Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin miqyası, həm də BMT Baş Assambleyasında edəcəyi çıxışı ilə diqqət mərkəzindədir. Dövlət başçısının ABŞ-də keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, iqtisadi və siyasi çəkisinin yeni müstəviyə qalxmasını bir daha nümayiş etdirdi. Ən önəmlisi isə budur ki, bu görüşlər yalnız protokol çərçivəsində qalmadı, Azərbaycanın regional güc və qlobal tərəfdaşlıq imkanlarının real təsdiqinə çevrildi.
Prezident İlham Əliyevin dünyanın ən iri maliyyə qurumlarının rəhbərləri ilə görüşməsi Azərbaycanın iqtisadi uğurlarına beynəlxalq etimadın göstəricisi oldu.
“Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone”, “Franklin Templeton” və “Global Infrastructure Partners” kimi maliyyə nəhənglərinin rəhbərləri Azərbaycanın artan iqtisadi potensialını xüsusi vurğuladılar. Bu şirkətlərin təmsilçilərinin Bakıda gördükləri iqtisadi nailiyyətlərdən heyranlıqlarını ifadə etmələri, ölkəmizin bərpaolunan enerji sahəsində sürətli inkişafını yüksək qiymətləndirmələri Azərbaycanın dünya iqtisadi xəritəsində mühüm oyunçuya çevrildiyini göstərir.
ABŞ-də təqribən 170 milyard dollarlıq aktivləri idarə edən “Global Infrastructure Partners”lə infrastruktur və enerji sahəsində müzakirələr də Azərbaycan üçün yeni strateji imkanlar açır.
İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla rəsmi qəbulda səmimi münasibəti diqqətdən yayınmadı. Trampın Azərbaycan Prezidentini yüksək sözlərlə dəyərləndirməsi, onu dünya miqyasında lider kimi təqdim etməsi ikitərəfli münasibətlərin strateji xarakterini əks etdirir. Bu, yalnız şəxsi kompliment yox, Azərbaycanın beynəlxalq səviyyədə qazandığı etimadın və nüfuzun ifadəsidir.
Trampın Azərbaycan prezidenti haqqında dediklərindən bir hissə:
”Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız. Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq”.
Nyu-York görüşləri həm də siyasi müstəvidə mühüm mesajlar verdi. ABŞ Ticarət Palatası ilə müzakirələr, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza və Bolqarıstan Baş naziri Rosen Jelyazkovla dialoqlar Azərbaycanın diplomatik xəttindəki ardıcıllığı göstərdi. Qeyd olunmalıdır ki, Portuqaliya Prezidenti, Ermənistan və Azərbaycan arasında əldə olunmuş nəticələr münasibətilə İlham Əliyevi təbrik etməklə sülh gündəliyinə beynəlxalq dəstəyi bir daha təsdiqlədi. Avropa ölkələrinin Azərbaycanın rolunu “tarixi nailiyyət” adlandırması bu xəttin uğurla işlədiyini sübut edir.
Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunda səslənən fikirlər də bu reallığı gücləndirdi. Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış Bəyanamə təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Onun fikrincə, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək.
İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın həm regional, həm də qlobal səviyyədə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu, iqtisadiyyatımızın dayanıqlılığını, diplomatiyamızın nüfuzunu və ölkəmizin təşəbbüskar rolunu təsdiqləyən bir səfər oldu. Azərbaycanın həm sülh gündəliyinin, həm də qlobal iqtisadi əməkdaşlığın aparıcı mərkəzinə çevrildiyi bu prosesdə İlham Əliyevin liderliyi dünya miqyasında etiraf olunur. Bu reallıq isə Azərbaycanın gələcək onilliklərdə regionun əsas güc mərkəzi olacağına dair ən güclü zəmanətdir.
Şahanə Rəhimli
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ