İnsanlara hürriyət, millətlərə istiqlal!

Salatlar, turşular və kabablar: "Toylarda zəhərlənmənin gizli səbəbləri"

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məsələ diqqət mərkəzindədir. TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu qoyulub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Digər xəstələrin vəziyyəti stabildir və onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir.

Hadisənin kökü sentyabrın 23-də keçirilən toy məclisinə gedib çıxır. Toy zamanı iştirak edən şəxslərdən bir qismi zəhərlənmə simptomları ilə xəstəxanaya müraciət edib.
Bəs payız fəslində toy məclislərində zəhərlənmələrin əsas səbəbləri nədir?

Mövzu ilə bağlı dietoloq-həkim Ləman Süleymanova Musavat.com-a danışıb.

İnsanları yalançı marafonlara sövq edirlər

Həkim zəhərlənmələrin başlıca səbəbini mətbəx şəraitində gördüyünü deyib:

“Obyekt sahibləri işə başlamazdan əvvəl mətbəxi ən yüksək standartlara uyğunlaşdırmalıdır. Sobadan soyuducuya, qabyuyan maşınlardan ventilyasiya sistemlərinə qədər hər şey texniki baxımdan saz vəziyyətdə olmalı, gündəlik dezinfeksiya işləri aparılmalıdır. Havanın dövriyyəsi və otaq temperaturu stabil qalmalıdır. Qida məhsulları və içməli su sanitar-gigiyenik qaydalara uyğun saxlanmalıdır. Hər bir ərzaq növü üçün müəyyən edilmiş temperatur rejiminə ciddi riayət edilməlidir.

Hər bir ərzaq təzə və istifadəyə yararlı olmalıdır. Keyfiyyətsiz və ya son istifadə müddəti bitmiş məhsullar dərhal mətbəxdən uzaqlaşdırılmalıdır. Heç bir ərzaq məhsulu 2 gündən artıq saxlanılmamalıdır. Əlcək, maska və önlük istifadə etmək, əlləri tez-tez yumaq isə yemək hazırlayanların əsas qaydalarından olmalıdır.

Həkim qeyd edir ki, xüsusən salatlar və turşular daha tez xarab olduğundan zəhərlənməyə səbəb ola bilir:

“Bir sıra şadlıq sarayları var ki, salatları bir neçə gün əvvəldən hazırlanıb və soyuducuda saxlayır. Halbuki sonradan süfrəyə verilməzdən əvvəl bir neçə dəfə soyuducuya qoyulması zəhərlənmə riskini artırır. Hava isti olmasa belə, bakteriyalar sürətlə inkişaf edir. Bu səbəbdən bütün iaşə obyektlərinin sahibləri bu məsələyə xüsusi diqqət yetirməlidir.

Xüsusilə kabab və hisə verilmiş ətlər düzgün temperatur rejimində saxlanmalıdır. Əks halda mikroorqanizmlər sürətlə inkişaf edir və insan həyatı üçün təhlükə yaranır.
Bundan başqa, şadlıq saraylarında yeməklər ardıcıl və çox miqdarda təqdim olunur. Ağır ətlərdən sonra meyvə verilməsi həzm sisteminə zərər verir və zəhərlənmə riskini artırır. Yüngül qidalar, o cümlədən salat və meyvələr əvvəl təqdim olunmalı, sonra əsas yeməklərə keçilməlidir. Bu, həm dad, həm də sağlamlıq baxımından vacibdir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR