İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsuliyyətsiz sukanal

Bakıda küçədə gedərkən yer yarılmasından həlak olan vətəndaşın ölümünə görə məsuliyyət daşıyan idarənin axtarışları, deyəsən, müsbət nəticə verməkdədir.

İlk günlər yol idarəsi suçlu çıxarılmışdı, lakin idarə qətiyyətlə daş atıb başını tutdu, dedi piyadalar gedən ərazilərə niyə baxmalıyıq, biz ancaq maşın sürülən hissəyə cavabdehik. Sitat: “Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur. Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin başvermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar”. Sitatın sonu.

Həqiqətən, videodan da görünürdü, adam piyada idi, əsassız iddiaların yeri yoxdur. Hərçənd adamın düşdüyü hissə də yola oxşayırdı, ancaq nə dəxli? Avtomobillə düşməyibsə, yol idarəsini məsuliyyətə cəlb edə bilmərik. Şair demişdir ki, suyu çox içəndə o da dərd verir. Hər asfalt salınan yer yol deyil ki? Ona qalsa guya bütün yollar Romaya aparmalıdır, ancaq mən neçə illərdir gedirəm, Biləcəridən o yana keçmirəm.

Ədalət bizdə hər şeydən vacibdir. Bu isimdə aşığımız da var idi. Halbuki Avropada Femida adında aşığa qətiyyən rast gəlməzsən. Mən bunu ora gedib-gələnlərdən xüsusi soruşub, öyrənmişəm.

Sözgəlişi, deyir bir gün kimsə uşağını ustad aşığın yanına şəyird qoymağa aparır. Aşıq uşağa baxır, soruşur, adın nədir. Uşaq deyir Ramin. Aşıq deyir: “Bala, məncə, sən get ayrı işlə məşğul ol. Aşığın adı Ələsgər olar, Abbas olar, Alı olar, nə bilim, Şəmşir olar. Ramin adı ilə aşıq olmaq mümkün deyil”.

Mövzuya qayıdaq. Hadisə yerinin adına da diqqət elədinizmi? Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi! Nərimanov bizi Rusiyanın quyruğuna qoşan və 70 il azadlığımızı qeyb edən şəxsdir. Qayıbov küçəsi isə, adından məlum. Açıq mesajdır ki, ora girmək həyati təhlükə daşıyır.

Uzun sözün qısası, bir neçə müddət məsuliyyəti hansı orqanın daşımağı barədə ciddi araşdırmalar getdi. Bir versiya o idi ki, yol Bakı ŞİH-in tabeliyindədir. Lakin dərhal təkzib elədik, çünki bizə məlumdur, ŞİH-in ümumiyyətlə məsuliyyəti yoxdur. Burada niyə olmalıdır? Bakının heç bir yeri ora baxmır. Ya da cümləni belə quraq: Bakı ŞİH Bakıdan başqa hər yerə baxır.

İkinci gümanımız Təhsil Nazirliyinə getdi. Sertifikasiya, məzun günü, nə bilim, birincilərin qəbulu... O qədər mövzu var. Bizdə bu sektor ümumiyyətlə kriminallaşmışdır. Təzəlikcə məktəbə getmişdim, gördüm bütün pəncərələrə dəmir barmaqlıq vurublar. Sən demə, uşaqlar 4-cü mərtəbədən tullanıb dərsdən qaçırmış.

Kənd Təsərrüfatı Nazirliyi də günahkar çıxa bilərdi, çünki 9 manata gilas satan idarədən nə desən gözləmək olar.

Ancaq şükür, Baş Prokurorluğun mətbuat xidməti məlumat yaydı. Deyir, araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsindən konkret kim cavabdehdir, qalır bunu müəyyən etmək. Ancaq Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin uc-bucağını tapmaq çətin olacaq. Tapana qədər görəcəksən Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsi adını dəyişib, bu dəfə Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin Qeyb Şəxslər Bürosu kimi bir şey olubdur.

Hələlik yeriyəndə irəli, yuxarıya yox, torpağa baxın, salamat qalın. Mənim bir rəhmətlik dostum deyərdi ki, göydə heç nə yoxdur, nə varsa yerdə var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Noyabr 2025

01 Noyabr 2025

31 Oktyabr 2025

30 Oktyabr 2025

29 Oktyabr 2025

28 Oktyabr 2025

26 Oktyabr 2025

24 Oktyabr 2025

23 Oktyabr 2025

22 Oktyabr 2025

21 Oktyabr 2025

19 Oktyabr 2025

18 Oktyabr 2025

17 Oktyabr 2025

16 Oktyabr 2025

15 Oktyabr 2025

14 Oktyabr 2025

12 Oktyabr 2025

11 Oktyabr 2025

10 Oktyabr 2025

09 Oktyabr 2025

08 Oktyabr 2025

07 Oktyabr 2025

05 Oktyabr 2025

03 Oktyabr 2025

02 Oktyabr 2025

01 Oktyabr 2025

30 Sentyabr 2025

28 Sentyabr 2025

27 Sentyabr 2025