Onlayn ictimai-siyasi qəzet
        İnstitutdan (indiki terminlərlə desək, universtetdən) məzun olandan sonra təyinatla gedib işlədiyim şimal rayonlarımızın birində kollektivimizdə bir erməni qadın çalışırdı. Mühasib idi. Onun həyat yoldaşı azərbaycanlıydı, rayonun sosial təminat şöbəsinin müdiri idi və cütlüyün 14-22 yaş aralığında 4 övladı vardı.
Ermənistan və Azərbaycan arasında münaqişə yeni-yeni qızışan vaxtlar idi. Proses pis istiqamətə gedirdi, İrəvan və Xankəndidə ermənilər “qan-qan” deyirdi, bizdə də artıq sırf onlara cavab reaksiyası olaraq qımıldanmalar başlanmışdı.
Qadın hər gün işə qanıqara gəlirdi. Üzündən kədər tökülürdü. Erməni millətindən olduğu üçün kollektivdə ona güldən ağır söz deyən yox idi, heç yanında da Qarabağ məsələsindən, ermənilərin ortalığa qan salmaq niyyətindən danışmırdıq. Hələ münaqişə o dərəcədə yoğunlamamışdı. Ancaq təxminən 45 yaşlarında olan ali təhsilli, təcrübəli qadın hiss edirdi ki, bəzi müzakirələr onsuz gedir.
Bir gün mən onun işlədiyi otağa daxil olanda gördüm ki, qadın gözünün yaşını yaylığının ucu ilə silə-silə işləyir. Otaqda heç kəs yox idi. Birdən o zamanlar “5 manatlıq radio” adlandırılan radioqəbuledicidə erməni dilində veriliş başladı. Diktor “Xosume Baku” deyən kimi mühasibimiz başını qaldırdı və qeyzlə dilləndi: “Batır o bayquşun səsini!”
O, bunu gerçək səmimi bir nifrət və qəzəblə dedi. Ürəyindən keçənləri dilə gətirdi.
Mən bu hadisəni iş yoldaşlarıma nəql etdim. Onlardan biri “ermənidir də, artistlik edib” deyəndə başqa biri məsələyə sırf humanist mövqedən yanaşdı: “Yoox, onun əri rayonun tanınmış nəslindəndir, dörd yekə uşağı var. İş belə getsə, onun ailəsi dağılacaq. O, ona görə belə dərdlidir. Ailəsini düşünür. Ona Qarabağ-filan lazım deyil”.
Bildiyiniz kimi, sonrakı illərdə dağılma prosesi getdi, SSRİ süqut etdi, Ermənistan və Azərbaycan arasında müharibə başladı, araya qan düşdü, azərbaycanlılar Ermənistandan, ermənilərin də çoxu ölkəmizdən köçüb getdilər.
Bir dəfə yolum həmin rayona düşəndə tanıyanlardan erməni mühasibimizin taleyini xəbər aldım. Məlum oldu ki, düşmənçilik pik həddə çatanda o, övladlarını da götürüb, ailəlikcə ağlaşa-ağlaşa Krasnodara köçüblər. Sosial təminat şöbəsinin müdiri olan kişi nə qədər çalışsa da, ailəsini qoruya bilməyib, yaşının 50-ni haqladığı bir vaxtda tək qalıb. Heç demə, küçədə, məhəllədə cütlüyün övladlarına “erməni-erməni” deyirmişlər. Qadın da qorxurmuş ki, bir gün övladlarını küçədə bıçaqlayacaqlar.
Beləcə, 1988-91-ci illər arasında dağılan təkcə SSRİ boyda imperiya olmadı, həm də minlərlə erməni-azərbaycanlı ailələri dağıldı. 
İndi məlum olur ki, heç də bütün bənzər ailələr dağılmayıb. 1994-cü ildə mərhum prezident Heydər Əliyev deyəndə ki, Bakıda 30 min erməni yaşayır, yəqin ki, bu cür ailələri nəzərdə tuturmuş. Görünür, dövlət başçısının əlində bu xüsusda dəqiq statistika olub.
Ramiz Mehdiyev də bu cür ailələrdən birinin başçısı olub və bütün söz-söhbətlərə, əlverişsiz şəraitə baxmayaraq, ailəsini qoruyub saxlayıb. Bu, bəlkə də onun 87 illik həyatında etdiyi ən comərd hərəkətdir.
Məsələyə dövrün konyukturu prizmasından baxmaq lazımdır. Azərbaycanlı oğlanlar erməni qızlarla və ya başqa millətdən olan qadınlarla evlənəndə bütün SSRİ ərazisində rəsmi şəkildə xalqlar dostluğu təbliğ olunurdu, qarışıq nikahlar təşviq edilirdi, milli, dini ayrı-seçkilik yox idi (ya da gizli şəkildəydi). Moskva bu minvalla yeni, rusdilli “sovet xalqı” yaratmaq istəyirdi və buna xeyli dərəcədə nail olmuşdu.
O zamanlar “başqa millətin qızıyla ailə qurmaq” qəbahət sayılmırdı (heç indi də sayılmamalıdır). Ona görə də 21-ci əsrin bu vədəsində kimisə öz qəbiləsindən evlənməməkdə qınamaq düz deyil. Bu, aşırı millətçiliyin təzahürüdür, vətənpərvərlik aktı deyil.
Ona qalsa hazırda vətənimizin xaricdə yaşayan, oxuyan övladları əcnəbilərlə ailə qürurlar. Gələcəkdə onların yaşadığı dövlətlərlə bizim aramız pozulsa, avtomatik olaraq “sümüyümüzü it sümüyünə calayan” gəncləri qınayacağıqmı?
Düzdür, ermənilərlə məsələ başqadır, arada qan və namus düşmənçiliyi var, amma 1988-ci ildən əvvəl erməni qızlarla ailə quran gənclər nifaqın bu yerə qədər böyüyəcəyini bilə bilməzdilər. Bunu yalnız o məkrli, mürtəce planlara malik olan dairələr bilərdi.
Müharibə getdiyi bir vaxtda ermənilərlə qədim qohumluğu olan şəxslərin yüksək dövlət vəzifəsində təmsil olunmasının məqsədəuyğun olmaması, hətta yolverilməz olması isə başqa məsələdir. Sırf təhlükəsizlik baxımından bu məsələdə ehtiyatlı davranmaq lazımdır.
İndinin özündə, Ukrayna ilə Rusiyanın arasında gedən ölüm-dirim savaşında Rusiya Federasiyasının rəhbərləri arasında ya milliyyətcə sırf ukraynalı olan, ya da qarışıq nikahdan doğulmuş onlarla şəxs var. Ancaq onlar özlərini rus sayır, elə də davranırlar.
Bir acı gerçəklik də odur ki, bizim ölkəmizdə qarışıq nikahlardan doğulanların çoxu o tərəfə meylli olur. Bu, həm mürəkkəb və psixoloji məsələdir, həm də başqa söhbətin mövzusudur. Biz onları dinimizə, yanımıza gətirə bilmirik, böyük şairimiz Şəhriyarın “Getmə, tərsa balası” qəzəlində dediyi kimi, təlim edirlər, damənindən yapışıb kəlisaya, məzhəbi-İsayə gedirik.
03 Noyabr 2025
01 Noyabr 2025
30 Oktyabr 2025
28 Oktyabr 2025
26 Oktyabr 2025
24 Oktyabr 2025
22 Oktyabr 2025
20 Oktyabr 2025
18 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
11:11 Tolstoyu sın(ıx)dıran olay – asiyalı miqrantlara dil testi tələb edirdi, indi öz soydaşları...
13 Oktyabr 2025
10 Oktyabr 2025
08 Oktyabr 2025
06 Oktyabr 2025
04 Oktyabr 2025
01 Oktyabr 2025
29 Sentyabr 2025
26 Sentyabr 2025
24 Sentyabr 2025
22 Sentyabr 2025
21 Sentyabr 2025
19 Sentyabr 2025
18 Sentyabr 2025
16 Sentyabr 2025
14 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
09 Sentyabr 2025
07 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ