İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Konstitusiyasında bunlar dəyişir

Muxtar respublikanın ali vəzifəli şəxsinin səlahiyyətləri müəyyənləşəcək

Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin təfərrüatları məlum olub.

Məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır. Belə ki, Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək.

Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır.

Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.

Bu gün Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur.

Qeyd edək ki, iki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bəzi ekspertlərə görə, Ali Məclis strukturu saxlanıbsa, mümkündür ki, onun üzərindən idarəetmə davam edə bilər.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ediləcək  dəyişikliklər Naxçıvanda Ali Məclisin səlahiyyətinə hansı formada təsir edə bilər? Muxtar respublikada Prezidentin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Yeni dəyişikliklər xüsusi nümayəndəliyin də ana qanunda təsbit olunmasını özündə ehtiva edəcək və səlahiyyət bölgüsü bundan sonra tam aydınlaşacaq

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR