Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur. 5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq. Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Ə.Hüseynli bildirib ki, təklif olunan dəyişikliklər Azərbaycan Konstitusiyası ilə bir sıra ziddiyyətlərin aradan qaldırılması baxımından da önəmlidir. Komitə sədri bu bar6ədə təşəbbüs qaldırdığına görə Naxçıvan Muxtar Respublikası Milli Məclisinin deputatlarına təşəkkür edib.
E.Paşasoy,
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ