İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda Xanyurduya qayıdış

“Kəndimiz işğal ediləndə düşmənə ciddi müqavimət göstərdik, amma...”

Avqustun 11-də Qarabağa “Böyük Qayıdış”ın yeni səhifəsi açıldı. Bu dəfə Xocalı rayonunun Xanyurdu kəndi növbəti dəfə sakinlərinə qucaq açdı. İndiki mərhələdə bu kəndə 19 ailə (62 nəfər) köçürüldü. Beləliklə, Xanyurduna köçürülən ailələrin sayı 52-yə, sakinlərin ümumi sayı isə 184 nəfərə çatdı.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş mənzillərin açarları təqdim edilib.

Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək. Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. “İllərdir həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir. Burada bizim üçün hər bir şərait yaradılıb,” - deyə keçmiş məcburi köçkünlər bildiriblər

Xanyurdu kənd sakini Məhəbbət Cavadov təkrar məskunlaşdıqları kəndi adına layiq qaydada inkişaf etdirəcəklərini söyləyib: “Dövlətimiz o zaman indiki qədər qüdrətli olsaydı, uzun illər məcburi köçkün həyatı yaşamazdıq. Kəndimiz işğal ediləndə düşmənə ciddi müqavimət göstərdik, amma gücümüz yetərli olmadığı üçün geri çəkildik. Bu müddət ərzində yenidən kəndimizə dönəcəyimizə inamımızı heç vaxt itirmədik. Şükür, çətin günlər artıq geridə qalıb. İndi kəndimizə qayıdırıq, öz ocağımızı yandırıb, yuvamıza yığılırıq. Kəndimizi adına layiq şəkildə - Xan yurdu kimi inkişaf etdirəcəyik”.

Məlumat üçün bildirək ki, 2025-ci ilin köç planına əsasən, Xocalı rayonunun daha beş kəndinə - Daşbulaq, Badara, Seyidbəyli, Şuşakənd və Xanabad kəndlərinə sakinlərin geridönüşü təmin ediləcək. 2026-cı il üçün isə Xanyurdu kəndində 93 fərdi evin təmir və bərpası planlaşdırılıb. Ümumilikdə kənd yüzlərlə ailənin yenidən məskunlaşması üçün tam hazırlığa gətirilir, mühüm infrastruktur investisiyaları reallaşır.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində bu ilin ilk yarısında dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 1 milyard 552,4 milyon manat vəsait ayrılıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur layihələrinə sərf olunub. İnfrastruktur layihələri çərçivəsində avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 58,2 milyon manat, yeni yaşayış komplekslərinin tikintisinə 239,5 milyon manat, su xətləri, kollektorlar və qurğuların qurulmasına isə 33,7 milyon manat ayrılıb. Bundan əlavə, sənaye parkları və infrastruktura 20,5 milyon manat, elektrik təchizatı işlərinə isə 1,7 milyon manat vəsait yönəldilib. Sosial layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə 182 milyon manat sərf olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə 16,8 milyon manat vəsait ayrıldığı bildirilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çox insan yaşayır.

2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda görülən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait yönəldilib, yalnız 2025-ci il üçün bu məbləğ 4 milyard manat təşkil edir. 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 140 min insanın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur.

Hazırladı: Cavanşir ABBASLI

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR