Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi Fransa Prezidenti Emmanuel Makron sentyabrın 24-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Görüşdə, İranın nüvə proqramı və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Makron Pezeşkian ilə görüşündə İranın nüvə proqramı ilə bağlı üç əsas tələbi irəli sürüb:
-BMT-nin Nüvə Silahlarının Yayılmaması üzrə Agentliyinin (IAEA) İran ərazisinə tam girişinə icazə verilməsi.
-Yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı şəffaflığın təmin edilməsi.
-Nüvə danışıqlarının dərhal bərpa edilməsi.
Makron sosial şəbəkə platforması X-də bu tələbləri "razılaşma hələ mümkündür, yalnız bir neçə saat qalıb. İranın irəli sürdüyümüz qanuni şərtlərə cavab verməsi lazımdır" şəklində ifadə edib.
İran Prezidenti Məsud Pezeşkian, görüşdə İranın nüvə silahı əldə etmə niyyətində olmadığını bir daha bəyan edib. O, İranın nüvə proqramına qarşı olan etimadsızlığın yanlış anlaşılmalardan qaynaqlandığını vurğulayıb .
Pezeşkian, həmçinin, İranın nüvə razılaşmasından (JCPOA) ABŞ-ın 2018-ci ildə tək tərəfli şəkildə çıxmasının ardından Avropa tərəfdaşlarının da öhdəliklərini yerinə yetirmədiklərini iddia edib. O, Avropa ölkələrinin İranın səmimi səylərini yetərli saymayaraq, razılaşmanı məhv etməyə çalışdıqlarını bildirib.
Makron "razılaşma hələ mümkündür, yalnız bir neçə saat qalıb" ifadəsi ilə nə demək istəyir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:
“Bu açıqlama əslində İran tərəfi üçün bir qədər həyəcanverici təsir yaratmağa xidmət edir. Makron guya vaxtın az olduğunu vurğulamaqla, İran tərəfdə həyəcanın artmasına yönələn provokativ bir mesaj verib. Əslində, İranın nüvə silahı əldə etməmə mövqeyi bundan əvvəl də səsləndirilib. İran tərəfi bəyan edib ki, ölkənin nüvə silahından istifadə etmək fikri yoxdur, uranın zənginləşdirilməsində məqsəd daha çox enerji istehsalıdır və bu, digər dövlətlər tərəfindən də həyata keçirilir. Bu yol ilə İran ölkənin enerji siyasətini daha da gücləndirməyi hədəfləyir.
Lakin Qərb dövlətləri iddia edir ki, İran nüvə silahı əldə etməyə çalışır və bu məqsədlə uranı zənginləşdirir. Bu səbəbdən ona qarşı sanksiyalar tətbiq olunur. Burada müzakirə olunacaq əsas məsələ İran və Qərb ölkələri arasında qarşılıqlı anlaşmanın təmin edilməsi və İranın nüvə obyektlərinə baxışın həyata keçirilməsidir. Hazırda BMT Nüvə Silahlarının Yayılmaması üzrə Agentliyi (IAEA) İran ərazisinə girişə icazə verilməsi ilə bağlı qərb dövlətləri tərəfindən təkliflər irəli sürülür.
İranda mövcud mühafizəkar qanad, yəni ali dini rəhbər Ayətullah Xamenei tərəfindən idarə olunan qüvvələr, İranın nüvə silahına dair qərb institutları tərəfindən həyata keçiriləcək baxışa qarşı çıxırlar. Onlar bildirirlər ki, Qərb dövlətləri hər dəfə bu məsələdə razılığa gəlməyə çalışsa da, sonradan siyasətlərindən geri çəkilirlər. İranın mühafizəkar qüvvələrinin əsas niyyəti Qərbin İran üzərinə qoyduğu sanksiyaların ləğv edilməsini təmin etmək və tərəfdarlıq üçün bu şərtləri irəli sürməkdir. Lakin ehtimal olunur ki, bu şərtlər qəbul edilməyəcək və Qərb ölkələri İranın nüvə obyektlərinə baxış üçün heç bir ön şərt olmadan tələb irəli sürəcəklər. Onların məqsədi nüvə obyektlərinə baxışın tam şəkildə həyata keçirilməsidir”.
Xalidə Gəray
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ