Onlayn ictimai-siyasi qəzet
Ermənistanda peşəkarlardan ibarət yeni siyasi qüvvə yenidən “boy göstərib”. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan Samvel Karapetyanın yaratdığı “Bizim yolumuz” hərəkatı İrəvanda ilk hesabat yığıncağını keçirib.
Erməni mediası yazır ki, 2026-cı ilin yayında keçiriləcək kritik parlament seçkilərində baş nazir Nikol Paşinyanın partiyasına əsas alternativ kimi ortaya çıxan hərəkata ay yarım ərzində artıq 5 000 könüllü qoşulub. Tədbirdə Samvel Karapetyanın müraciəti oxunub. Karapetyan bildirib ki, “Bizim yolumuz” hərəkatı ictimaiyyətin diqqət mərkəzinə çevrilib. “Bu, sizin nailiyyətinizdir, bizim ortaq nailiyyətimizdir və bu, bütün erməni xalqının nailiyyəti olmalıdır. Mən fəxr edirəm ki, minlərlə ləyaqətli insan bizim hərəkatımıza qoşulub. Mən bilirəm ki, bu, həqiqətən də ümumxalq hərəkatına çevrilmək potensialına malikdir”, - deyə 110 gündən çox həbsdə olan iş adamı bildirib.
Toplantıda çıxış edən hərəkat koordinatoru Narek Karapetyan vurğulayıb ki, hərəkatın tərəfdarlarının sayı bu sürətlə artmaqda davam edərsə, “yaxın aylarda bizim sıramızda on minlər olacaq ki, bu da dəyişikliklərə doğru böyük addımdır”.
Bildirilib ki, “Paşinyan rejimi siyasətdə sistematik passivlik nümayiş etdirir və bu da geosiyasi uğursuzluqlara gətirib çıxarır”. O da iddia olunur ki, iyun ayından həbsdə olan Karapetyanın seçkilərdə iştirak etməsini əngəlləmək üçün planlar qurulub. Belə ki, istintaq əsassız olaraq uzadılır. “Bizim yolumuz” hərəkatının bu həftə İrəvanın Azadlıq meydanında Karapetyana dəstək üçün böyük mitinq keçirəcəyi gözlənilir. İştirakçılar onun azadlığa buraxılmasını tələb edəcəklər.
Hərəkat elan edib ki, onlar Rusiya ilə ənənəvi dostluq münasibətinə sadiq olacaqlar. “Tramp marşrutu”na gəlincə, “Bizim yolumuz” hesab edir ki, illüziyaya qapılmaq yox, hərtərəfli təhlilə ehtiyac var. Hərəkat baş nazirliyə namizədin cəmiyyətin bütün sağlam qüvvələri üçün məqbul fiqur olmasının vacibliyini vurğulayıb. “Robert Köçəryan və ya Serj Sərkisyan kimi köhnə elitanın nümayəndələri ilə birbaşa seçki ittifaqı istisna edilsə də, əməkdaşlıq üçün qapılar açıqdır...
Aydındır ki, Rusiya bölgədə öz imperiya siyasətini davam etdirmək niyyətini reallığa çevirmək cəhdləri göstərir. Paşinyan bunu anlayır və ona görə də Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasına çalışır. Aydındır ki, indiki hakimiyyətə alternativ göstərilən güclərin hamısı Rusiyanın təsirində olan qüvvələrdir. Ermənistanda kritik seçkilərədək Paşinyan da tələsməlidir.
Görünən budur ki, S.Karapetyan təcridxanadan çöldəki tərəfdarlarına mübarizə əzmi aşılayır, onları səfərbər etməyə çalışır, vəkilləri də milyarder barədə “süddən çıxmış ağ qaşıq” obrazı formalaşdırmağa səy göstərirlər. Heç şübhəsiz, bütün bunlar təsadüfi deyil və vahid mərkəz tərəfindən stimullaşdırılır. Əsas məqsəd Paşinyanı seçkilərdə peşman etməkdir.
Proseslərin perspektiv inkişafı haqda proqnozlar necədir? Kremlin adamı həbsdən qalib olaraq çıxa bilərmi, yoxsa Moskva son anda başqa birisinə “stavka” edib Paşinyana çətinliklər yaşadacaq?
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın siyasi səhnəsində son aylarda müşahidə olunan proseslər təsadüfi deyil: ""Bizim yolumuz" adlı yeni hərəkatın qısa zamanda minlərlə tərəfdar toplaması və onu yaradan Karapetyanın siyasi simaya çevrilməsi əslində İrəvanda Paşinyana qarşı növbəti “siyasi dalğa”nın baş qaldırdığını göstərir. Karapetyanın həbsdə olması bu dalğanı dayandırmayıb, əksinə, onu “mübarizə simvolu”na çevirib. Bu, Ermənistanda “Rusiya faktoru”nun yenidən aktivləşməsi və Kremlin regionda öz dayaqlarını möhkəmləndirmək üçün yeni alətlər axtardığının göstəricisidir". E.Mirzəbəyli qeyd etdi ki, Karapetyanın yaratdığı hərəkatın ilk yığıncağında səslənən tezislər açıq şəkildə Moskvanın mesajlarını xatırladır: “Rusiya ilə "ənənəvi dostluq", Qərb siyasətinə “illüziyalarla aldanmamaq”, həmçinin “sistemdə dəyişikliklərə ehtiyac” çağırışları Paşinyana birbaşa meydan oxumaqdır. Məsələ təkcə daxili narazılıqda deyil, burada əsas məqsəd Ermənistanı yenidən və tamamilə Rusiyanın strateji orbitinə qaytarmaqdır. Kremlin Ermənistan siyasətindəki planı uzunmüddətli perspektivdə Paşinyanın yerinə tam itaətkar, "Rusiyaya borclu" bir liderin gətirilməsidir. Lakin bunun üçün Moskvanın həm daxili siyasi mühitdə, həm də xarici geosiyasi müstəvidə real dayaqlara ehtiyacı var. Ukrayna müharibəsindəki məğlubiyyət sindromu, Qərbin sanksiya təzyiqləri və Cənubi Qafqazda Azərbaycanın artan nüfuzu Kremlin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Buna görə də Moskva indi Ermənistanda birbaşa çevriliş ssenarisindən çox, “yumşaq keçid” modeli üzərində işləyir. Yəni ola bilsin ki, Moskvanın Paşinyanı tədricən zəiflədib, onun yerinə “daxili legitimliyə malik” bir fiquru önə çıxarmaq planı aktuallaşır".
Millət vəkilinin sözlərinə görə, Karapetyanın seçilməsi də təsadüfi deyil: “O, iqtisadi resurslara, müəyyən ictimai nüfuza və Rusiya biznes dairələri ilə əlaqələrə malikdir. Hərçənd onun hərəkatı hələlik köhnə elita ilə açıq ittifaqdan qaçır, bu, siyasi taktika xarakteri daşıyır. Əsl məqsəd Köçəryan-Sərkisyan orbitindən uzaq, amma mahiyyət etibarilə eyni istiqamətli, "yeni sima" kimi təqdim olunan qüvvəni önə çəkməkdir. Bu, həm Ermənistanda cəmiyyətin Paşinyan sonrası dönəmə psixoloji hazırlığını formalaşdırır, həm də Kremlin maraqları ilə üst-üstə düşür". Deputat vurğuladı ki, ancaq bu planın qarşısında ciddi baryerlər də var: “Paşinyanın Qərb və regional tərəfdaşlarla, xüsusilə də Azərbaycan və Türkiyə ilə normallaşma istiqamətində atdığı addımlar Ermənistanın iqtisadi sabitliyinin qorunması və ordunun depolitizasiyası prosesləri oyun sahəsini daraldır. Qərb bu dəfə 2018-ci ildə olduğu kimi passiv müşahidəçi rolu ilə kifayətlənmək niyyətində deyil. Avropa İttifaqı və ABŞ Paşinyan hökumətini, ən azı 2026-cı il seçkilərinədək, qorumağa çalışacaq.
Kremlin qarşısında iki variant qalır: ya Karapetyanı “milli müqavimətin lideri” kimi saxlamaq və onun həbsi fonunda cəmiyyətdə Paşinyana qarşı emosional gərginliyi artırmaq, ya da son anda daha idarəolunan bir fiqura “stavka” edib Karapetyanı siyasi tələyə çevirmək. Rusiya təcrübəsinə baxanda ikinci variant daha real görünür. Çünki Moskva heç vaxt bir fiqura bütün resurslarını xərcləmir, o, daim alternativləri hazır saxlayır. Paşinyan isə zamanla yarışır. O, həm daxili siyasi sabitliyi qorumağa, həm də Ermənistanı Qərb strukturlarına yaxınlaşdırmağa çalışır. Lakin Moskva təzyiqini tam neytrallaşdıra bilməyəcək". E.Mirzəbəyli bildirdi ki, əgər “Bizim yolumuz” kimi hərəkatlar sosial bazasını genişləndirsə, növbəti bir-iki ayda İrəvanda “siyasi dalğa”nın kütləvi formaya keçməsi istisna deyil: “Bu isə 2026-cı il seçkilərinə gedən yolda Paşinyanın qarşısında həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi maneə yarada bilər. Beləliklə, proseslərin gedişi göstərir ki, Ermənistan növbəti iki ildə Paşinyan və Moskva arasında açıq siyasi toqquşmaya şahidlik edə bilər”. Kremlin adamı həbsdən qalib çıxa bilərmi? E.Mirzəbəyli: “Qısamüddətli perspektivdə bu, çətin görünür. Amma Moskva üçün əsas məsələ Karapetyanın azadlığı deyil, onun simasında cəmiyyətə "Paşinyandan başqa alternativ var" fikrini yeritməkdir. Əgər Paşinyan üzərinə düşən öhdəlikləri yerinə yetirərək regional barış gündəmini sürətləndirə və Ermənistanın iqtisadi dirçəlişini təmin edə bilsə, bu, Moskvanın ssenarisini iflasa uğrada bilər".
Elşad PAŞASOY,
“Yeni Müsavat”
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ