İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlamaya düşmüş kino

26 iyunda, milli ordunun yaranması günü kinostudiyanın pirotexnika anbarında partlayış təsadüf idimi? Məncə, yox. Simvolik hadisədir. Əlbəttə, qəsdən partlayış, xarici düşmənlərin əli, geopolitik vəziyyətin yaratdığı gərginliyi körükləmək və sairə amilləri araşdırmaq orqanların işidir, biz işin sənət tərəfinə baxırıq.

Həmin gün, hələ kinostudiya partlamamış tanınmış kino tənqidçimiz Sevda Sultanova sosial şəbəkədə belə bir status yazmışdı: “Bu gün Silahlı Qüvvələr günüdür. Və 2-ci Qarabağ müharibəsi haqda, dövlət büdcəsinə çəkilmiş tammetrajlı bədii filmimiz hələ də yoxdur”.

Və axşam düşür, “Azərbaycanfilm”in həyətində partlayış olur. Sanki kinostudiya da bu vəziyyətə dözməyib partlayır. Məsul şəxslərə mesaj verir ki, əgər kino çəkmirsinizsə, mən özüm onu göstərərəm. Doğrudan da, 26 iyun gecəsi uca millətimiz dava-triller-detektiv janrında maraqlı “film” izlədi. İçində hər şey var idi, partlayış, ekşn, həyəcan, türkün sözü, mutlu sonluq... Hərçənd, yuxarıda yazdığım kimi, hələlik səbəb bilinmir. Buna incəsənətdə, o cümlədən kinoda “açıq sonluq” (klifhanger terminiylə ifadə edilir) deyirlər. Deməli “filmin” ardını çəkmək üçün əl yeri qoyulub. Yaxşı mənada. Heç birimiz kinostudiyanın yenidən və gerçəkdən partlamaya düşməyini arzulamırıq.

Ancaq o pirotexnikanı şəhərin içində, camaatın sıx yaşadığı yerdə saxlayanları da yəqin dindirəcəklər. Axı yenə afyorizmə keçsək, deyir hətta xarab tüfənglər də haçansa atəş aça bilir. Həmçinin, Anton Çexovdan sırf indiki vəziyyətə uyğun sitat var: “Əgər tamaşanın ilk səhnəsində divardan tüfəng asılıbsa, son səhnədə o mütləq atəş açmalıdır”. (Çexov bununla əslində hər hansı əsərdə lazımsız, mənasız epizodların, süjet üçün önəm daşımayan detalların, surətlərin, təsvirlərin olmasını pisləyirdi). Kino üçün pirotexnika almısansa, buyur, zəhmət çək, söz oyunu çıxmasın, kino çək və o pirotexnikanı sahədə partlat. Yoxsa qaldıqca özü partlayar.

“Qaldıqca” isə yetərincə uzun oldu. 2020-ci il qələbəsindən 5 il keçir, lakin o hadisə haqda bədii film yoxdur. Tragikomediya kimi görünsə də, ermənilər bu temada həm kino çəkiblər, həm roman yazıblar.

Halbuki, son 5 ildə, ümumiyyətlə müstəqillik dövrümüzdə öz vəzifəsinin öhdəsindən gəlməyi bacaran bəlkə də yeganə dövlət qurumu  Azərbaycan ordusudur. Di gəl onu tərənnüm etməyə qıymırlar. Onun layiq olduğu şərəfə sanki paxıllıq edənlər var.

Əlbəttə, istənilən sənət, yaradıcılıq azadlıq sevir, burda göstərişlə, fərmanla, əmrlə nəsə fövqəladə şeylər yaratmaq çətindir. Amma heç adisi də yoxdur axı!

Mövzu açılmışkən, bir müşahidəmi bölüşüm, o da kino haqdadır. Ötən il dünya şöhrətli rejissor Frensis Ford Koppolanın “Meqalopolis” adlı filmi ekranlara çıxdı. Film sənət aləmində birmənalı qarşılanmadı. Hətta Koppolanın kinosevərləri ələ saldığını, bu kinonun bir zibilə yaramadığını yazan tənqidçilər oldu. Filmin qısa süjetini yazsam, Nyu York şəhərinin arxitekturasını dəyişmək istəyən bir memarın şəhər meri ilə toqquşması ətrafında cərəyan edir, lakin içərisində qədim Romadan çağdaş elmə qədər hər şey var.

Maraqlıdır ki, eyni dövrdə Hollivudda “Brutalist” adlı film də çıxdı, 3 Oskar ödülü almışdı. Bu film də bir arxitektorun həyatından bəhs edirdi.

İndi mən öz ərazimizə qayıdaraq sizə sual verirəm: Azərbaycanda maraqlı memar, arxitektor yoxdurmu? Var. Memarlıq problemlərimizi sənətə gətirmək olmazmı? Olar. Nə qədər istəsən. Bir-ikisini yazım.

Məsələn, dördillik məktəb oxuyan, lakin paytaxtın az qala yarısını tikən adamın həyatı... Bəli, düz zənn edirsiniz, şərurlu İsfəndiyar məncə Koppolanın filmindəki memar Katilinanın prototipi sayılan nyu-yorklu memar Robert Mozes qədər maraqlı tipdir.

Yaxud, “Xəzər adaları”nı salfetkada cızan Hacı İbrahim Nehrəmli... Bir evi 7 adama satmağı bacaran dələduzlarımız... Alatavada tutulan ekskavatorçu, Hacıbala müəllimin qədim Bakını yer üzündən qaşıması, arxitektura komitəsinin gecəqonduda yaşayan rəhmətlik sözçüsü (buna mən canlı şahidəm) və sairə və ilaxır.

Nə qədər istəsən süjet var, kino çəkən yoxdur. Adam hirsindən... partlayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR