İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimləri pulla Avropaya yığırlar- Azərbaycandan kimlər...

Professor deyir ki, çox da güclü olmayan alimlər belə qısa müddətdə Avropada inkişaf edə bilər; “Alimləri bir şərtlə göndərmək olar, qayıdıb ölkəmizin inkişafına töhfə versinlər”

Avropa Komissiyası (AK) bütün dünyadan alimlərin Avropaya cəlb olunmasını təşviq edən proqramlara dəstək məqsədilə 500 milyon avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Sorbonna Universitetində “Avropanı seç” proqramını təqdim edərkən bildirib.

“Biz hər zaman çalışacağıq ki, alimlər öz seçimlərini Avropadan yana etsinlər”, - deyə o vurğulayıb. “Məmnuniyyətlə bildirirəm ki, Avropa Komissiyası 2025-2027-ci illər üçün 500 milyon avroluq bir paket ayırır. Məqsəd yeni alimləri Avropaya cəlb etməkdir”.

O, həmçinin qeyd edib ki, Aİ ölkələri 2030-cu ilə qədər elmi-tədqiqat və inkişaf sahəsinə ÜDM-in 3 faizinə qədər sərmayə yatırmaq səviyyəsinə çatmalıdır.

Alimləri pulla Avropaya yığırlar, bəs bizimkilərə Avropada ehtiyac varmı?

Qeyd edək ki, ABŞ, Çin, Kanada və digər inkişaf etmiş ölkələr də istedadlı alimləri cəlb etməyə çalışır. Avropa geri qalmaq istəmir və elm, texnologiya, innovasiya sahəsində qabaqcıl mövqeyini qorumaq istəyir. Alimlərin apardığı tədqiqatlar texnologiyaların inkişafına, sənayenin modernləşməsinə və nəticədə iqtisadi artıma səbəb olur. Yəni elmə yatırılan pul gələcəkdə daha böyük iqtisadi qazanc kimi qayıdır. Avropada doğum səviyyəsi aşağıdır və əhali yaşlanır. Gənc və enerjili beynəlxalq alimlər cəmiyyətin və universitetlərin yenilənməsi üçün vacibdir. O da qeyd edilir ki, elm azad düşüncəni, əməkdaşlığı və insan hüquqlarını təşviq edir. Alimlər vasitəsilə bu dəyərləri dünyaya yaymaq Avropanın ideoloji məqsədidir.

Zahid Məmmədov (iqtisadçı) — Vikipediya

 Zahid Məmmədov

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Avropa ilə Amerika arasında müqayisə aparsaq, Amerikada aparılan tədqiqatlar kitabxana üçün, Avropada aparılan tədqiqatlar isə adətən sənaye üçün nəzərdə tutulur. 60-cı illərdən sonra tədqiqatların sənayedə istifadəsi ilə bağlı Amerika önə çıxdı. Hazırda isə əksinədir - Amerikada aparılan tədqiqat işləri daha çox kitabxana üçün düşünülür, Avropada aparılan tədqiqat işləri isə sənaye üçün nəzərdə tutulur. Əlbəttə, Avropanın alimlərin cəlb edilməsi ilə bağlı belə bir qərar verməsi təsadüfi deyil - onlar bilirlər ki, cəmiyyətin rifahı və gələcək inkişafı elmdən asılıdır. Hansı ölkə elmə sahib çıxırsa, qüdrətli ölkəyə çevrilir.

Əvvəllər ölkənin iqtisadi gücü yalnız təbii resurslarla ölçülürdü. Lakin artıq bu anlayış keçmişdə qaldı. Biz bunun şahidiyik: heç bir təbii resursa sahib olmayan Cənubi Koreya bir vaxtlar yoxsulluq içində olsa da, 90-cı illərdən sonra dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Azərbaycan da elmə yönəlik strateji plan hazırlamalıdır. Hesablama Palatası araşdırmalıdır ki, xaricə göndərilən alimlərin neçə faizi orada qalır. Biz soruşmalıyıq: xaricdə qalan azərbaycanlı alimlərin ölkəmizin inkişafına hansı töhfələri var?

Məsələn, türkiyəli alim Əziz Sancar Amerikaya gedib, oradan da Türkiyəyə geri dönüb. O, Türkiyəyə və Özbəkistana səfərlər edir, türk gəncləri toplayıb aparır. Bu, çox vacib məsələdir: gedib öyrənmək və həmin bilikləri ölkədə tətbiq etmək. Çin niyə qalib gəldi? Çünki çinlilər başqa ölkələrdə öyrəndiklərini gəlib öz ölkələrinin inkişafına yönəltdilər. Çinin iqtisadiyyatının güclənməsinin əsas səbəblərindən biri də budur.

Mühit istənilən adamı yetişdirir. Məsələn, tanıdıqlarımız var ki, Avropa mühitində, Leninqradda, Moskvada çox da güclü olmayan alimlər qısa müddətdə inkişaf ediblər. Çünki mühit onları inkişaf etdirir - dövlət onları məişət problemlərindən azad edir. Elm və məişət problemi bir-biri ilə tərs mütənasibdir. Universitetin qarşısında bağça, məktəb - yəni alimi narahat edən bütün sosial infrastruktur həll olunub. Alimin inkişaf etməsi üçün mühit 70 faiz rol oynayır. Necə ola bilər ki, pakistanlı Pakistanda yox, gedib İngiltərədə qısa müddətdə aparıcı universitetin rektoru olur?

Düşünün, Əziz Sancar deyir ki, Amerikaya getməsəydi, Nobel mükafatı ala bilməzdi. Bizim ən böyük problemimiz budur ki, xaricdə olanlarla fəxr edirik, amma özümüzlə fəxr etmirik. Fəxr isə ölkənin iqtisadiyyatı və inkişafı üçün düşünməkdir. Maliyyə resursları elmi tədqiqatların əsasını təşkil etməlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR