin belə artıq Azərbaycanın diplomatik uğurlarını inkar edə bilmədiyini göstərir.

Kanal iştirakçıları arasında Ermənistanın baş naziri Nikol Paşinyana qarşı tənqid və istehza da açıq şəkildə hiss olunur. Onu “İcevan tülküsü” adlandırırlar — bu ifadə həm onun doğulduğu bölgəyə, həm də öz xalqını beynəlxalq arenada “oyundankənar vəziyyətdə qoyan” siyasətinə işarə kimi təqdim edilir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən günlərdə Fransa səfiri Sofi Laqunun etimadnaməsini qəbul edərkən bəyan edib ki, “iki ölkə arasında fikir ayrılığı yaradan məsələlər artıq arxada qalıb”. Bu açıqlama, Paris–Bakı münasibətlərində yeni səhifənin açıldığını və Fransa tərəfinin də artıq regionda Azərbaycanın rolunu qəbul etdiyini göstərir.

Azərbaycan diplomatiyası bu gün həm Rusiya ilə strateji əlaqələri qorumaq, həm də Qərblə balanslı münasibət saxlamaq siyasəti sayəsində regionda sabitliyin əsas dayağına çevrilib.

Revanşist kanallarda səslənən “Afərin Əliyevə” ifadəsi də əslində bir etirafdır: qalib siyasət – İlham Əliyevin siyasətidir, qalib tərəf isə Azərbaycan dövlətidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR