İnsanlara hürriyət, millətlərə istiqlal!

VHP rəsmisi: “Suriya xalqının iztirabları qarşısında susmaq insanlıqdan imtina etməkdir”

Suriyada 2011-ci ildən bu yana davam edən qanlı qarşıdurmalar təkcə bir dövlətin siyasi dağılmasını deyil, həm də beynəlxalq sistemin insani və hüquqi baxımdan nə qədər aciz olduğunu nümayiş etdirib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Musavat.com-a açıqlamasında bildirib ki, yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın didərgin düşdüyü bu münaqişə artıq regional yox, qlobal humanitar fəlakətə çevrilib.

Samir Əsədli qeyd edib ki, Suriyada baş verənlərə təkcə siyasi yox, həm də humanitar və mənəvi baxımdan yanaşmaq vacibdir: “Əsəd rejiminin xalqına qarşı illərlə davam edən zorakılığı, ardınca İŞİD və digər ekstremist qrupların vəhşilikləri, böyük güclərin Suriyanı geosiyasi maraqları naminə parçalama cəhdləri bu ölkəni dövlətçilikdən və sivil cəmiyyətdən məhrum etdi. Hələb, Dəməşq, İdlib kimi Yaxın Şərqin mədəniyyət beşiyi olan şəhərlər xarabalığa çevrildi, məktəblər bağlandı, xəstəxanalar dağıdıldı, çörək və su kimi əsas ehtiyaclar belə əlçatmaz oldu”.

VHP rəsmisi beynəlxalq ictimaiyyətin susqunluğunu və bəzi ölkələrin siyasi maraqları önə çəkməsini kəskin tənqid edərək bildirib: “Bu, insanlıq adına utancvericidir. Xüsusilə son dövrlərdə İsrailin Suriyaya qarşı hücumları, Druz azlığının adından istifadə edərək bölgədə yeni qarşıdurma mənbələri yaratmaq cəhdləri gərginliyi daha da artırır. Hazırda Suriyanın əsas dayaq nöqtəsi Türkiyədir. Türkiyə həm hərbi, həm siyasi, həm də humanitar baxımdan milyonlarla suriyalıya yardım göstərərək bölgədə sabitliyi qorumağa çalışır. Lakin bu təşəbbüslərə qarşı çıxan qüvvələr vəziyyəti daha da mürəkkəbləşdirir”.

Samir Əsədli vurğulayıb ki, Suriya məsələsinə beynəlxalq hüquq, BMT prinsipləri və ümumbəşəri dəyərlər kontekstində yanaşmaq vacibdir: “Suriyanın suverenliyi və ərazi bütövlüyü qorunmalı, siyasi keçid prosesi xalqın iradəsinə əsaslanaraq davam etməlidir. Əhməd əş-Şaraya rəhbərliyi ilə formalaşan keçid hökuməti bu baxımdan müəyyən ümidlər doğurur. Lakin bu prosesə dəstək üçün real siyasi iradə və qlobal həmrəylik şərtdir”.

O bildirib ki, böhran hərbi yox, yalnız siyasi və diplomatik yollarla həll oluna bilər. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri dönüşü təmin olunmalı, atılacaq hər bir addımda sülh, ədalət və insanlıq prinsipləri əsas götürülməlidir: “Suriyada yaşanan bu fəlakət təkcə bir xalqın yox, bütün bəşəriyyətin sınağıdır. Bu iztirablar qarşısında susmaq insanlıqdan imtina etməkdir”.

VHP rəsmisi Suriyadakı Türkmanların taleyinə də xüsusi diqqət çəkib: “Türkmanlar müharibə şəraitində həm fiziki təhlükə, həm də mədəni assimilasiya riski ilə üz-üzə qalıblar. Ana dilində təhsil və mədəni haqlardan məhrum edilən bu toplum tarixi torpaqlarından didərgin salınıb. Bu gün onların hüquqlarını müdafiə etmək həm humanitar, həm də mənəvi borcumuzdur. Türkmanlar Suriyanın gələcəyində layiqli şəkildə təmsil olunmalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR