İnsanlara hürriyət, millətlərə istiqlal!

Birtərəfli “tiryək müharibəsi” – düşmən dronla gəlir

Heç olmasa ildə bir gün olsun və həmin gün belə xəbər çıxmasın: “İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb”.

Daha dəqiqi, elə bir gün olsun ki, bu cəhdi edənlər, ölkəmizə uydurucu, uyuducu maddələr keçirmək istəyənlər olmasın.

Yoxdur. İllərdir, belədir. Hər gün analoji xəbərlər yayılır. Eləcə, İrandan ölkəmizə narkotik maddə keçirərkən ilişənlərin, narkoracir-məhbusların statistikası şişir.

Bir də narkotik maddələri müxtəlif gizli yollarla, hüquq-mühafizə orqanlarından necəsə yan ötərək keçirənlər var. Əl-əlbət, var. Bunsuz olmaz.

Narkotik qaçaqmalçıları bilsələr ki, Azərbaycan sərhədçiləri, gömrükçüləri ayıq-sayıqdır, onları aldatmaq mümkün deyil və bu işin sonunda türmə var, bu işə girişməzlər.

Ancaq onlar belə bir avantüraya baş vurarkan tam əmin olmasalar da, ciddi şəkildə ümid edirlər ki, narkotik maddələri Azərbaycana keçirə biləcəklər.

Görünür, adamlar presedentdən çıxış edirlər: “Fİilankəslər 30 kilo keçirdilər, tutulmadılar”; “Şans məsələsidir, mərdiməzarlıq edən olmasa, keçirəcəyik, inşallah”.

Bəli, bu işlə məşğul olanların da iki sözündən biri “maşallah”, “inşallah”dır.

Hələ bir baxın ki, o, narkotik maddələr haradan gəlir. Adlarında “islam” ünvanı olan iki dövlətdən – İran İslam Respublikasından və Əfqanıstan İslam Əmirliyindən.

Adlarını müsəlman ölkəsi qoymuş bu dövlətlər dünyaya, o cümlədən qonşu müsəlman ölkələrə narkotik maddə ixrac edirlər.

Onlarda narkotik maddələr becərilən plantasiyalar var. Aqrotexniki qaydada, kultivasiya edərək, özbəklər pambıq, qazaxlar taxıl becərən kimi becərirlər, hər hektardan neçə sentner məhsul götürəcəklərini hesablayırlar.

Emal sənayesi də yaradıblar. Açıq-gizli laboratoriyalarda gecə-gündüz narkotik maddə emal edir, çeşidləyir: həşiş, tiryək, heroin, metamfetamin və s.

Daha sonra əllərindəki tranzit marşrutlara baş vururlar: məhsul haradan haraya, hansı yollarla gedəcək, hazır malı kim qarşılayacaq, sərhəd zonasına necə çatdırılacaq, orada kimlər onu sərhədin o üzünə necə aşıracaq. Hamısı düzülüb-qoşulub.

Özünə, adına, prinsiplərinə hörmət edən dövlət indiyə qədər ciddi tədbirlər görər, bu ticarətin qarsısını alardı. Etmirlər.

Əfqanıstan narkotik maddə istehsalına, ticarətinə dolanışıq yeri, biznes ünsürü kimi baxır, o üzdən onu yasaqlamır, sadəcə, özfəaliyyətə imkan vermir, inhisara alır.

İran isə, belə görünür ki, narkotik maddələrin ixracına qəsdən şərait yaradır. Başqa sözlə, bu dövlət qonşularındakı gəncləri kütləvi şəkildə nəşəxor etmək, iynəyə “oturtmaq” istəyir.

Başqa adı yoxdur. Yoxsa necə ola bilər ki, kələğayının altından bir əlçim saçı görünən qadınları küçədən sürüyən, 100 qram spirtli maye qəbul etmiş adamı meydanda şallaqlayan sərbazlar bu boyda həngəmani görmürlər?

Küçələrin, dükan-bazarların, əmək kollektivlərinin hökumət orqanlarına xəbər daşıyan şəxslərlə qaynaşdığı ölkədə dövlət strukturlarının narkotranzitdən xəbərsiz olması mümkün deyil.

Düzdür, qonşu ölkədə də tez-tez narkotik alverçilərinin yaxalandığı və asıldığı barədə xəbərlər gəlir, amma araşdıranda görürsən ki, bu şəxslər narkotiki daxili bazarda satmaq istəyənlərdir, xarici bazarla işləyənlərlə işləri yoxdur.

Bilən adamlar desinlər, İranın hüquq-mühafizə orqanları nə vaxt Azərbaycanla sərhəd bölgələrdə - İran Culfasında, Aslandüzdə,o taydakı Biləsuvarda və ya Astarada ölkəmizə narkotik maddə keçirən narkotacirləri tutublar.

Tutmuşuqsa, biz tutmuşuq, onlar tutmayıblar. Hətta İran sərhədindəki rentgen məntəqəsindən “təmizdir” deyə keçən yük maşınının bizdəki məntəqədə yoxlanması zamanı saxlanc yerlərində külli miqdarda narkotik gizlədildiyi məlum olub. Necə yoxlayıblarsa...

Hələ narkotik maddələri dronla sərhəddən adlatmaq trendi yenə əmələ gəlib, artıq 4-5 dəfə belə əməliyyatlar ifşa olunub. O cür əməliyyatların üç o qədəri isə yəqin ki, “uğurla” başa çatıb.

Sərhədindən quş uçurtmayan İran sərhədçiləri narkotik yüklü dronları görmürmü? Mümkün deyil.

Bu barədə dəfələrlə yazmışıq, yenə təkrar edək: bu birtərəfli qaydada aparılan “tiryək müharibəsi”dir.
Müharibədirsə, cinayət başında tutulanların cəzası müharibə qanunları ilə olmalıdır. Xalqımızın gənc övladlarını zəhərləyən, genefondumuzu məhv edən, ağır cinayətkarlığın artmasına səbəb olan şəxslər ağır şəkildə cəzalandırılmalıdırlar.

“İnsanlar işsizlikdən bu yola düşür” demək cinayətə haqq qazandırmaqdır. Narkotik satışı ilə pul qazanmaq istəyənlər dolanışıq dərdi çəkənlər deyil, qısa müddətdə, asan yolla çoxlu pul qazanmaq istəyənlərdir.

Bir sözlə, cinayət qanunvericiliyində dəyişiklik edilməli, narkotik ticarətini məhkum edən maddələr çox sərtləşdirilməlidir – İrandakına yaxın şəkildə.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

02 May 2025

30 Aprel 2025

28 Aprel 2025

26 Aprel 2025

24 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

18 Aprel 2025

16 Aprel 2025

14 Aprel 2025

12 Aprel 2025

10 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

04 Aprel 2025

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

25 Mart 2025

22 Mart 2025

19 Mart 2025

17 Mart 2025

16 Mart 2025

14 Mart 2025

12 Mart 2025

10 Mart 2025

07 Mart 2025