İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun oğlu 750 milyonluq sarayın sahibi oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu Adam (əsil adı Moxmad Ramzanoviç) Qroznının mərkəzində yerləşən böyük ağ sarayın sahibi olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalif mediası məlumat yayıb.

2 min kvadratmetrlik, 4 mərtəbəli saray Kişi Şovxalov küçəsində, birbaşa Ramzan Kadırovun rezidensiyasının qarşısında yerləşir. Tikili ağ rəngi və ölçülərinə görə digər binalardan seçilir. Sarayın yerləşdiyi torpaq sahəsi təxminən 5 min kvadratmetrdir. Ərazinin bir hissəsi 2023-cü ildə Adama, digər hissəsi isə əvvəlcə Ramzan Kadırova məxsus olub, sonra oğlunun adına keçirilib.

13 mart 2024-cü ildə, 16 yaşında ikən Adam sarayın rəsmi sahibi kimi qeydə alınıb. Bundan əvvəl mülk Kalimatov Murad Rasuloviçə məxsus olub. Yerli bazar qiymətlərinə əsasən, sarayın dəyəri təxminən 750 milyon rubl (təxminən 9 milyon ABŞ dolları) təşkil edir.

2024-cü ildə sarayın qarşısında yerləşən başqa bir ev və hovuz mövcud olub. Lakin 2025-ci ilin görüntülərində həmin tikililərin söküldüyü görünür, nəticədə Adamın sarayının qarşısı tam açılıb.

Son aylarda Adam Kadırovun vəzifələri artırılıb. Sentyabrda atası onu Çeçenistanın bələdiyyə təşkilatlarının əmlak vergilərinə nəzarətə cavabdeh edib. Avqustda isə o, Qəzza sakinlərinə humanitar yardımın koordinasiyası ilə məşğul olub. Adam həm də respublikanın Təhlükəsizlik Şurası katibinin, Şeyx Mansur batalyonunun və regional DİN-in fəaliyyətinə kuratorluq edir.

“Yeni Qazeta Evropa”nın baş redaktoru Kirill Martınovun sözlərinə görə, yerli idarələrdə Putinin və Ramzan Kadırovun portretləri ilə yanaşı, Adamın şəkilləri də asılır. Martınov qeyd edir: “17 yaşında o artıq respublikada ikinci adam sayılır. Ramzanın ən böyük korteji var, amma oğlunun korteji də demək olar ki, eyni səviyyədədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR