Onlayn ictimai-siyasi qəzet
Mayın 15-də keçiriləcək İstanbul danışıqlarından fövqəladə gözlənti yoxdur. Ümumiyyətlə, ciddi nəticə əldə etməyə hesablanmış danışıqlar belə olmur, ona görə ki, Putin də sülh danışıqlarında səmimi deyil, Zelenski də. Biri ələ keçirdiyi və ya hələ də işğal edə bilmədiyi ərazilərin necə nəzarətində saxlamağın dərdindədir. O biri isə faktiki müharibəni uduzub, amma faydasız müqavimət göstərməklə məşğuldur.
Məsələn, Ukrayna tərəfi 30 günlük atəşkəsdə niyə israr etməsinə normal izahat verə bilmir. Eləcə də Rusiyanın guya 1 aylıq atəşkəs olsa, Ukrayna yenidən toparlanıb hücum edə biləcəyi iddiası məntiqli deyil. Həm də bu savaşda kritik nöqtəyə yaxınlaşmayınca, durdurmaq mümkünsüz kimi görünür.
Hindistan və Pakistanın niyə ərazi müharibəsində növbəti dəfə “dibə vura” bilməməsinin səbəbi aydındır. İkisi də dağıdıcı nüvə başlıqlarına sahibdirlər. Əgər Ukraynanın da belə bir hərbi təzyiq aləti olsaydı, nə Rusiya onun ərazisinə göz dikərdi, nə münasibətlər bu həddə gələrdi. Üstəlik, Ukrayna nə ABŞ-ın, nə Avropa Birliyinin əlaltı ölkəsi olardı, “özü öz göbəyini kəsərdi”.
İstanbula onlar gedəcək
Ukrayna lideri “Putin məndən qorxur, ona görə İstanbulda görüşmək istəmir” deyəndə çətin ki, özü özünə inana. Putin işğalçı tərəfdir, tutaq ki, bu Rusiya prezidentinə üzbəüz oturanda bir az diskomfort yarada bilər, amma onun Zelenskiyə və onun dəstəkçilərinə deməyə sözü var axı... Bu müharibənin necə başlamasını Zelenski yaddan çıxara bilər, amma Putin onu bu bəlaya salan prosesi ömrü boyu unutmaz.
Biz işğalçı tərəflə- Köçəryanla, Sərkisyanla və Paşinyanla danışıqlar masasına oturmuşuq, Zelenskini bu mənada başa düşmək də olar. O masada heç kim bizim sözümüzü demirdi, hamı işğalçının tərəfini tuturdu. İndi Ukrayna danışıqlarında tam əksidir. Amma biz düşmənə heç vaxt bizdə gunah axtaracaq bəhanə verməmişdik. Putinin isə belə bəhanələri çoxdur, ona görə inanmıram belə masa qurulsa, Zelenski özünü qalib kimi hiss edə bilsin. Məncə, “gəlirəm İstanbula, təkbətək görüşək” kimi çağırışlar ciddi deyil. Üstəlik, Putinin “suyu üfürə-üfürə içdiyi” zamanda Türkiyəyə gəlməyəcəyi məktəbliyə də bəllidir. Bu cür söz oyunları taleyüklü və bütün dünyanın diqqət etdiyi danışıqlara kölgə salır, gərəksizdir.
2022-ci ilin yazında İstanbulda Ukrayna ilə danışıqlarda nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edirdi. Medinski indi Yazıçılar Birliyinin sədridir və siyasətdən uzaqlaşıb. Müharibənin ilk aylarında Medinskinin rəhbərlik etdiyi heyət İstanbula Rusiyanın bəzi şərtləri ilə getmişdi. Təxmini xatırlamağa çalışsaq, idiki tələblərdən çox da fərqlənmirdi.
1)Ukraynanın NATO-ya üzvlükdən imtina etməklə neytrallığı; 2) Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları; 3) denasifikasiya ; 4) rus dilinin Ukraynada geniş istifadəsini yasaqlayan maneələrin aradan qaldırılması; ) Kiyevin Krımın ilhaqını və iki qondarma “respublikanı” tanıması… İndi bəzi tələblər aktual deyil, məsələn, rus dili və ya denasifikasiya çoxdan xatırladılmır. Amma əvəzində indi Rusiya daha çox əraziyə nəzarət edir, dörd vilayətin tanınmasını tələb edir və s. Rusiyanın bu tələblərini elə o zamanda necə deyərlər, bir qab balla da həzm etmək çətin idi, amma nə yazıq ki, Ukraynanın üzləşdiyi indiki reallıq daha ağırdır.
İstənilən halda, məsələn, mövqeləri 2022-ci ilin yazından iki dəfə daha çox zəifləmiş Ukrayna Rusiyanın şərtlərini tələsik qəbul edilə bilməz. Məsələn, nəinki ərazi güzəşti, neytrallıq və silahsızlaşma da mütləq ölkə konstitusiyada əks olunmalıdır. Bunu əlbəttə ki, hüquqşünas olan Putin də bilir. Yəni bu şərtləri yerinə yetirmək, İstanbulda “hə, razıyam” deməklə həll olunası iş deyil. Trampın bu danışqlarda iştirak etmək istəyi səmimi ola bilərdi, amma görünür, məsləhətçiləri ona dedilər ki, bu qədər “yüngülsaqallıq” lazım deyil. İstanbulda istənilən halda anadolular demiş, “kaybedən olmayacaq, amma kral(Tramp) kaybedersə...”
Türkiyə Ukrayna böhranında əvvəl gündən doğru mövqedədir və diplomatik səyləri də dünyada səmimi qiymətləndirilir. 2022-ci ilin aprel-martında tərəflər danışıqlarda ortaq nöqtəyə gələ bilməsələr də, iyun ayında məhz Türkiyənin diplomatik səyləri nəticəsində o vaxt çox mühüm olan “Taxıl razılaşması” imzalandı. Türkiyə əslində, bunu BMT-nin iştirakı olmadan da edə bilərdi, amma Kiyevin Qərbdəki məsləhətçiləri Ankaranın və Prezident Ərdoğanın uğurundan qarın ağrısına düşdülər. Kiyev gözlənilmədən, Türkiyənin diplomatik cəhdlərinə BMT-nin də qoşulmasını istədi, Ankara da buna razılaşdı. Bundan sonra da Türkiyə bu savaşda barışdırıcı xətt yeritməyə davam etdi. Əks təqdirdə, indi İstanbul yenidən görüş yeri kimi seçilməzdi.
15 may danışıqları üçün göstərilən diplomatik səylər əlbəttə ki, Türkiyəyə əlavə xallar da gətirəcək. Bunu İstanbuldakı 2022-ci il müzakirələrində də yazmışdım, yenə də inanıram ki, dünyanın canını boğazına yığmış bu müharibənin başa çatması barədə tarixə keçəcək sənəddə mütləq Türkiyənin və İstanbulun adlarını görəcəyik...
Nazim SABİROĞLU,
Musavat.com
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ