Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə məlumat yayıb.
Bildirilir ki, keçmiş illərdə törədilmiş cinayətlərlə bağlı aparılan istintaq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.
"İstintaq Komitəsinin əməkdaşları tərəfindən vilayətin DİN Baş İdarəsinin əməkdaşları ilə qarşılıqlı fəaliyyət çərçivəsində və Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Çevik Reaksiya Bölməsi qüvvələrinin güc dəstəyi ilə kompleks tədbirlər həyata keçirilib. Bu tədbirlər Yekaterinburq şəhəri ərazisində əvvəlki illərdə baş vermiş bir sıra cinayətlərin istintaqı çərçivəsində keçirilib. Əməliyyat nəticəsində bir neçə şəxs saxlanılıb, onların yaşayış yerlərində axtarışlar aparılıb", - deyə rəsmi məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda istintaq hərəkətləri davam etdirilir, saxlanılan şəxslərin istintaq olunan və digər cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.
O da vurğulanır ki, istintaqın mənafeyinə uyğun olaraq, əlavə məlumatlar bu mərhələdə açıqlanmır.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər./Oxu.Az/
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ