Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda moped sürücülərinə yeni qaydalar tətbiq ediləcək. “Yol hərəkəti haqqında” Qanuna ediləcək dəyişikliklərə əsasən, yaxın aylardan etibarən bu nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub. Deputatların fikrincə, bu dəyişikliklər moped sahibləri arasında məsuliyyət hissini artırmaq, yol qəzalarının və qayda pozuntularının sayını azaltmaq məqsədi daşıyır.
Qanun layihəsində moped anlayışının daha dəqiq müəyyənləşdirilməsi, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və uçota götürülməsi də nəzərdə tutulur. Bununla yanaşı, mopedlər üçün əvvəllər mövcud olan “yalnız yolun sağ kənarı ilə hərəkət etmək” tələbi ləğv edilir. Yeni qaydalara görə, motosiklet və mopedlərlə yük daşınmasına da məhdudiyyət qoyulur. Belə ki, nəqliyyat vasitəsinin eni və ya uzunluğunu 0,5 metrdən artıq keçən yük daşımaq qadağan edilir.
Layihə qəbul olunduqdan 3 ay sonra qüvvəyə minəcək. Hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi var. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra bu nəqliyyat vasitələrini idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaqlar.
Elməddin Muradlı
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, son illər mopedlərin iştirakı ilə baş verən qəzalar artıb və bu sahədə müəyyən nəzarət mexanizmlərinə ehtiyac var idi: “Bir çox hallarda moped sürən şəxslər nə yol hərəkəti qaydalarını bilirlər, nə də təhlükəsizlik vasitələrindən istifadə edirlər. Qəzaların qarşısını almağın yeganə yolu onların da sürücülük təlimindən keçməsi və qeydiyyata alınmasıdır.
Tətbiq ediləcək yeni qaydalar moped sürücülərinin törətdiyi çoxsaylı qayda pozuntularına cavabdır. Biz dəfələrlə dedik ki, əgər onlar qaydalara əməl etməsələr, sərt qərarlar veriləcək və qaydalar tətbiq ediləcək. Lakin moped sürücüləri bizi dinləmədilər, bu gün isə onun nəticəsi ilə üz-üzə qalıblar.
Moped sürücülük vəsiqəsi tələb olunmayan sürətli nəqliyyat növüdür və rahat ikin nəfəri daşıya bilir. Ona görə də bir çox insanlar mopedlərə maraq göstərirlər. Təəssüf ki, bu maraq qaydalar çərçivəsində olmur. Bəziləri mopeddən ona görə istifadə edir ki, nömrə yoxdur, sürücülük vəsiqəsi tələb olunmur və istədiyini edə bilər. Düşünürlər ki, qayda pozsalar da, onları heç kim saxlamayacaq.
Son zamanlar belə bir tendensiya yaranıb: moped sürücüsü yol polisinin xidməti avtomobilinin güzgüsünə sürtünüb qaçır və bu hərəkəti çəkərək, sosial şəbəkədə paylaşır. Mopedin nömrəsi olmadığına görə belə adamları aşkarlamaq da çətindir".
Ekspertin sözlərinə görə, yeni qaydalardan sonra xəta törədən moped sürücüləri cəzadan yayına bilməyəcəklər: “Bəzən mopedlər binaların həyətlərinə girdikdə onlardan elə səs çıxır ki, düşünürsən ki, kimsə tankla məhləyə gəlib. Belə ki, moped sürücüləri səsboğucuya müdaxilə edirlər və bu da ətrafa dəhşətli səslər verir. Kuryerlər 300-400 manat pul verib səs çıxaran cihazlar alıb istifadə edirlər. Daha anlamırlar ki, bu səslərlə gecə-gündüz insanları narahat edirlər. Moped sürücüsünə deyirsən ki, bunu etmə. Deyir ki, qanun qadağan etmir ki. Deməli, qanundan xəbəri var. Ancaq qırmızı işıqdan keçəndə deyir ki, bunun mopedlərə də aid olduğunu bilmirdi. Özlərinə sərf edəndə qanunu bilirlər, sərf etməyəndə isə deyir ki, qanundan xəbəri yoxdur. Halbuki qanundan xəbərsiz olmaq onu məsuliyyətdən azad etmir. Avtomobil qırmızı işıqdan keçəndən cərimələnir, amma moped qırmızı işıqdan keçəndə ona cərimə yazan yoxdur. Çünki nömrəsi yoxdur. Bu il 9 ay ərzində 10 nəfər moped qəzasında ölüb. Bu rəqəmlər sizə az görünməsin, cəzasızlıqla mübarizə aparmaq lazımdır. Dəfələrlə xəbərdarlıq edildi ki, məsuliyyətli olun, qaydalara əməl edin. Çalışdığım redaksiyanın yanında hər axşam 7-8 nəfər moped sürən yığışır. Onların gurultusundan bina silkələnir. Onlar müəyyən ərazidə bir dövrə vururlar və sonra da məhlələrin arasında gizlənirlər ki, polis onları saxlamasın. Növbəti gün eyni şey təkrar olunur. Yolun ortasında elə oyunlar çıxarırlar ki. Ona görə də sərt qaydaların tərəfdarıyam. Qoy insanları narahat edən, qırmızı işıqda keçən, qəza törədən moped sürücüləri cəzalandırılsın. Gecə saat 2-də məhləyə gələn moped sürücüsü o dərəcədə yüksək səsdən istifadə etməməlidir. İstehsalçı zavod mopedi aşağı səslə buraxır, lakin bizim bəzi sürücülərimiz onu dəyişdirib, yüksək səs qoydururlar. Elə bilirsən ki, həyətə hansısa yarış maşını daxil olub. Mopedin səsinin gur çıxmasından zövq alırlar”.
Digər tərəfdən, bəzi ekspertlər hesab edirlər ki, keçid dövründə bu qərar müəyyən narazılıqlara səbəb ola bilər. Çünki hazırda ölkədə minlərlə insan mopeddən gündəlik iş məqsədilə - kuryerlik, kiçik daşımalar və ya şəxsi nəqliyyat kimi istifadə edir. Onların qısa zamanda sürücülük vəsiqəsi alması və nəqliyyat vasitəsini qeydiyyata salması əlavə maddi yük yarada bilər.
Rauf Ağamirzəyev
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, moped sürücüləri arasında müəyyən sui-istifadə halları belə bir qərarın verilməsinə ehtiyac yaradıb: “Həm sürət, həm də yük daşınmasında normanın keçilməsi ilə bağlı hərəkətlər bu növ qərarları lübüd edib. Düşünürəm ki, doğru qərardır, son zamanlar moped sürücülərindən yetərincə narazılıq var idi. Bu qərarlar onları nizamlı hərəkətə sövq edəcək. Qoyulan tələblərə əməl edilməlidir ki, ümumi yol hərəkəti təhlükəsizliyinə zəmin yaransın. Yəni hər bir hərəkət iştirakçısının təhlükəsizliyi önəmlidir, müəyyən qaydalardan kənara çıxanda bu, ümumi sistemə problemlər yaradır. Sürəti keçmə halları müşahidə olunur, nəqliyyat vasitəsinə konstruktiv dəyişikliklər edirlər. Yeni qaydalar bu növ halları aradan qaldıracaq”.
Qeyd edək ki, bu dəyişikliklərin əsas məqsədi təhlükəsizliyi təmin etmək və hərəkət mədəniyyətini formalaşdırmaqdır. Yeni qaydalar tətbiq ediləndən sonra moped sürücüləri avtomobil və motosiklet sürücüləri ilə eyni hüquqi məsuliyyət daşıyacaqlar.
Beləliklə, yaxın aylarda ölkədə moped idarə etmək üçün “prava” dövrü başlayır. Bu addımın nə dərəcədə effektiv olacağı isə qanunun icra mexanizmlərindən və vətəndaşların yeni tələblərə adaptasiyasından asılı olacaq.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ