İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp BMT-nin pulunu kəsir – təşkilat ya “sınıxacaq”, ya da dağılacaq

Öz ölkəsində bir sıra layihələrə dövlət büdcəsindən böyük büdcə ayrılmasına qarşı çıxan prezident Donald Trampın eyni zamanda ABŞ-nin üzvü olduğu beynəlxalq təşkilatların əsas donorlarından biri olmasından imtina etmək fikrində olması II dünya müharibəsindən sonra yaradılmış bütün beynəlxalq strukturların gələcəyini təhdid edir.

Bu təşkilatlar onsuz da mühüm problemlərin həllində acizliklərinə görə nüfuzlarını itirməkdədirlər, maliyyə dəstəklərini itirdikləri halda daha da çarəsiz duruma düşəcəklər.

Düzdür, belə bir qənaət var ki, həmin təşkilatlardan biri və birincisi olan BMT bütün ölkələrin tanıdığı yeganə platformadır, ancaq baxaq, görək, bütün ölkələrin bu təşkilatı tanıması nəyi həll edir?

Ümumuyyətlə, BMT dünyanın qlobal problemlərindən hansınlısa həll etmək gücündədirmi?

Bu təşkilat 5 dövlətin inhisarındadır. Təşkilatın Təhlükəsizlik Assambleyasının daimi üzvləri olaraq veto hüququna sahib olan ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Fransa BMT-də əsas söz sahibləridir və bütün dedikləri olur. Onlar öz mənafeləri əleyhinə bir qətnamə, qərar qəbul edilməli olanda, veto hüququndan istifadə edirlər, Iş pozulur, qərar qəbul edilmir.

İndiyədək ayrı-ayrı ölkələr (məsələn, ABŞ və Rusiya, eləcə də Çin) öz əleyhlərinə olan suçlamalara dair iddiaların müzakirə edilməsinə belə icazə verməyiblər.

Bu halda hansı beynəlxalq ədalətdən danışmaq olar?

Məşhur ifadə ilə desək, BMT-də bütün musiqiləri bu 5 dövlət sifariş edir və təşkilatın orkestri onların dediyi melodiyanı çalır. Orkestrin dirijoru isə ABŞ-dir. Çünki BMT-nin maliyyəsinin çoxunu bu dövlət verir. İndi yeni Ağ Ev administrasiyası hesab edir ki, BMT strukturları lazımsızdır və onlar ABŞ əhalisinin ödədiyi vergilərin hesabına yaşayırlar.

Bu yaxınlarda ABŞ-də dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin əsas maliyyə tənzimləmə mexanizmi olan büdcə idarəsi ölkə prezidentinə və Konqresə BMT-nin sülhməramlı əməliyyatlarını maliyyələşdirməyi dayandırmağı təklif edib və bunu ölkə büdcəsindən xarici xərclərin azaldılması zərurəti ilə izah edib. İdarə bildirib ki, milyonlarla amerikalı vergi ödəyicisinin pulları səmərəsiz xərclənir.

Bu, həm BMT büdcəsinin özü, həm də sülhməramlı əməliyyatların maliyyələşdirilməsinə ayrılan vəsaitlər üçün təhlükə siqnalıdır. Çünki Birləşmiş Ştatlar BMT-nin bütün büdcəsinin 22%-ni (3,7 milyard dollar) verir, üstəlik, dünyada sülhməramlı əməliyyatlara xərclənən 5,6 milyard dolların 27%-i ABŞ-nin üzərinə düşürr.

Belə bir qərar, prinsipcə, BMT-ni xor görən ABŞ prezidenti tərəfindən təsdiqlənərsə (belə olacağına şübhə edənlər azdır), bu, oktyabrın 1-də başlayan yeni maliyyə ilindən qüvvəyə minəcək. Demək, BMT məmurlarının çoxsaylı təntənəli qəbullara, ziyafətlərə, ezamiyyətlərə, mənaslz sammitlərə gen-bol pul xərcləmək üçün 4 ay vaxtları qalıb. Ondan sonra ya BMT-də “kəmərsıxma” dövrü başlanacaq, ya da ümumiyyətlə, dağılma prosesi start götürəcək.

Bəs Tramp nədən öz 11 sələfindən (Eyzanhauerdən Obamaya qədər) fərqli olaraq BMT-yə qarşıdır? Bunun çox sadə bir səbəbi var. ABŞ prezidentinin fikrincə, onun ölkəsi ədalətsiz olaraq bu strukturlarda əvvəlki təsirə və liderliyə malik deyil. Tramp istəyir ki, BMT daxilində bir sözü iki olmasın. Amma bu təşkilatda Rusiya, KXDR, İran və Çin kimi daima Vaşinqtonla höcətləşən ölkələr var və onlar ABŞ-nin tam hegemon olmasına imkan vermirlər. Belə olandan sonra nəyə görə ABŞ milyardlarla pul ödədiyi təşkilatda özünə yaradılan başağrısına dözməlidir? Trampın BMT-yə dair düşüncəsi budur.

193 üzvü olan BMT-nin büdcəsinin 22 faizinin bir ölkə tərəfindən doldurulması, doğrudan da böyük rəqəmdir. Yerdə qalan 78 faizlik maliyyə 192 dövlət arasında bölünür. Onların yarıdan çoxunun kasıb ğlkə olduğunu nəzərə alsaq, ən azı 50 ölkə BMT-nin maliyyələşməsi üçün əlini daşına altına qoya, hərəsi bu maliyyə yükünün 3-4 faizini götürə bilərdi. ABŞ bu yükün altına o zamanlar girib ki, dünyanın şəriksiz olaraq ən varlı dövləti idi. Hazırda isə Çin, Yaponiya, Hindistan, eləcə də büdcəsi bir neçə trilyon dollar həcmində olan digər ölkələr, yeri gələndə ABŞ-yə “pul göstərirlər”. Demək, onlar BMT-nin qorunub saxlanması üçün maliyyə qaynağı ola bilərlər.

Siyasətçidən çox biznesmen kimi düşünən Trampın bu mövqeyi ABŞ xalqının da təqdirini qazanır.
Hazırda dünyada doqquz sülhməramlı missiya fəaliyyət göstərir. Onların hamısı BMT-nin büdcəsindən maliyyələşir. ABŞ-nin BMT-nin pulunu kəsməsi bütün beynəlxalq sülhməramlı fəaliyyətlərin tam dayandırılmasına gətirib çıxaracaq.

Belə olanda BMT missiyalarının mövcud olduğu Mali, Livan, Konqo Demokratik Respublikası (KDR), Kosovo, Cənubi Sudan, Qərbi Sahara, Kipr və İsrail-Suriya sərhədindəki Colan təpələrində vəziyyət necə olacaq, heç kəs bilmir.

BMT sülhməramlılarının fəaliyyət göstərdiyi doqquzuncu məkan Hindistan və Pakistan sərhədindəki Cammu və Kəşmir bölgəsidir. Bu, dünyanın ən qədim sülhməramlı missiyasıdır. BMT sülhməramlıları 1949-cu ildən bu bölgədədir. Minlərlə insanın cəlb olunduğu hərbi və mülki heyətlərlə bu missiyaları yerinə yetirmək hər gün dünya ictimaiyyətinə on milyonlarla dollara başa gəlir. Yükün ağır yerinə çiyin verən ABŞ-nin yeni prezidenti isə büdcədən bu cür xərcləmələri nəhəng vəsaitlərin mənasız israfçılığı hesab edir.

BMT-nin baş katibi Antonio Quterreş Trampn “dediyim dedikdir” xasiyyətinə bələd olduğundan bu yaxınlarda təşkilatın yurisdiksiyasındakı agentlikləri gələn il büdcənin əhəmiyyətli dərəcədə azaldılmasına və işçilərlə müqavilələrin uzadılmamasına hazırlaşmağa çağırıb. O, anons edilən təhlükəni ciddi qəbul edib, bilir ki, maliyyəsi azalan BMT-nin minlərlə məmurunu saxlamaq çətin olacaq. Ona görə də şöbələr birləşdirilməli, şişirdilmiş ştatlar ixtisar olunmalıdır, bəzi ofislər Nyu-York və Cenevrədən daha ucuz şəhərlərə köçürülməlidir. Quterreş həmçinin təşkilata xəbərdarlıq edib ki, o, ən azı Tramp administrasiyası hakimiyyətdə olduğu müddətdə maliyyə çatışmazlığına alışmalı olacaq.

Əslində Tramp BMT məsələsini düyünü qlıncla kəsən Qordi kimi sürətlə və radikal şəkildə həll etmək, ABŞ-ni BMT-dən çıxarmaq istəiyr. Ancaq ona bu addımı atmağa mane olan odur ki, bu, sürətli proses deyil və Amerikanın bu təşkilatdakı mövcudluğuna son qoymazdan əvvəl alternativ və effektiv nəyinsə yaradılmasını tələb edir.

Məhz buna görə də Ağ Ev administrasiyası BMT strukturlarına ayrılan maliyyənin azaldılmasından, ABŞ-nin təşkilata yığılmış borclarını ödəməməkdən başlamaq qərarına gəlib. Hazırda ABŞ-nin BMT büdcəsinə borcu 1,5 milyard dollar, sülhməramlı büdcəyə isə 1,2 milyard dollardır. Əgər ABŞ bu ilin sonuna qədər borclarını ödəməsə, ən böyük beynəlxalq təşkilatın fəaliyyətində səsvermə hüququnu itirəcək. Lakin bu perspektiv, görünür, Tramp administrasiyasını xüsusilə narahat etmir.

Fakt budur ki, BMT bir beynəlxalq problemi həll edə bilmir və bütün ölkələr belə hallarda (Ukrayna, İran, Şimali Koreya, Yaxın Şərq ətrafında eyni böhranlar) vasitəçilik üçün ABŞ-yə müraciət edirlər. Bu halda BMT nəyə lazımdır? Niyə ABŞ həm beynəlxalq konfliktləri həll etməlidir, həm də BMT-nin saxlanması üçün milyardlar verməlidir? Son iki ritorik sual Tramp komandasının üzvlərinə aiddir.

Beləliklə, mövcud siyasi reallıqlar, münasibətlər sistemi göstərir ki, BMT-nin axırı yoxdur. Görünür, bu şişmiş təşkilat yaxın gələcəkdə buraxılacaq və yerində daha yığcam, az maliyyə tələb edən effektiv təşkilat yaranacaq.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR