İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidzenin Trampa açıq məktubuna cavab olacaqmı?

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensə açıq məktub yazıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, baş nazir ABŞ-nin ölkələr arasında münasibətlərin bərpası ilə bağlı susqunluğunu anlamadığını bildirib.

“Bir neçə həftə əvvəl mən sizə Gürcüstan-ABŞ münasibətləri haqqında yazmışdım. Lakin məktubumuza və ictimai bəyanatlarımıza hələ də cavab almamışıq. Üstəlik, Gürcüstan və ABŞ hakimiyyəti arasında yüksək səviyyəli ünsiyyət hələ də baş tutmayıb”, - Kobaxidze yazıb.

O əlavə edib ki, Gürcüstan regionda demokratiya və insan haqları sahəsində lider kimi qaynar nöqtələrdə ABŞ-ı fəal şəkildə dəstəkləyib, USAID və digər beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı ABŞ-la eyni ritorikanı bölüşür.

Kobaxidze bir qədər əvvəl bəyan etmişdi ki, Tiflis Vaşinqtonla münasibətləri bərpa etməyə hazırdır və Trampın bu məsələdə hansı mövqe tutacağını gözləyəcək. Onun sözlərinə görə, Gürcüstan ABŞ-la münasibətlərin inkişafı üçün istənilən varianta hazırdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a şərhində bildirib ki, İrakli Kobaxidzenin məqsədi ABŞ ilə strateji münasibətləri bərpa etməkdir.

SULTAN.jpg (217 KB)

S. Zahidov xatırladıb ki, ABŞ-Gürcüstan münasibətlərində gərginlik ötən ilin payızında yaranıb:

“2024-cü ilin noyabrında Gürcüstanda baş verən etirazlar fonunda ölkə rəhbərliyi Tiflisin Avropa İttifaqına inteqrasiya xəttini dayandırdığını bəyan etmişdi. Bu qərar ABŞ Dövlət Departamenti tərəfindən mənfi qarşılanmış və strateji tərəfdaşlıq münasibətlərinin dondurulmasına səbəb olmuşdu. O dövrdən bu günə qədər əslində bir çox şey dəyişib.

O zaman ABŞ-nin Gürcüstana qarşı sərt mövqeyinin arxasında iki əsas geosiyasi səbəb dayanırdı. Birincisi, Gürcüstanın Avroatlantik inteqrasiya kursundan imtina etməsi idi. Halbuki, Gürcüstan bu qərarını ölkə daxilindəki etirazların xarici müdaxilələrlə alovlandığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi ilə əsaslandırmışdı.

Eyni zamanda dövlətlərin bərabərlik prinsipinə qarşı tərəfin məhəl qoymaması səbəbindən inteqrasiya xəttini dondurmuşdu. İkinci səbəb isə ABŞ-nin Rusiya ilə münasibətləri fonunda gərginliyin yaranması idi. ABŞ Gürcüstanı Rusiya ilə yaxınlıqda günahlandırmışdı. Bayden administrasiyası qatı anti-Rusiya ritorikasını gücləndirmiş, postsovet məkanında Rusiyanın təsirini zəiflətməyə çalışırdı. Bu isə Gürcüstanla münasibətlərin soyumasına səbəb olmuşdu.

Lakin bu gün vəziyyət fərqlidir. ABŞ-də hakimiyyət dəyişib və Trampın siyasi kursuna baxsaq, onun Gürcüstana münasibəti əvvəlki iki amilə əsaslanmamalıdır”.

Sultan Zahidovun fikrincə, Tramp Gürcüstana Rusiya prizmasından yanaşmır:

“Tramp Rusiya ilə diplomatik münasibətlərin bərpası, səfirliklərin yenidən açılması və ticarət sazişlərinin imzalanması istiqamətində mövqe sərgiləyir. Bu istiqamətdə müzakirələr davam edir. Eyni zamanda, Trampın Avropa İttifaqına münasibəti də skeptikdir. Avropa Birliyinə qarşı tətbiq olunan gömrük rüsumları 90 günlüyə dondurulsa da, ritorika onu göstərir ki, ABŞ Aİ ilə münasibətləri əvvəlki formada aparmaq niyyətində deyil.

Sadaladığım iki faktor aradan qalxdığına görə Gürcüstanın böyük ümidləri var idi ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı bərpa edəcək. Trampın məktuba cavabı gecikdirməsi Gürcüstanda müəyyən məyusluq yarada bilər, amma mən düşünürəm ki, bunun əsas səbəbi Trampın Gürcüstana əvvəlki hakimiyyət kimi baxması ilə əlaqəli deyil. Gürcüstan dosyesi hələ də Trampın önünə gəlməyib. Hakimiyyətə gəldiyi gündən Donald Tramp daha çox Kanada və Meksika ilə münasibətlərə, Çinlə ticarət müharibəsinə, İran məsələsinə, İsrail-HƏMAS münaqişəsinə və Səudiyyə Ərəbistanı ilə münasibətlərə diqqət yetirir. Bu səbəbdən Gürcüstan məsələsi Tramp administrasiyasının gündəmində arxa planda qala bilər. Bu o demək deyil ki, ABŞ-nin Gürcüstanla bağlı hər hansı problemi var və strateji tərəfdaşlığı bərpa etmək istəmir.

Nəzərə almaq lazımdır ki, Gürcüstan Cənubi Qafqazda, ümumiyyətlə, Şərqlə Qərbi birləşdirən dəhlizdə Azərbaycanla birgə vacib rola malikdir. Məhz Gürcüstan vasitəsilə nəinki, Orta Asiyadan, həm də Çindən Avropaya və əks istiqamətə daşınma həyata keçirilir. Bu amil Gürcüstanın strateji rolunu artırır.

Sadəcə kimsə Gürcüstan dosyesini Trampın önünə qoymalıdır ki, Gürcüstanın əhəmiyyətini xatırlatsın. ABŞ müəyyən məsələlərdə-Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələrində atəşkəs, İranla danışıqlarda müsbət nəticələr əldə etdikdən sonra digər regionlara, o cümlədən Gürcüstana lazımi diqqəti ayıracaq.

ABŞ-Gürcüstan strateji münasibətlərinin nəinki bərpa edilməsi, hətta daha yüksək səviyyəyə qaldırılması mümkündür”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

13 May 2025

BÜTÜN XƏBƏRLƏR