Onlayn ictimai-siyasi qəzet
Ərdoğanın qərarı digər türk dövlətləri üçün nümunə ola bilər
Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm qərar imzalayıb. Qərara əsasən, artıq türk soylular, yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım və Qaqauz icmalarından olan şəxslər Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.
Bu dəyişiklik onlara həm dövlət, həm də özəl sektorda daha asan işləmək imkanı yaradır. Türk soylular üçün iş icazəsi və yaşayış icazəsi prosedurları sadələşdirilir, onlar artıq Türkiyədə “əcnəbi” sayılmayacaq, öz vətənlərindəki kimi yaşayıb, fəaliyyət göstərə biləcəklər.
Belə ki, bu qərar Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi və sosial inteqrasiyanı gücləndirəcək. Bu addım “Türk Şengeni” kimi vahid viza və əmək sistemi üçün ilkin model sayıla bilərmi?
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin bu qərarı təqdirəlayiqdir və Türk Dövlətləri Təşkilatı, ümumiyyətlə, Türk dünyası üçün çox önəmlidir: “Amma bunu hələ ki "türk şengeni" də adlandırmaq lazım deyil. Çünki türk dövlətləri arasında onsuz da viza rejimi yoxdur. Yəni Azərbaycanla Türkiyə arasında yoxdur, Türkiyə ilə, Azərbaycanla Orta Asiya respublikaları arasında viza rejimi mövcud deyil. Bu, daha çox başqa bölgələrdə, məsələn, Çində yaşayan uyğur türklərin və başqa ölkələrdə yaşayan türk soylu insanlara daha çox müsbət təsirini göstərəcək. Amma ümumilikdə Türk dünyasının bir kadr potensialının yaranması, inteqrasiyası, işçi qüvvəsinin inteqrasiyasının daha rahat həyata keçirilməsi üçün kifayət qədər ciddi və uğurlu bir gedişdir. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün onun siyasi, iqtisadi elitası formalaşmalıdır. Bu elitanın formalaşması TDT-nin gələcəyində mühüm rol oynayacaq. Türkiyənin bu qərarı həmin elitanın formalaşması üçün atılmış ilk addımlardan biridir".
Xəyal Bəşirov
Siyasi ekspert Xəyal Bəşirov isə bildirdi ki, Türkiyə Prezidenti tərəfindən belə bir qərarın qəbul edilməsi əslində Türk dünyasının birləşməsi, Turan coğrafiyasının daha da inteqrasiya olunub təşəkkül tapması baxımından önəmli addımdır: “Çünki bu gün biz bir reallığı qəbul etməliyik ki, Türk dünyasında hələlik bütün istiqamətlərdə - iqtisadi baxımdan, eyni regional baxımdan, digər mühüm istiqamətlər üzrə ən ciddi şəkildə inkişaf eləyən dövlət Türkiyədir. Türkiyə bu meyarlara görə daha öndə gedir. İnsanların Türkiyəyə can atması normaldır. Türkiyə Avropa coğrafiyasında yerləşir və tarixi böyük ərazilərə sahibdir. Turizm baxımından, iş tapmaq baxımından və digər məqamlarla bağlı Türkiyə hər kəsin üz tutduğu əsas ölkələrdən biridir. Ona görə də Türkiyə cəlbedicidir. Xüsusilə də türk dövlətlərinin vətəndaşları üçün qardaş ölkə kimi Türkiyə çox cəlbedicidir. Prezident Ərdoğanın verdiyi sözügedən qərar TDT üzvü olan ölkələrin vətəndaşlarının qardaş ölkəyə daha çox gediş-gəlişinə, orada fəaliyyətinə daha geniş şərait yaranmasına təkan verəcək. Bu qərar həm də TDT-nin daha da inkişafına, daha monolit, daha effektli ittifaq olmasına gətirib çıxaracaq. Eyni zamanda bu, TDT-yə üzv olan subyektlərin sayını artıracaq. Gələcəkdə TDT-nin üzvü olan digər dövlətlər də Türkiyə nümunəsini tətbiq edə biləcəklər. Beləliklə, TDT üzvü olan ölkələrin vətəndaşları faktiki olaraq bu ittifaqa daxil bütün ölkələrin ərazisində rahat şəkildə iş qurmaq, fəaliyyət göstərmək imkanları əldə etmiş olacaqlar. TDT-nin türk xalqlarının nəzərində nüfuzu daha da artacaq. İnvestisiyaların yatırılması baxımından da əlavə imkanlara yol açılacaq. Prezident Ərdoğanın qərarı Şengen vizasına bənzər bir eksperiment, bir addım kimi özünü doğruldacaq. Hər bir halda türk coğrafiyasının inteqrasiyasında bu cür qərarlar çox müsbət töhfə verəcək. Cənab Ərdoğanın imzaladığı qərarın tezliklə həyata keçirilməsi istiqamətində addımlar atılmalıdır. Növbəti mərhələlərdə isə digər türk dövlətləri analoji addımları atmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ