İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düşündüm ki, yəqin düz yola gəlib, peşmandır” - Ramiz Mehdiyev haqqında ŞOK AÇIQLAMALAR

Fəzail Ağamalı: “O məktubda dövlətçiliyə ziyan vura biləcək bir kəlmə belə yoxdur, varsa, xalqdan üzr istəməyə hazıram”

Ağır ittihamlarla barəsində ev dustaqlığı seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi ən çox tənqid edənlərdən biri Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı olub.

Bugünlərdə mediaya verdiyi açıqlamalarda eks-deputat bir daha illər boyu keçmiş administrasiya rəhbəri ilə apardığı mübarizədən bəhs edib. Amma bir neçə gün sonra F.Ağamalının vaxtilə R.Mehdiyevə təbrik məktubu yazması ortaya çıxdı. Globalinfo.az saytı partiya sədrinin R.Mehdiyevə ünvanladığı məktubun mətnini yayıb. “Hörmətli, Ramiz müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, milli dövlətçiliyimizin güclənməsində göstərdiyiniz yorulmaz fəaliyyətdə uğurlar arzulayıram.

Ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşı kimi, ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması va möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyiniz ciddi xidmətlər Sizə ölkəmizdə böyük nüfuz qazandırmışdır.

Müasir dövrümüzdə ictimai fikir tarixinə, fəlsəfi baxışlar sisteminə bəxş etdiyiniz fundamental əsərləriniz Sizə, həm də görkəmli tədqiqatçı kimi, cəmiyyətimizdə sabnallı alim statusu qazandırmışdır. Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkam cansağlığı, məsuliyyətli va şərəfli işinizdə uğurlar diləyirəm", məktubda bildirilir. Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Maraqlıdır, vaxtilə Fəzail Ağamalını açıq şəkildə mübarizə apardığı R.Mehdiyevə təbrik yazmağa nə vadar edib? Partiya sədri bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Fəzail bəy, bugünlərdə sizin Ramiz Mehdiyevlə bağlı sərt tənqidi fikirlərinizdən sonra mətbuatda bir məktubunuz dərc olundu. 2018-ci ildə Ramiz Mehdiyevə məktub yazmısınız...

- Yubileylə bağlı.

- Bəli. Bu məktubun mətninin ortaya çıxması sizə təəccüblü gəlmədi ki?

- Təəccüblü göründü ki, bu məktub niyə indiki situasiyada yayıldı? Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin ciddi maddələrinə uyğun olaraq istintaq aparılır. Bu müzakirələrin gedişində Ramiz Mehdiyevin 2000-ci ilin əvvəllərində Azərbaycan dövlətinə qarşı fəaliyyətinə kəskin reaksiya verən və Moskvanın məkrli planını, məqsədini ifşa edən Fəzail Ağamalının birdən-birə həmin hadisədən 12 il sonra - əslində o məktub 2018-ci ildə yox, 2013-cü ildə, yubileyində yazılıb, təltifləri-zadları da var idi - yazdığı məktub yayılır. Mənə təəccüblü gəldi. Həmin dövrdə Ramiz Mehdiyevlə münasibətlərimiz niyə gərgin və kəskin oldu? Azərbaycan dövlətçiliyinin yad əllərə keçməməsi üçün. Dəfələrlə deyilib, bunu təkrarlamaq mənim üçün heç də xoş deyil, səhhətində yaranmış problemlərlə bağlı Ulu öndərimiz ölkədən kənardaydı, müalicə olunurdu. Onun komandasında kifayət qədər ciddi yer tutan Ramiz Mehdiyev Moskva ilə bərabər qarşıdan gələn prezident seçkisində, yəni 2003-cü ildə, bütün mənalarda özünü prezident hazırlayırdı. Həm Rusiya ilə, təbii ki, Rusiyanın müttəfiqi olan, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsini heç cür həzm etməyən İranla birgə məkrli, xain bir plan hazırlamışdılar. Azərbaycanı Rusiyanın forpostuna çevirmək üçün Ramiz Mehdiyevi hakimiyyətə gətirmək istəyirdilər. Mən bu planı ifşa etdim. Düşünürəm ki, xalqımızın, dövlətimizin qarşısındakı bu vətəndaş mövqeyim mənim tərcümeyi-halımın ən şərəfli səhifələrindən biridir. O zaman mən İlham Əliyevlə bağlı sosial-siyasi araşdırmalarla geniş təbliğat qurmuşdum, onunla bağlı 2003-cü ilə qədər 2 cildlik kitab buraxdım. Orada İlham Əliyevin siyasətinin bütün tərəfləri öz əksini tapdı. Həmin kitablarda İlham Əliyevə bir daha öz əsərləri, çıxışları, fəaliyyəti ilə ictimai rəydə ona olan və mütləq əksəriyyəti özündə ehtiva edən münasibətlərin mənzərəsini yaratdım.

- Ramiz Mehdiyevin planları ilə bağlı müvafiq qurumlara məlumat vermişdinizmi?

- Məlumat açıq şəkildə bildirilirdi. “Neytral” qəzetində, eyni zamanda “Yeni Müsavat” qəzetlərində bu barədə fikirlərim dərc olunmuşdu.

- Mətbuatı nəzərdə tutmurdum. İstintaqa məlumat vermişdinizmi?

- Yox. Ancaq mətbuat vasitəsilə. Başqa xətlə mən hər hansı addım atmadan bunu ictimailəşdirdim, gündəliyə gətirdim. KİV-də, o cümlədən sizin çalışdığınız “Yeni Müsavat” qəzetində bir aydan çox bu məsələlər müzakirə olundu. Yəni bu xain plan deşifrə olundu, ictimai rəydə ifşa olundu.

- Fəzail bəy, elə isə necə oldu, 2000-ci illərin əvvəllərində planlarından məlumatlı olduğunuz, dediyiniz kimi, ictimai rəydə ifşa etdiyiniz Ramiz Mehdiyevə illərdən sonra, 12 il fasilədən sonra belə bir təbrik məktubu ünvanladınız? Bunu necə başa düşmək olar?

- Mən nə üçün təbrik etdim? Çünki 2001-ci ildən sonar, 2003-cü ildə o, öz simasını gizlədərək, İlham Əliyevin prezidentliyinə qarşı çıxmadı. Heç bir yazısı, addımı, hərəkəti, davranışı ilə İlham Əliyevin prezident seçilməsi prosesinin əleyhinə getmədi, özünü ifadə etmədi. Əksinə, yazdığı kitablarda, söylədiyi nitqlərdə, davranışlarında özünü Ulu öndərimizin siyasi xəttinə, İlham Əliyevə sədaqətli kimi təqdim edirdi. Mən də düşündüm ki, yəqin artıq düz yola gəlib, etdiklərindən peşmandır, niyyətlərindən də əl çəkib. Yəni 2001-ci ildən 2013-cü ilə qədər bu adam açıq şəkildə, mənim, vətəndaşlarımızın bildiyi şəkildə dövlətimizin əleyhinə getmədi. Sadəcə olaraq, aparatın rəhbəri kimi tapşırıqları yerinə yetirdi, özünün məkrli niyyətlərini içində gizlətməyi bacardı. Bu, bir də 2020-ci ildə ortaya çıxdı. Yəni Prezident Sərəncamı ilə aparat rəhbərliyindən gedəndən və AMEA prezidenti təyin ediləndən sonra bu məkrli plan yenidən qaynadı. Akademiyada, özünün ofisində, özünün komandasında bildiyi, güman etdiyi adamları yığırdı - istəyir vəzifədən gedənlər, istəyir vəzifədə olanlar - onlara tapşırıqlar verirdi, dövlət içində dövlət yaratmağa çalışırdı, yenə də özünün ambisiyalarını ortalığa qoyurdu.

- O zaman siz yanıldığınızın fərqində oldunuzmu? 20 il əvvələ qayıtdınızmı?

- Bəli, 20 il əvvələ qayıtdım. Mənim “Yeni Müsavat” qəzetində çox ciddi bir yazım dərc olundu, o yazı ciddi rezonans doğurdu. Mən orada artıq Ramiz Mehdiyevə qarşı dövlətin, cənab Prezidentin yanında olan, Heydər Əliyevin siyasi irsinə sədaqət nümayiş etdirən, ona sadiq olan insanlara müraciət etdim. Ramiz Mehdiyevə qarşı bütün ictimai rəydə, mətbuatda yenidən çıxış etməli olduq. Çünki bunun planlarını alt-üst etmək lazım idi. O yenə də özünün məkrli planlarını alt-üst etmək üçün, bu dəfə ola bilsin ki, başqa bir formada hakimiyyətə gəlmək üçün komandasını ətrafına yığıb, yenə də çox qapalı şəkildə, çoxlarının - söhbət siyasi cameədən, mətbuatdan gedir - duya bilməyəcəyi halda, müəyyən bir planı yenə yerinə yetirməyə çalışdı. Daha sonra pandemiya dövründə Azərbaycan qanunlarını təpik altına ataraq, toy təşkil elədi, oraya insanlar yığdı, bu da mətbuatda getdi. Bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Nəhayət, son hadisələr və onun haqqında cinayət işinin qaldırılması. Bəlli olan odur ki, bu tip insanlar öz niyyətlərini gizlədə bilib, maskalanıb, öz fəaliyyətini başqa cür qura bilir.

- Fəzail bəy, Ramiz Mehdiyevə başqa təbrikləriniz varmı? Ola bilərmi bir az sonra onunla bağlı digər hansısa mətn də yayılsın?

- Yox. Əslində bu da mənim yadımdan çıxmışdı. Bu təbrik olub. Ola bilsin ki, haradasa bir jurnalist sual verib, demişəm, bəli, dövlətə xidmət edir. Ola bilər. Bu, faktiki olaraq mənim gəlmiş olduğum - indi səhvdir, düzdür, o məsələnin başqa tərəfidir - budur ki, bu, İlham Əliyevin yanında olduğu halda, gözə görünməyən bir formada içindəki niyyətlərini gizlədib, açıq şəkildə cənab Prezidentin siyasətini kitablarında təqdir, təbliğ edən, onu yüksək qiymətləndirən kitab müəllifi kimi özünü təqdim edirdi, eyni zamanda aparat rəhbəri kimi tapşırıqları yerinə yetirirdi.

- Əgər bu məsələlər ortaya çıxmasaydı, 90 illiyində də onu təbrik edəcəkdinizmi?

- Yox. Daha niyə təbrik göndərəcəkdim. Mən fikirləşməmişdim ki, onu bir daha təbrik edəcəyəm. Cəmi bir dənə 2013-cü ildə təbrik olub, o da mənim yadımdan çıxmışdı. Hamı kimi mən də bir təbrik məktubu göndərdim.

- Sizin adınızdan sosial mediada bəzi iddialar yayılır. Guya siz qızınıza, Milli Məclisin üzvü Günay Ağamalıya hansısa məsləhətlər vermisiniz və sair. Bu barədə nə deyə bilərsiniz?

- Sual verilib, qızım da cavablandırıb ki, atam bu cür məsələləri evdə müzakirə etmirdi, bu da mətbuatda gedib. Mən hər zaman övladlarıma demişəm ki, dövlətə, Ulu öndərimizə, onun siyasi kursuna, siyasətinə sədaqətlə qulluq etmək lazımdır, daim Prezidentimiz İlham Əliyevin yanında olmaq lazımdır. Bu tövsiyələri vermişəm, o da mətbuata bu barədə bildirib. Mən ictimai rəydə kifayət qədər fəallıq göstərən partiya sədrlərindən biriyəm. Azərbaycan dövlətçiliyinə qarşı hər hansı məkrli plan, onu zəiflətməyə çalışan, Ulu öndərimizin siyasi irsinə, cənab Prezidentimizin həyata keçirmiş olduğu siyasətə qarşı çıxanları özüm üçün qırmızı xətt hesab edirəm, birmənalı şəkildə. Ona görə bu məqamlarda susmağı özümə qəbahət bilirəm. Həm də susmağı bu cür məkrli planları olanların yanında olmaq kimi dəyərləndirirəm. İnandığım, araşdırıb, həqiqəti üzə çıxartdığım o faktlar ki dövlətin əleyhinədir, dövlətçiliyimizi zəiflətmək məqsədi güdür, Rusiyanın, İranın maraqlarına xidmət edir, hər zaman bunlara qarşı durmuşam, bundan sonra da durmaqda davam edəcəyəm. Bu, mənim həyat yolumdur, birmənalı şəkildə dəyişilməz fəaliyyətimin başlıca prinsipial mövqeyidir. Bu məktubların yazılması da tamamilə mümkün olan bir şeydir. Mən özümə hansısa bir şəkildə haqq qazandırmaq niyyətindən uzağam, kim necə başa düşür-düşsün. Lakin o məktub mənim niyyətlərimə zərrə qədər kölgə sala bilməz. O məktub mənim siyasi fəaliyyətimə zərrə qədər zərər verə bilməz. Çünki o məktubun özündə belə, dövlətçiliyimizə ziyan vura biləcək bir kəlmə belə yoxdur. Varsa, bu gün bütün xalqımdan üzr istəməyə hazıram.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR