İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları uşaq bağçasından kimlər uzaqlaşdırır?

Dövlət, yoxsa özəl uşaq bağçaları arasında seçimi aktual edən səbəblər 

“Yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisələri olmalıdır”. Xəbər verdiyimiz kimi, bu sözləri deputat Siyavuş Novruzov parlamentin iyunun 24-də keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu gün məktəbəqədər təhsil müəssisələrinin sayı azdır. “Hazırda ölkədə 1700-ə yaxın məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, onların bir qismi özəldir. Yeni tikilən hər yaşayış binasında belə müəssisələrin yaradılması vacibdir. Ailəni dolandırmaq üçün adətən hər iki valideynin işləməsi lazım gəlir və bu zaman uşaqların yerləşdirilməsi və təhsili xüsusi əhəmiyyət kəsb edir”, - deputat əlavə edib.

Niyə uşaqları bağçaya buraxmırlar?

Azərbaycanda məktəbəqədər yaşlı uşaqların yalnız 35 faizə yaxını bu təhsil xidməti ilə əhatə olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mediaya açıqlamasında bildirib. “Son illərdə əhatəlilikdə xeyli irəliləyişlər olsa da, arzulanan səviyyədən uzağıq. Hazırda alternativ modellər üzərində işləyirik. Hədəfimiz 2026-cı ilə qədər bu rəqəmi 50%-ə çatdırmaqdır”, - o qeyd edib.

Rasif Dünyamalıyev: Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin  maarifləndirilməsi vacibdir - AZƏRTAC

Rasif Dünyamalıyev 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev isə mediaya bildirib ki, məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların sayını artırmağın əsas yolu bütün dünyada istifadə olunan dövlət-özəl sektor əməkdaşlığıdır: “Azərbaycanda artıq bu fəaliyyətə başlanıb. Bu ilin iyun ayında özəl bağçalar üçün qrant proqramı elan edildi. Həmin proqrama əsasən dövlət bağçalarında yer olmadıqda növbədə gözləyən uşaqlar özəl bağçalara yönləndiriləcək. Hazırda 650-dən çox uşaq layihə çərçivəsində özəl bağçalara yerləşdirilib. Hazırda ən uyğun variant budur. Amma Azərbaycanda özəl uşaq bağçalarının çox olmaması bu saya ciddi təsir edə bilməməsinə səbəb olur. Toplamda 148 özəl uşaq bağçası var və onların əksəriyyəti Bakıda yerləşir. Bundan başqa da onların əksəriyyəti özləri fəaliyyət göstərdikləri üçün dövlət tərəfindən yönləndirilən uşaqlara ehtiyac duymur. Dolayısıyla dövlət özəl uşaq bağçalarının açılmasını təşviq etməlidir. Özəl bağçaları çoxalmalıdır ki, dövlət oraya uşaq göndərə bilsinlər. Özəl bağçaların sayı artmasa, dövlət proqramı genişləndirsə belə, istədiyi nəticəni əldə edə bilməyəcək. İlkin mərhələ üçün 1500 uşağın özəl bağçalara göndərilməsi nəzərdə tutulmuşdu. 100 uşaqlı bağçada 80 yer dövlətə verilsə, təqribən 20 uşaq bağçası edir. Gələn bu say 5000 nəzərdə tutulub, bu isə təqribən 55 bağça edir ki, real deyil. Çünki həmin bağçalar hazırda işləyir, çoxunda yerlər doludur. Dövlət hazırda yeni bağçaların açılması üçün özəl bağçaları dəstəkləməlidir. Bu bağçaların xüsusilə regionlarda açılması üçün şərait yaradılmalıdır. Burada problem mövcuddur, bunu yəqin ki, Elm və Təhsil Nazirliyi nəzərə alacaq, yeni bağçaların açılması üçün lisenziya şərtlərini yüngülləşdirəcək və sahibkarları təşviq edəcək”.

O qeyd edib ki, məktəbəqədər yaşda olan uşaqların təhsilini genişləndirmək üçün ikinci model ailə tipli təlim qruplarıdır: “Bu model Azərbaycanda indiyə qədər tətbiq olunmayıb. 2017-ci ildən "Məktəbəqədər təhsil haqqında" Qanunda bu var. Hətta bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Amma indiyə qədər icra olunmayıb. Burada məktəbəqədər təhsi üzrə təhsili olan müəllim yaxınlığında olan 5-6 uşaqla öz evində məşğul olur. Ailə tipli təlim qrupları çox unikal layihədir. İcmalarda bunun həyata keçirilməsi çox rahatdır. Sadəcə olaraq, burada müəllim öz evini Elm və Təhsil Nazirliyinin standartlarına uyğunlaşdırmalıdır. Əgər normativlər qəbul edilsə, prosedurlar müəyyən olunsa, düşünürəm ki, yaxın günlərdə bununla bağlı elanlar verilə bilər. Bu xüsusilə kənd yerlərində fayda verə bilər. Çünki kəndlərdə bağça açmaq çətindir, amma ehtiyacı olan 5-10 uşaq üçün ailə tipli təlim qrupları təşkil etmək mümkündür”.

Bağçaya getməli uşaqların sayı 650 min, gedənlər 120 min...

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunların müzakirəsi zamanı bildirib ki, Azərbaycanda hazırda məktəbəqədər uşaqların sayı 650 minə çatıb. Həmin 650 min uşaqdan yalnız 120 mini dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ala bilir. O bildirib ki, digər uşaqlar ya bu prosesdən uzaqda qalırlar, ya da özəl bağçalarda, kurslarda təhsil alırlar:

“Biz bu rəqəmləri kütləvi olaraq artırmalıyıq. Bizim milli strategiyamızda məqsəd qoyulub ki, məktəbəqədər hazırlıq əhatəsi 50% olsun, amma eyni zamanda qeyd etməliyəm ki, BMT standartlarına görə, bu, ölkələrdə 90% olmalıdır. Təəssüf ki, biz bu rəqəmlərə çata bilməmişik. Bu qanunlara təklif olunan dəyişiklik əhatəni artırır və özəl kursları da bu prosesə cəlb edir. Eyni zamanda təklif edirəm ki, biz Bakıda bağçaların, kursların sayını artırmaq istəyiriksə, yenidən tikinti standartlarına baxmalıyıq. Çünki sovet dövründə qəbul olunmuş tikinti standartları müasir məktəbəqədər hazırlıq mərkəzlərinin inkişafına məhdudiyyətlər yaradır”.

Hansı daha üstündür? - dövlət, ya özəl uşaq bağçaları?

Bu gün ölkəmizdə olan 1 844 məktəbəqədər təhsil müəssisəsinin 1 696-i dövlət, 148-i özəldir. Özəl məktəbəqədər təhsil müəssisələrinin daha çox hissəsi körpələr evidir. Körpələr evlərinin sayı 80, uşaq bağçalarının sayı isə 68-dir. Özəl bağçaların əksəriyyəti yeni tikili olan yaşayış binalarının aşağı mərtəbəsində yerləşir. Onların heç bir kvadratmetr də həyətyanı sahəsi olmur. Lakin dövlət uşaq bağçaları xüsusi layihə ilə tikildiyindən onların həyəti də olur ki, uşaqlar burada qoyulan əyləncə qurğularında əylənir, təmiz hava ala bilirlər. Özəl uşaq bağçaları isə bu üstünlükdən kənardır.

Ekspertlər dövlət və özəl uşaq bağçaları arasındakı fərqlər barədə xeyli nüanslara toxunur. Özəl uşaq bağçalarında yemək menyuları rəngarəngdir. Lakin dövlət uşaq bağçaları bu məsələdə bir qədər geridə qalır. Çünki özəl bağçalara valideyn yüksək məbləğdə ödəniş edir, dövlət uşaq bağçaları isə ödənişsizdir. Məhz bu amil deyilənləri təsdiq edir.

Yataq, əyləncə məsələlərinə gəlincə, bu sahədə üstün dövlət uşaq bağçaları da var, özəl bağçalar da. Yəni bu bağçanın müdiriyyəti tərəfindən işin qurulmasından birbaşa asılıdır.

Təhsil məsələsinə gəlincə, hər iki tip bağça təhsil verir. Lakin dillərin öyrədilməsi özəl bağçalarda daha yaxşı təşkil olunur. Çünki özəl bağçalar öz üstünlüyünü bu nəticə ilə qorumağı qarşısına məqsəd qoyur. Lakin burada ən vacib məsələlərdən birinə də toxunmalıyıq ki, özəl bağçaların bəzilərində Azərbaycan dili bölməsi yoxdur. Bu isə o deməkdir ki, gələcəyimiz olan uşaqlar ana dilində mükəmməl danışa bilməyəcək.

Dövlət uşaq bağçalarında isə Azərbaycan dili ilə yanaşı, rus, ingilis dilləri tədris olunur. Uşaqlar öz dilləri ilə yanaşı, digər dilləri də mənimsəyir.

Etiraf edək ki, bu gün Azərbaycanda uşaq bağçalarının sayı azdır. Bağça yaşına çatmış uşaqların yalnız 25 faizə qədəri prosesə cəlb oluna bilir. Dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır. Uşaqların məktəbəhazırlıq qrupuna, uşaq bağçalarına, körpələr evinə getməsi onların təhsil aldığı müddət ərzində akademik göstəricilərinin daha yaxşı olmasına gətirib çıxarır. Uşaqların nəticələri gələcəkdə daha yaxşı olur. Həmçinin uşaqlar bağçalara getdikdən sonra valideynlərin əmək qabiliyyəti də artır. Həm uşaqların təlim-tərbiyəsi, tədrisin təşkili, psixoloji dayanıqlılığı və digər müsbət xarakterik xüsusiyyətlər var. O ərazilərdə ki uşaq bağçaları azdır və yaxud yoxdur, ancaq uşaq var, bu zaman onlar dövlət büdcəsinin vəsaiti hesabına pulları özəl uşaq bağçalarına ödəyəcək.

Sevinc

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR