Onlayn ictimai-siyasi qəzet
Pakistan və Hindistan arasında gərginlik səngimək bilmir. Məlumata görə, mayın 2-nə keçən gecə atışmalar davam edib. Aprelin 22-də Cammu və Kəşmir bölgələrində törədilmiş terror aktı nəticəsində əsasən turistlər olmaqla 26 nəfərin həyatını itirməsindən, 13 nəfərin yaralanmasından cəmi yarım saat sonra Hindistan hakimiyyətinin heç bir araşdırma aparmadan hadisəyə görə Pakistanı günahlandırması Dehlinin obyektiv araşdırmalarda maraqlı olmadığını göstərir.
Ötən əsrdə aralarında 4 müharibə olan Hindistan və Pakistanın yenidən toqquşması ciddi narahatlıq doğurur. Söhbət iki nüvə dövlətindən gedir. Üstəlik, Hindistan və Pakistan arasında dövlət sərhədinin uzunluğunun 2900 km-dən çox olması böyük müharibənin baş verməsi halında fəlakətin miqyası barədə təsəvvürlər yaradır. İki ölkə arasında hələ 2018-ci ilədək yeni sədd çəkiləcəyi və təhlükəsizlik sistemlərinin quraşdırılacağı barədə illər öncə Hindistanın Daxili İşlər Nazirliyi tərəfindən açıqlama yayılsa da, baş verən sərhəd hadisəsi planlaşdırılan işlərin həyata keçirilmədiyini göstərir. Əks təqdirdə, qısa müddətdə iki dövlətin rəsmi şəxsləri bir araya gəlib, baş verənlərə obyektiv qiymət verə bilərdilər.
2025-ci ilin 22 aprelində Cammu və Kəşmirdə törədilən terror aktı müəyyən qədər 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın İsrail ərazisində törətdiyi dəhşətli qırğına bənzəyir. Düzdür, o hadisə nəticəsində İsraildə yüzlərlə şəxs ölmüşdü, yəni miqyasına baxanda fərq kifayət qədərdir. Amma hər iki halda hədəfdə mülki şəxslərdir. İsraildə musiqi festivalının iştirakçıları terrora məruz qoyulmuşdusa, Kəşmir bölgəsində turistlər qətlə yetirilib. Deməli, burada məqsədli şəkildə mülkilər, qeyri-hərbi şəxslər hədəfə alınır ki, hansısa əks tədbirlərə əl atılanda beynəlxalq aləmdən səs-səmir çıxmasın, istənilən qətliamları, müharibə cinayətlərini sükutla qarşılasın. Ortada “üçüncü qüvvə”nin barmağının olması da istisna deyil.
Budur, Pakistan gərginliyə səbəb olmuş terror aktının müstəqil şəkildə araşdırılmasını istəyir, lakin Hindistan qəsdən gərginləşmədə maraqlı görünür və hər hansı müsbət qarşılığı yoxdur. Qanlı hadisədən 30 dəqiqə sonra rəsmi Dehlinin Pakistanı ittiham etməsi belə ehtimal yaradır ki, Hindistan rəsmi ittihamı əvvəlcədən hazırlayaraq, masaya qoyubmuş. Yoxsa qısa müddətdə baş verənləri obyektiv araşdırmaqmı olardı?
Görünür 50 min insanın ölümündən sonra Qəzzada qanın müvəqqəti də olsa, kəsilməsini məqbul hesab edənlər, Rusiya-Ukrayna müharibəsinin də bir müddət sonra tarixə qovuşacağından narahat olanlar “yeni qan” axtarışındadırlar, əks təqdirdə iki nüvə dövlətinin müharibə astanasında olmasına ciddi reaksiya verilərdi.
Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanatında deyilir.
“Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq. Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər”, - deyə bəyanatda bildirilir.
Daxilində ciddi islahatlara ehtiyac olduğu barədə Azərbaycan Prezidentinin dəfələrlə yeniləşməsi üçün təşəbbüs qaldırdığı təşkilat – BMT Təhlükəsizlik Şurası isə məsələyə münasibətdə biganə təsir bağışlayır. Düzdür, Qəzza və digər məsələlərdə, elə Azərbaycan ərazilərinin işğal dönəmində sərgilədiyi dişsiz siyasətlə bu, “beşlər ittifaqı” nəyiə qadir olduğunu göstərib. Amma istənilən halda İslamabadla Dehli arasında yaşanan gərginliyin tətiklənməsini gözləməməli, hətta müvafiq komissiya yaradıb, baş verənləri obyektiv şəkildə araşdırılmasına nail olmalı idi.
Hələ də gec deyil, amma sabah çox gec ola bilər: təkcə nüvə amilinə görə! Pakistan 140 ədəd, Hindistan 130 ədəd nüvə silahına sahibdir. Bircə düymənin sıxılması fəlakətin miqyasının dəhşətli həddə çatmasına səbəb ola bilər. BMT TŞ nəyi və kimi gözləyir? Bəlkə BMT Təhlükəsizlik Şurasına “qarışmayın”, tapşırığı verilib, ondandır. Şübhə yoxdur ki, Hindistanı qarşıdurmaya təşviq edən xarici qüvvələr mövcuddur. Pakistan nə qədər çalışsa da, sərhəd toqquşmalarından kənarda qala bilmir, Hindistan israrla böyük savaşı yaxınlaşdırır. Diqqət edin, aprel ayının 5-də, hələ terrordan iki həftə öncə Hindistan parlamentində müsəlman fondlarının dövlət nəzarətinə verilməsini nəzərdə tutan qanun qəbul edilib. Ölkədə sosial gərginliyi artıran bu qərardan sonra baş verənlərin ssenariləşdirildiyini demək üçün ciddi arqumentlər var. Anti-İslam ritorikası ilə tanınan baş nazir Narendra Modinin rəhbərlik etdiyi hindu milliyyətçisi Bharatiya Janata Partiyası, Müsəlman Vəqfləri Aktına dəyişiklik edərək, fondların idarəsinə dövlətin müdaxiləsini qanuniləşdirib.
Parlamentin aşağı palatası Lok Sabhada keçirilən səsvermədə qanun layihəsi 288 lehinə, 232 əleyhinə səslə qəbul olunub. Yeni qanun layihəsi hökumətə dini, təhsil və xeyriyyə məqsədli müsəlman vəqflərinin torpaqlarını yoxlama və müdaxilə etmə səlahiyyəti verir. Müxalifət qanunun konstitusiyaya zidd olduğunu və müsəlmanlara qarşı ayrı-seçkilik ehtiva etdiyini bildirir. Hindistan Milli Konqres Partiyasının lideri Rahul Qandi bu dəyişiklikləri “müsəlmanların mülkiyyət hüquqlarına yönəlmiş hücum” kimi dəyərləndirib. Bildirilir ki, hazırda ölkədə 940 min hektardan çox torpağı əhatə edən 872 minə yaxın vəqf əmlakı mövcuddur. Vətəndaş cəmiyyəti və müsəlman təşkilatları bu addımı “mülkiyyət hüquqlarının pozulması” kimi dəyərləndirir və kütləvi etirazlar keçirilir. Budur, rəsmi Dehli Pakistanla münasibətləri süni surətdə gərginləşdirməklə həm də islamafob qərarları əsaslandırmaq istəyir.
Üstəlik, ölkədəki narazı əhalinin diqqətini “xarici düşmən”ə yönəltməyə çalışır. Üstəlik, Hindistanın anti-İslam ritorikası ilə tanınan baş naziri Narendra Modinin nüfuzu sürətlə aşağı düşür, indidən 2027-ci ilin prezident seçkilərinə hazırlığa başlayıb və belə gərginlik yaratmaqda maraqlıdır. Onun 2019-cu ildə də eyni taktikadan istifadə etməsi unudulmamalıdır. Təsəvvür edin, terror hücumuna görə məsuliyyəti “Ləşkər-e-Taibə” adlı təşkilatın bir qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürsə də, Hindistan baş verənlərə görə qonşu dövləti ittiham edir. Pakistanın müdafiə naziri Xavaca Asif Britaniyan “Sky News” telekanalına müsahibəsində deyib ki, Hindistan hakimiyyəti “Laşkar-e-Taiba” radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqə olduğuna dair sübut təqdim etməyib. Üstəlik, rəsmi Dehli sabitliyi pozmaqdan ötrü sözügedən terror hücumundan sui-istifadə edib. Beləcə, Pakistan adı çəkilən terror təşkilat i ilə heç bir əlaqəsinin olmadığını bəyan etdə də, rəsmi Dehli Krılovsayağı deyir yox e, suyu sən bulandırmısan.
Yeri gəlmişkən, Hindistan fürsət axtarırmış kimi, Pakistan əhalisini su ilə imtahana çəkir. 21-ci əsrdir, amma Hindistan Pakistana axan suların qarşısını kəsir, qonşu ölkə əhalisini susuz qoyur. Hindistan hökuməti onilliklər boyu davam edən Hind Su Müqaviləsini birtərəfli və qeyri-qanuni olaraq pozmaqdadır. Pakistanın xalqı və iqtisadiyyatı Hind Su Müqaviləsi çərçivəsində Pakistana məxsus olan çaylardan asılıdır. Qonşu ölkəni su ilə imtahana çəkməklə Hindistanın beynəlxalq müqavilələrə hörmətsizliyini göstərir və dünya ictimaiyyəti üçün çox təhlükəli bir presedent təşkil edir. Son zamanlar qlobal miqyasda su ehtiyatlarının azalmasından, su uğrunda müharibələrin başlaya biləcəyindən çox danışılır. Deyəsən axı, su müharibəsinin başlamasına rəvac verən ilk ölkə kimi Hindistan tarixə düşmək istəyir. Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana qarşı açıq, həm də qeyri-humanist hücum deməkdir. Su ilə imtahan edilməsinin qarşılığında belə, qardaş Pakistan təmkinli davranır, odun üstünə od yox, su səpməyə çalışır, baxmayaraq ki, Hindistan onun suyunu kəsib...
Rəsmi Bakının mövqeyi açıq-aydındır. Azərbaycan dövləti barış tərəfdarıdır. Amma ədalətli sülhün tərəfdarıdır hər zaman. Ölkəmiz həm Pakistan, həm də Hindistanla normal münasibətlər qurmağa üstünlük verib və bu siyasəti davam etdirir. Amma heç bir halda dövlətimizin və xalqımızın Pakistana münasibəti Hindistana münasibətlə eyni deyil, yerdən-göyədək fərq var. Qardaş Pakistan dövləti Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və işğalçı Ermənstanla bu günədək diplomatik münasibətlər qurmayıb, məhz işağlçı olduğuna, terrorçu siyasət yürütdüyünə görə! Bu, ədalətin yanında olmaqdır. Bütün beynəlxalq platformalarda Pakistan Azərbaycanın haqq işində dəstək verib. Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ilin aprelində Ermənistan hərbi qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi məsələsi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa Pakistan sədrlik edirdi! Həm Birinci Qarabağ Müharibəsi illərində, həm də 44 günlük Vətən Müharibəsində Pakistanın, pakistanlıların qardaş münasibətini gördük. Təsadüfi deyil ki, Azərbaycan, Türkiyə və Pakistan bayraqları yanaşı dayanır. Dar günün qardaşları, dostlarıdır! Bu qardaşlıq yeni deyil: azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin 20-ci əsrin əvvəllərində Pakistan xalqını dəhşətli bəladan xilas etmək üçün peyvənd göndərməsi faktı qardaş ölkənin yaddaşından silinməyib.
Hindistan isə nə qədər ölkəmizə qarşı normal münasibətlərdə olduğunu bəyan etsə də...Ermənistanın onun əsas silah alıcısıdır. Ermənistan 2022-2024-cü illər ərzində idxal etdiyi silah-sursatın 43 faizini Hindistandan alıb. Bu barədə Stokholmda yerləşən Sülh Problemlərinin Təhlili Beynəlxalq İnstitutunun hesabatında məlumat verilib. Hindistanın Müdafiə Nazirliyinin açıqlamasına görə, son illərdə Ermənistana silah və hərbi texnika tədarükü üzrə müqavilələrin ümumi həcmi 600 milyon dollara çatıb. Hindistan Ermənistana silah satışında hətta Rusiyanı da üstələyib!!! 2024-cü ildə Hindistan tərəfi iki ölkə arasındakı münasibətlərin tarixində ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib. Diqqət edin, Ermənistanın baş naziri sülh bəyanatları versə də, Hindistan ona silahlanma həvəsi aşılayır...Təsəvvür edin, Azərbaycan Ermənistanla sülh imzalamaq istəyir, bütün olanlara rəğmən, Hindistan isə Fransanın təhriki ilə bu ölkəni yenidən reavnşa hazırlayır. Buna “Hindistan ədaləti” demək olar... Bir çox hallarda Ermənistana verilən dəstək Azərbaycanı qıcıqlandırmaq üçündür, ölkəmiz Pakistanın ərazi bütövlüyünü tanıyır deyə...
2024-cü ilin 11 iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri zamanı Pakistan qırıcıları havada onun təyyarəsini müşayiət etməklə bütün dünyaya mesaj vermişdi. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkələrimizi “bir qəlbdə döyünən iki ürək” adlandıraraq Pakistan və Azərbaycanın bir-birinin yanında olduğunu bəyan etmişdi. Qarabağ və Kəşmir məsələsində tərəflərin həmişə bir-birini dəstəkləyiblər. İşğal altında olan Cammu və Kəşmirdə Hindistanın işğal olunmuş 700 yüz mindən çox hərbçisinin olması, bu kontingentin ərazilərdə yaşayan əhalinin, həmçinin qadın və uşaqların yaşamaq hüququnu pozması, şərəf və ləyaqətini alçaltması da rəsmi Dehlinin insan hüquqlarına gerçək reaksiyasını göstərir.
Yaxud Pakistan hökuməti insan ölümü ilə nəticələnmiş Pahalqam hücumunu pisləyib, bununla bağlı bağlı açıq və şəffaf beynəlxalq araşdırma aparılmasını təklif edib, ancaq nə fayda? Hindistan hökuməti isə hansısa müsbət qarşılıq vermir. Niyəsini özləri yaxşı bilir...
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ