Onlayn ictimai-siyasi qəzet
BBC-nin Azərbaycan redaksiyasının yaydığı son görüntülərə əsasən, İrandan Ermənistana miqrasiya axını sürətlənib. Müxbir Aleksey Manivelyan sərhəd bölgəsindən hazırladığı reportajda qeyd edir ki, İranın daxilində artan təhlükəsizlik təhdidləri, bombardmanlar və enerji böhranı səbəbindən əhali kütləvi şəkildə ölkəni tərk edir.
Musavat.com xəbər verir ki, görüntülərdə Ermənistanın Sünik bölgəsində yerləşən sərhəd-keçid məntəqəsində böyük sıxlıq müşahidə olunur. Çamadanlarla hərəkət edən qadın, yaşlı və ailəli şəxslərin əksəriyyəti İran ərazisindən gələn mülki şəxslərdir. Onlara Ermənistan polisi müşayiət edir. BBC qeyd edir ki, son günlər ərzində Ermənistan ərazisinə keçən iranlıların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Miqrasiya səbəbləri sırasında bölgədə genişlənən hərbi əməliyyatlar, Təbriz və Məşhədə endirilən hava zərbələri və Xuzistandakı partlayışlar qeyd edilir. Eyni zamanda bəzi ekspertlər bu prosesin Ermənistan üzərindən Avropaya doğru yeni köç marşrutlarının açılması ilə nəticələnə biləcəyini istisna etmirlər.
Hazırda nə İran, nə də Ermənistan hökumətləri bu miqrasiya dalğası ilə bağlı rəsmi açıqlama yaymayıb. Lakin sosial mediada yayılan məlumatlara və sərhəddəki real vəziyyətə əsasən, vəziyyətin getdikcə gərginləşdiyi görünür.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ